29Avq
1976-cı il. 22 iyun! Mən ilk dəfə doğma diyarımız olan Kəlbəcərə–Uca Tanrının bizlərə bəxş elədiyi möcüzənin–misilsiz müalicə ocağı – İstisuyun görüşünə gedirdim. Günəş şəfəqlərini yaymağa başlayanda mən artıq Ağdərəni keçmişdim. Heyranlıqla sağa-sola baxa-baxa təbiətin mənzərələrini seyr edirdim. Heyrətdən yanaşı əyləşdiyim yol yoldaşımla tanış olub ünsiyyət qurmağı da unutmuşdum. Maraqlı mənzərələr bir-birini əvəz edirdi. Sərsəng yolu, günəş işığına “tamarzı” dərələr, yaşıllığıyla göz oxşayan meşələr, axını ipə-sapa yatmayan Tərtər çayı… təbii ki, bu yerləri ilk dəfə görən hər kəs heyrətlənməyə bilməz. Avtobus irəlilədikcə daha maraqlı mənzərələrin şahidi olurdum, sıldırım qayaların vahiməli duruşunu gördükcə sanki indicə uçacağını zənn edirdim. Nəhayət, günorta olar-olmaz mənzilə çatmışdım. İstisuyun xoş təsir bağışlayan təbiətindən, saya gəlməz qədər əhalinin məmnunluğundan, qeyri millətlərin də bu ocağı tanıyıb istirahət və istifadə etmələrindən qürurlanmışdım.
Qısaca olaraq ürəyimdən bu misralar gəlib keçmişdi:
İstisu–yurdumun gözəl neməti,
Məğrur Dəlidağın səfasısan sən.
Bir yol qonaq olan unutmaz qəti,
Çünki milyonların şəfasısan sən.
* * *
Növbəti dəfə 1984-cü ilin 25 avqust tarixində yaddaşımda silinməz izlər qoymuş, qəlbimdə xoş xatirələrlə qalmış qocaman ulu dağların görüşünə gedirdim. Səfər çantamda iyirmiyə yaxın şeir kitabı aparırdım. Darıxmayım deyə mənimlə gedən “dostlarımın” sırasında şeirlərini sevə-sevə oxuduğum Sabir Rüstəmxanlının “Xəbər gözləyirəm”, “Gəncə qapısı” və “Sağ ol, ana dilim” kitabları da var idi.
Görüşə təxminən bir saatdan artıq vaxt qalsa da, xəyalım artıq Dəlidağın zirvələrini dolaşırdı. Mənzilə çatmağa səbri çatmayan həvəskar qələmim bəzi təsvirləri nəzmə düzməyə başlamışdı: Daha ətraflı »
19İyl
(Müasir toy müşahidələrimiz)
Nə söz Bisütundu, nə qələm külüng,
Nə də sən Fərhadsan, azca oy, şair.
Vərdişli alqışa, saxta tərifə
Söykənib özünə vermə boy, şair. |
Dolan qədəhlərin “cəngi” tamaşa, –
Bənzər sel ağzında toqquşan daşa.
“Lambada” xoş gəlir dumanlı başa,
Sözə toy tutandı indi toy, şair. |
Şeirdə ürəyin, özün yoxdusa,
Hədər tüstülənmə közün yoxdusa.
Sərxoşu ayıldan sözün yoxdusa,
Yorma ayıqları, nöqtə qoy, şair. |
Dastanlarla getdi, dönməz o çağlar,
Meydanda küşk tuta çılğın qoçaqlar.
Karvanın üstünü ala qaçaqlar,
Öyülə ər igid, yaxşı soy, şair. |
Toyda pərgarlığı eyləmə peşə,
Şərab göz ağarda, söz taxtdan düşə,
Sözü qoy xurcuna, kababdan döşə,
Toya “doy” deyiblər, sən də doy, şair. |
|
28İyn
Asif Talıboğlu Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulub. Hazırda rayonumuzda Yeni Qəsəbədə yaşayır. Onun şeirləri “Yeni Tərtər” qəzeti ilə yanaşı, müxtəlif ədəbi almanaxlarda və digər bölgə qəzetlərində çap olunub. Aşağıda Asif Talıboğlunun bir neçə şeirini oxucularımıza təqdim edirik.
Gəl qəbrimin üstünə
Sağlığımda görüşümə gəlmədin,
Barı hərdən gəl qəbrimin üstünə,
Bir vaxt mənə oğrun baxan gözlərin,
Qoy axıtsın sel qəbrimin üstünə. |
Demirəm ki, fəryad qopar, ya nələr…
Asif deyər bir pıçıltın bəs edər,
Bəlkə ruhum rahatlanar, dincələr,
Gəzdirərsən əl qəbrimin üstünə. |
Sənə olan saf eşqimin xətrinə,
Səni yazdım hər şerimin sətrinə,
Yaraşdırıb saçlarının ətrinə,
Qoy bir dəstə gül qəbrimin üstünə. |
|
12Mar
Göyçə sərvətlərimizdən)
Budur ana təbiətin oyanış fəsli olan baharın – folklorçuların əzbərində, aşıqların sazının tellərində, xanəndə və müğənnilərin avazında vəsf olunan, neçə-neçə qədim ənənələriylə cavanların əhvalına şuxluq qatan nazlı baharın mübarək qədəmlərinin sədaları duyulmaqdadır. Gəlişiylə təbiətə gözəllik, ürəklərə hərarət, zəhmətkeş insanlara həvəs gətirən baharın, zaman-zaman yaradıcı aşıq və şairlər tərəfindən şəninə sayagəlməz qədər biri-birindən gözəl şeirlər söylənən, nəğmələr oxunan baharın sədalarıdır bu sədalar.
İlıq nəfəsiylə təbiəti canlandıran yazın tərənnümündə Göyçə ədəbi mühitində yetişmiş ustad sənətkarların da zövqləri oxşayan inci düzümləri az olmamışdır. Onlardan biri də qüdrətinə, istedadına, nüfuzuna, şöhrətinə “savadsızlığına” xeyli “savadlıların” həsəd apardığı Dədə Ələsgərdir. Onun yaradıcılığı kamil ustad və müdrik ağsaqqal olmasından xəbər verir.
Ancaq biz onun şeirlərində baharı vəsf edən bəzi məqamları bu baharın gəlişinə töhvə olaraq istəkli oxucuların diqqətinə təqdim edirik:
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar,
deməklə, əsasən baharın zinətlərindən zövq alan aşıq qoynunda boya-başa çatdığı dağların, gəzdiyi yaylaqların tərənnümündən doymazmış.
Ələsgər köynəkdən çıxarsın sazı,
Yenə cuşa gəlsin eşqi, avazı.
Tərifləsin allı-yaşıllı yazı,
Unutma bu böyük kamalı, yaylaq, Daha ətraflı »
20Fev
2023-ci ildə Tərtər rayonunda 284 milyon 635.0 min manat həcmində və ya 2022-ci ilə nisbətən 8.4 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 74.5 faiz, xidmət sahələrinin xüsusi çəkisi 25.5 faiz təşkil edir.
İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 28 milyon 680.7 min manat (10.1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 114 milyon 33.5 min manat (40.1 faiz), tikintidə 69 milyon 442.4 min manat (24.4 faiz), nəqliyyat və anbar təsərrüfatında 2 milyon 131.6 min manat (0.7 faiz), informasiya və rabitədə 879.8 min manat (0.3 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 69 milyon 467.0 min manat (24.4 faiz) təşkil etmişdir.
Ümumi məhsul buraxılışı kənd təsərrüfatında 8.0 faiz, tikintidə 29.1 faiz artmışdır.
Yeni ismarıclar