Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Okt
    Ədəbiyyat EL ŞAİRİ MƏZAHİR DAŞQININ YARADICILIĞINDA DİYARŞÜNASLIQ üçün şərhlər bağlıdır

    Bütün həyatı boyu narahat ömür yaşasa da, gəncliyinin ən gozəl çağlarını sürgünlərdə, əsir düşərgələrində keçirsə də, bu didərgin şairin də doğulub boya–başa çatdığı eli–obası, daima onu öz qucağına səsləyən yurd-yuvası olub. O yurd qocaman Tərtər çayının zümzüməsini hər an eşidən, onun büllur kimi saf və təmiz suyundan cənnətə dönən Tərtər rayonunun Borsunlu kəndidir. Məzahir hələ kiçik yaşlarından el sənətkarlarının sözlərini, ustad sənətkarların qoşduqları nəğmələri məharətlə ifa edir və kəndin savadlı, xalq yaradıcılığını gözəl bilən insanların diqqətini cəlb edərdi. Bütün bunlar onun yazmaq, yaratmaq eşqini həvəsini artı-rardı. Hətta onun istedadı xal-qımızın əvəzolunmaz şairi Səməd Vurğunun da diqqətindən kənarda qalmamış və ömrünün sonuna qədər şair ona oz köməyini əsirgəməmişdi. Hətta S.Vurğun dostu A.Fadeyevlə birgə Daşqının dalınca Sibirə dedib çıxmışdır. Bu da şairin Daşqına verdiyi ən böyük qiymət və onun istedadına inamından irəli gəlirdi.
    Ömrü boyu dinclik, rahatlıq, azadlıq və həqiqət axtaran şair çox kəşməkeşli və haqsızlıqlarla dolu bir ömür yaşamışdır. Bütün bunlara baxmayaraq şair gələcək nəsillərə xalq yaradıcılığından qaynaqlanan bir əbədi irs qoyub getmişdi. Şairin hələ də xalq içərisində ağızdan-ağıza yayılan və yazıya alınmayan düzüb qoşduqları toplanmasa da, əlimizdə kifayət qədər yaradıcılıq nümunələri var. Bu da şairin yaradıcılığı haqqında ətraflı danışmağa imkan verir. Onun aşıq şeirinin qoşma, gəraylı, təcnis, divani və s. janrlarında yazdığı əsərləri diqqəti daha çox cəlb edir. Şairin dili çox sadə, anlaşıqlıdır. Odur ki, əsərləri tez yadda qalır, çünki əsl xalqın başa düşəcəyi bir dildə yazılıb. Mövzu baxımından da Daşqın yaradıcılığında rəngarənglik çox güclüdür. Bu da şairin zəngin istedada və geniş dünyagörüşə malik olmasından irəli gəlir. Onun hansı mövzuda, hansı janrda yazmasından asılı olmayaraq bütün əsərlərində şairin ürək çırpıntılarını hiss edirik. Onun Vətəni, eyni zamanda vətənimizin gözəlliklərini tərənnüm edən əsərləri diqqəti daha çox cəlb edir. Azərbaycanımızın dağı-aranı, kəndi-şəhəri, çayı-gölü öz bədii ifadəsini Daşqın yaradıcılığında çox gözəl tapmışdır. Daha ətraflı »

  • 09Sen
    Ədəbiyyat Unudulmayanlar üçün şərhlər bağlıdır

    ƏZİLƏN VƏ SEVİLƏN ŞAİR

    Diqqət eylə, yaxşı tanı, gör necə bəşər mənəm,
    Ələsgərdən dərs almışam, sinəsi dəftər mənəm.

    Borsunlu Məzahir Daşqın yaradıcılığı ilə yaxından tanış olan hər bir kəs şairi bu iddiada haqlı sayır.
    Mükəmməl şeir sənətkarı olan şair rəvan təbiylə, inci tək düzdüyü misraların sığalıyla, hər mövzuya uyğun ifadə seçimiylə, hikmətli ustad tövsiyəli deyimləriylə xalqın qəlbində silinməz xatirəyə dönüb, ruhlara hopmuşdur.
    Şairin yaradıcılığı yalnız Vətən və məhəbbət şeirləriylə kifayətlənmir. Yaşadığı dövrdə baş verən hər bir hadisəni – müharibəni, kəskin repressiyaları, ədalətsiz qanunları tarixə çevirməyi özünə vətəndaşlıq borcu bilən Məzahir Daşqın şeirlərinin çoxunda gileyi, narazılığı xüsusi olaraq fələyin hökmü ilə bağlayır.
    Deyim tərzindən aydın görünür ki, taleyinə məşəqqətli illər yazılan şairin gəncliyi istedadların və vətənpərvərlərin “xalq düşməni” kimi ağır ittihamla ləkələnməsini, sonralar həyatı boyunca bu təqiblərin müxtəlif variantlarla davam etdirilməsindən yorularaq zalımların, qəddarların, repressiya cəlladlarının surətini “Fələk” obrazında göstərmişdir. Daha ətraflı »

  • 19May
    Ədəbiyyat ANA HƏSRƏTİ üçün şərhlər bağlıdır

    Vərdiş eləmişdim hər gün. Qəzet köşkü iş yolumun üstündə olduğundan, hərdən maraqla oxuduğum qəzeti alıb, iş vaxtı başlayana qədər gözdən keçirirdim. Xüsusilə qəzetin bədii səhifəsini açıb, maraqlı yazıları, şeirləri oxuyurdum.
    Qəzetin bugünkü nömrəsində tanış imza gördüm. Ara-sıra müəllifin yazılarını oxuyurdum. Yazının başlığı məni cəlb etdi. Başlığın adı “Ana həsrəti” idi. Oxudum, çox mütəəssir oldum. Yazdığı onun uşaqlığı idimi? Bilmirəm. Amma mənim nisgilli keçirdiyim uşaqlığıma bənzər bir yazı idi. Sən demə, oxşar sifətlər kimi oxşar talelər də varmış.
    “Ana həsrəti” belə başlayırdı: “Axşam günəşi kimi mən də qüruba əyilirəm. Qürubda qara buludlar görünür. Köç karvanı yol üstədi. Mənzil başına nə vaxt çatar? Onu Allah bilər. Qabaqda gedənlər var. Bu yolun uzunluğu kilometrlərlə yox, zamanla ölçülür. Uzun bir növbə var. Növbə yaşa görə deyil. Nizamsız-intizamsız bir növbədir. Bu növbədə özümdən kiçiklər də, uşaqlar da qabağa keçir. Nə deyəsən? O da bir alın yazısıdır. Allah məndən öndəkiləri qorusun. Növbəm çatanda yolum sən tərəfədir, Ana! Nə vaxt çatacağımı bilmirəm. Məni düşündürən odur ki, məni tanıya biləcəksənmi? Sən 32 yaşlı gənc bir qadın, mən 80-ni haqlamış, saçları ağarmış, üzündə hər ildən bir naxış qalan, yerişi yavaşıyan biri…” Daha ətraflı »

  • 08Apr
    Ədəbiyyat ƏGƏR YAŞASAYDI üçün şərhlər bağlıdır

    Yaşasaydı, aprelin 5-də 72 yaşını qeyd edəcəkdi, dostlarını, onu sevənləri başına toplayacaqdı. Ancaq təəssüf ki, qismət olmadı.
    Bu gün işlədiyi kollektiv onun ad gününü onsuz qeyd edir.
    Tofiq Yusiflə bağlı xatirələrini yada salır. Bütün çılğınlığı, əsəbi, kövrəkliyi ilə yaddaşlarda qalan şairi anır. Bütün xarakteri ilə birgə hamı tərəfindən qəbul edilmiş insan idi Tofiq müəllim.
    Gülləri çox sevərdi, yazın ilk müjdəçisi olan bənövşəyə neçə-neçə şeir həsr etmişdi. Bəlkə də baharda dünyaya gəldiyi üçün belə sevərdi gülləri.
    Hərdən hirs-hikkəsinin əsiri olanda sonra üzrxahlıq edərdi, ki, əsrin ən dəbdə olan xəstəliyidir də, şəkərəm, özümdən asılı deyil. Mən də zarafatca: “Sizdə nə xəstəlik olsa inanardım, tək şəkərdən başqa”, – deyərdim, ürəkdən gülərdi.
    Və bir də həmişə yuxuda öləcəyini deyərdi, vaxtsız dünyasını dəyişmiş Arazı-na, Yusifinə qovuşmağa tələsərdi. Hərdən “mən uşaqlardan sonra bu qədər yaşayacağımı bilməzdim,” deyərdi, qəhərlənərdi.
    Titullarını saymağı sevərdi, otağında ona verilmiş təltiflərə ayrıca guşə ayırmışdı, işinə bağlı insan idi, kəsərli qələmi, hər kəsə tutarlı cavabları var idi.
    Bu gün onun ad günündə onun haqqında öz istədiyi kimi yazı ilə “Yeni Tərtər” qəzetinin sabiq redaktoru, şair-publisist Tofiq Yusifi anmağı özümə borc bildim. Daha ətraflı »

  • 31Mar
    Ədəbiyyat Xurşidbanu Natəvan-190 üçün şərhlər bağlıdır

                                              XALQA MƏHƏBBƏT NÜMUNƏSİNƏ ÇEVRİLƏN HƏYAT

    QƏRƏNFİL
    Xurşidbanu Natəvan                                                                                                                     

    Səni kimdir sevən bica, qərənfil?

    Sənə mən aşiqi-şeyda, qərənfil!

    Səni gülşən ara aşüftə gördüm,

    Yəqin bildim tutub sevda, qərənfil!

    Belə pəjmürdə hal ilə durubsan,

    Düşər güllər əra qovğa, qərənfil!

    Driğa kim, vəfasızdır bu gülşən,

    Gedər bu tələti-ziba, qərənfil!

    Üzündən pərdeyi-nazın kənar et!

    Unutma aşiqi, haşa, qərənfil!

    2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəcilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır”.
    Natəvan yaradıcılığa təxminən XIX əsrin əllinci illərindən başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, müasirləri arasında əlyazma şəklində yayılmışdır. Füzulidə olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmışdır.
    Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü Yekta”, xalq arasında isə “Xan qızı “ ləqəbi ilə çağırılmışdır. Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Bir sənətkar kimi yetişməsində Natəvanın mənsub olduğu ədəbi mühitin rolu az olmamışdır. Həyat yoldaşı Xasay xanın qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun dörd-beş ilə yaxın Tiflisdə yaşaması onun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. Daha ətraflı »

  • 18Mar
    Ədəbiyyat POEZİYA VƏ BAHAR üçün şərhlər bağlıdır

    Möhtəşəm Beynəlxalq Poeziya Gününün baharın ilk günündə qeyd olunması səbəbindən bu başlığı seçdim. Bu bayramlar münasibətilə təbiət vurğunu olan şair xalqımızı təbrik edirəm.
    Ədəbiyyatımızın incilərindən olan poeziyanın sirli aləminə daldıqca oxucuda istər-istəməz bir sual yaranır: Poeziya nədir?!
    Bəzi mənbələrə görə poeziya “danışan rəsmlər” deməkdir. Poeziya bir fikrin nəzmlə deyilməsi, şairanə tərzdə çatdırılma vasitəsidir.
    Klassik şairlərin dünya arxivlərində qorunub saxlanan irsləri (kitablar və ya əlyazmalar) qədim dövrlərin cərəyanını təhlil etməkdə tarixçilərin ən yaxın bələdçiləridir. Şairlərin qüdrətiylə, qiraətçilərin obrazlı diksiyalarıyla, xa-nəndələrin məlahətli, şirin avazlarıyla ruhumuzu cilalayan, zövqümüzü oxşayan, mənəviyyatımızın tələblərini təmin eləyən də poeziya ecazkarlığıdır.
    Poeziyanın cazibəsi və sirri olduqca düşündürücüdür. Çünki, insanlar istər sevinəndə, istər qəmlənəndə, istərsə sevəndə özlərini daha çox poeziyada tapırlar. Şeriyyət ən çox bahar fəsli ilə yaxın, hətta mən deyərdim doğmadır. Bahar qədər tərənnüm olunan, vəsf edilən fəsil yoxdur. Musiqi ilə vəhdət yaradan şeirlər qışda da bahar təravətli olur.
    Mənim fikrimcə, zaman gələcək, fəsillərin bitib yenidən başlanmasını, təbiətin oyanmasını bütün Yer kürəsi “Yeni il” kimi qeyd edəcəkdir. O zaman bu əlamətdar günün adı “Poeziya və bahar” günü olacaqdır. Daha ətraflı »

  • 31Yan
    Ədəbiyyat Payız meşəsinə yarımçıq məktub üçün şərhlər bağlıdır
    Ey payız meşəsi, xoş gördük səni!
    Ey könül həmdəmim, uzaqdan, salam!
    Ruhu asimanda, özü Vətəndə,
    Qəlbi sinəsində dustaqdan, salam!
    Palıdlar, cökələr, ağcaqayınlar
    Cevizlər, fıstıqlar, vənlər necədir?
    Yəqin dağdağanlar yenə qayğılı,
    Yəqin ki, çinarlar yenə ucadır…
     

    Hüsnündə gəzdimi Tanrı fırçası,
    Aləmi sardımı dilsiz bir heyrət?
    Hər yarpaq bir alov,bir od parçası,
    Özü möcüzədir ana təbiət.

     

    Durur xatirəmdə hər cığır, hər iz,
    Sinəmdə həsrətdən dağlar ucalır.
    Orda gözü yolda qalmısınız siz.
    Burda Meşəbəyi Zeynal qocalır.

     

    Başının üstündən durna qatarı
    Vida nəğməsiylə uçub getdimi?
    Qəflətən qopan bir payız rüzgarı
    Töküb yarpaqları xəzan etdimi?

     

    Qeyrətim olaydı, qaçıb gələydim,
    Dəyəydi sinəmə düşmən gülləsi.
    Sənin torpağını qucub öləydim,
    Dilimdə sonuncu “şükür” kəlməsi.

     

    Dərin dərələrdən süzülüb gələn
    Xəzəlli suların döndümü bala?
    Elatı perikən, ovçusu ölən
    O dağlar qaldımı yenə marala?

     

    Qanım çilənəydi al xəzəllərə,
    Tökdüyüm günahsız cüyür qanı tək.
    Ağaclar başıma fırlanaydılar,
    Fələyin amansız dəyirmanı tək.

     

    Misilsiz, qənirsiz meşə gözəli
    O ulas dururmu Almalı Şişdə?
    İstidə, quzeydə yatırmı əlik,
    Güneydə bənövşə bitirmi qışda?

     

    Hıçqırıb yuxudan qalxaydı gülüm,
    Anam yuxusunu qarışdıraydı.
    Vətən torpağında bəxtəvər ölüm,
    Məni taleyimlə barışdıraydı
                                                             Zabil Süleymanoğlu

  • 19Yan
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

                                                        16 yaşlı şəhid Orxanın xatirəsinə

                                                                         Şəhid bulağı

    Bir şəhid bulağı var kəndimizdə,
    Suyu göz yaşı tək duru, təmizdir.
    Bir Orxan balamız yatır cənnətdə,
    Ona ucaldılan abidəmizdir
    Bir şəhid bulağı var kəndimizdə,
    Bir şəhid körpənin adın daşıyır.
    Orxanın yeri var ürəyimizdə
    Bax beləcə, ürəklərdə yaşayır
    On altı yaş nədir, bir körpə yaşı.
    Ürəkləri yandıracaq, yaxacaq.
    Bax bir abidədir bu məzar daşı
    Orxandan yadigar bizə qalacaq.
     

    Kor olsun düşmənin görən gözləri
    Orxan bir gül idi, saraldı soldu.
    Deyə bilmədiyi ürək sözləri,
    Məktəbli arzusu yarımçıq qaldı.

     

    Bulağın suyundan içək, a dostlar.
    Orxanın şərbəti, şirin çayıdır.
    İçib rəhmət deyib keçək, a dostlar,
    Balaca Orxanın ehsan payıdır.

     

    Bu şəhid bulağından için doyunca
    Ürəklərə qədər getsin, dayansın
    Vətən haray çəkib “qalxın”deyincə
    Ürəkdə Vətənə sevgi oyansın.
                               

                               Rəhman Mürsəlov,
                                        Xoruzlu kəndi

  • 19Yan
    Ədəbiyyat Ulu söz, başın sağ olsun! üçün şərhlər bağlıdır

    Əsil ziyalı ömrü yaşamış Tofiq Yusifin doğmalarına, əzizlərinə, bu ayrılıqdan üzgünlük çəkən hər kəsə başsalığı verərək, Allahdan səbr diləməklə yanaşı, bir havadarını da itirmiş İlahi sözə, Müqəddəs sözə, Ulu və Uca sözə də “başın sağ olsun” deyirəm.

    Qədər yenə səni seçdi,
    İtirdiyim birdi, üçdü?
    Bir havadarın da köçdü,
    Ulu söz, başın sağ olsun.
    Sözü pir tək öyən getdi,
    Sözlə şəri döyən getdi.
    Tofiq kimi yiyən getdi,
    Ulu söz, başın sağ olsun.

     

    Əsrlər gəlib ötəcək,
    Sözü çox dillər ötəcək.
    Solan çətin ki, bitəcək.
    Ulu söz, başın sağ olsun.
    Düşdün daha gen, itirdin.
    Doğmasıyla tən itirdin.
    Həm bəşər, həm sən itirdin,
    Ulu söz, başın sağ olsun.
    Ruha söz əkəniydi o,
    Haqq sözə təkanıydı o.
    Söz qəhri çəkəniydi o,
    Ulu söz, başın sağ olsun.
    Dost itkisi elə əyir,
    Matəmə qərq olur şeir.
    Talıb bu ağıyla deyir:
    Ulu söz, başın sağ olsun.
                                      Talıb Məmmədli
  • 29Dek
    Ədəbiyyat “NİZAMİ GƏNCƏVİ İLİ”BAŞA ÇATIR üçün şərhlər bağlıdır

                                                                      POEZİYA DÜNYASININ PEYĞƏMBƏRİ

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz Gəncədə ərsəyə gətirmişdir.
    Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılardan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin əsərləri miniatür sənətin inkişafına da təkan vermişdir.
    Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Daha ətraflı »