Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,462
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek
    Şəhidlər Mülki şəhidimiz üçün şərhlər bağlıdır

    Ailəsi ilə görüşməyə gedirdi, artilleriya mərmisinə tuş gəldi

    Həsənov Zabil Məhəmməd oğlu 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin ermənilər tərəfindən işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşıb. Bu kənd atəşkəs dövründə, Aprel hadisələri zamanı dəfələrlə düşmən artilleriyasının hücumlarına məruz qalıb, şəhid verib, insanlar əlil olublar.
    Vətən müharibəsinin ilk günlərindən Həsənqaya kəndi düşmənin hədəfinə çevrilmişdi. Dinc sakinlərin burada qalması təhlükəliydi. Zabil də həyat yoldaşını və üç övladını – İlkini, Nahidəni, Təmkini Bərdəyə göndərib, özü evlərində qalmışdı. Təsərrüfat işləri ilə məşğul olurdu.
    Zabilin Həsənqaya kəndində qalmaqda məqsədi ön cəbhədə əsgərlərimizə yaxın olmaqla, kömək etmək idi. Sonralar bu faktı orada xidmət edən əsgərlər danışırdılar.
    Oktyabrın 1-də o, bazarlıq edib uşaqlarına baş çəkməyə hazırlaşmışdı. Şəhərimizin köhnə avtovağzal deyilən ərazisində maşın gözləyirdi. Bu zaman Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisinin qəlpələri dəyməsi nəticəsində şəhid olub.
    Elə həmin gün Bəyimsarov kənd qəbiristanlığında dəfn olunub.
    Erməni terrorunun növbəti qurbanı olan Zabil Həsənovun da qanı yerdə qalmadı. Düşməndən fərqli olaraq, Azərbaycan Ordusu onların cavabını hərb meydanında verdi.
    Bütün şəhid ailələri kimi, Həsənovlar ailəsi də dövlətimizin qayğısı ilə əhatə olunub.

     

  • 29Dek
    Şəhidlər Tabeliyində olan şəxslərə örnək olan komandir üçün şərhlər bağlıdır

    Məmmədov Elcan Zöhrab oğlu 1989-cu ildə Tərtər rayonunda anadan olub. 1996-cı ildə Bakıxanov qəsəbəsindəki 96 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2007-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Elə həmin il Poltexnik Universitetinə qəbul olub. Universiteti bitirməyinə bir il qalmış, 2010-cu ildə ailə qurub.
    2011-ci ildə universiteti bitirib və hərbi xidmətə yola düşüb. Müddətli həqiqi hərbi xidmətini Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki “N” saylı hərbi hissədə başa vurub və Bakıya, ailəsinin, valideynlərinin yanına qayıdıb.
    2013-cü ildən Elcan tikinti şirkətində təhlükəsizlik xidməti rəisinin köməkçisi vəzifəsində çalışıb. Elə həmin ilin aprel ayının 2-də Ayan adlı qız övladı dünyaya gəlib. Bir ata kimi Elcanın sevincinin həddi-hüdudu yox idi. 2015-ci il iyulun 2-də onun 2-ci övladı Ramal həyatına sonsuz bir sevinc bəxş edib.
    2018-ci ildə Elcan Məmmədov xüsusi kurs keçərək leytenant hərbi rütbəsi alıb və Daşkəsəndəki “N” saylı hərbi hissədə işə başlayıb.
    Elcan Məmmədov 2020-ci ilin 12-15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonunda baş verən Tovuz döyüşlərində savaşıb.
    Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib.
    Bu döyüşdə yaralansa da, yoldaşlarının təkidinə baxmayaraq, geri qayıtmayıb, deyib:
    –Boş şeydi, mən yaralanım qayıdım, sən qayıt, bəs irəli kim getsin? Daha ətraflı »

  • 29Dek
    Şəhidlər Ananın tək övladı şəhid Emil üçün şərhlər bağlıdır

    Qaşın kim ola bilər?
    Gözün kim ola bilər?
    Oğul itirən anaya
    Oğul kim ola bilər?
    Bu yazını bayatı ilə başlamaqda məqsədim yüzlərlə, minlərlə ananın oğul itkisini, ürəynin yanğısını onlarla birgə yaşamağımdır. Doğmaların – xüsusilə də övlad itkisi dərdlərin ən acısıdır, desəm yanılmaram. Mənfur qonşularımızın Birinci Qarabağ Müharibəsində və 44 günlük Vətən Müharibəsində xalqımıza qarşı etdiyi amansızlıqlar ana-bacıları oğul-qardaş həsrətli, körpələri valideynsiz qoymuş, dağ vüqarlı ataların belini əymişdir. Ailədə, cəmiyyət arasında öz xeyirxahlığı, qoçaqlığı, vətənpərvərliyi ilə seçilən oğullarımız torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuşlar. Bədən üzvlərini itirərək hələ də əzabla yaşayan oğullarımız vardır. Bunlar analarımızın sağalmaz yarasıdır, heç zaman yandıra bilməyəcəyi sönmüş çırağıdır. İgid, qəhrəman oğullar anaların “əsərləri” hesab edilir. Həm anaların, həm də bütün xalqımızın qürur, fəxr yeridir, lakin hər bir itirilmiş oğul ananın sönmüş ümidi, yarım qalmış arzusudur. Bu analardan biri də şəhid Emil Əmirovun anası Xanımnaz İmanovadır.
    Emil Xanımnaz ananın tək övladı olub. Soyuq bir qış günündə – 9 dekabr 2000-ci ildə doğulanda ana oğlunu arxa-dayaq bilmiş, onu nəvazişlə böyütmüşdür. Mingəçevir şəhərində doğulsa da, uşaqlığı Moskva şəhərində keçmişdir Emilin. Hətta orta məktəbə ilk qədəmlərini də orada atmışdır. Qısa bir vaxtdan sonra anası ilə birgə doğulduğu Mingəçevirə qayıdaraq, ibtidai təhsilini burada davam etdirir. Balaca Emilin rəftarı onu müəllim və sinif yoldaşlarının sevimlisi edir. Daha ətraflı »

  • 29Dek
    Şəhidlər Redaksiyamızın qonağı üçün şərhlər bağlıdır

    ŞƏHİD AİLƏSİNİN ARZULARI

    İllərin qovuşuğuna cəmi bir neçə gün qalıb. Kimi evində şam ağacı bəzəyir, kimi bayram bazarlığından ötrü marketlərə üz tutur. Redaksiyamızın qonağı olan Xanım nənənin üç nəvəsi – Arzu, Pərizad və Zamiq də yeni ili qarşılayacaq, ürəklərində arzu, niyyət tutub, Şaxta Babaya məktub yazacaqlar. Amma bu məktublar digər uşaqların yazdıqlarına bənzəməyəcək.
    Xanım nənə Arzunun məktubunu götürüb bizə gətirmişdi: “Əziz Şaxta Baba! Bizim çox zəhmətkeş, gözəl, mehriban atamız vardı. Çoxlu var-dövlətimiz olmasa da, atamızla qayğısız və xoşbəxt yaşayırdıq. Onunla biz çox güclüydük. Atamız sadə bir insanıydı. O, ermənilərə neyləmişdi ki, atdıqları mərmi ilə cavan ömrünü yarımçıq, bizi isə atasız qoydular? Şaxta Baba, erməni terrorunun qurbanı olan bir insanın övladları kimi biz müharibəni lənətləyirik. Arzum budur ki, məktəbi əla qiymətlərlə bitirib həkim olum, atamızın adını daşıyan klinika açım. Mən insanlara sağlamlıq bəxş etmək istəyirəm, bir də istəyirəm ki, uşaqlar bir daha müharibə nə olduğunu görməsinlər, analar mənim Xanım nənəm kimi gözüyaşlı qalmasın”.
    Nəvəsinin fikirlərini Xanım nənə davam etdirir. O deyir: “ Mən özüm həyat yoldaşımı 21 yaşımda itirdim, iki körpə balamla tək qaldım. Oğlum Həsənin və qızım Xumarənin əlini çörəyə çatdırmaq, onları ev-eşik, ailə sahibi etmək üçün ən ağır işlərdən yapışdım– xadimə işlədim, kiminsə işini gördüm və nəhayət, şükür etdim ki, tərbiyəli övladlar böyütmüşəm, nəvələrim var”. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər Şəhidlər verən Vətən başını uca tutar, Şəhidlər verən millət hər arzusuna çatar üçün şərhlər bağlıdır

    Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
                                                                                              İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

             Hərbçi olmaq uşaqlıq arzusu idi

    Rzayev Ülfət Novruz oğlu əslən Kəlbəcər rayonundandır. Digər həmvətənləri kimi, onun ailəsi də erməni terrorizmi nəticəsində 1993-cü ildə dədə-baba torpaqlarını tərk ediblər. Ailə Tərtər rayonunun Cəmilli kəndində məskunlaşıb, sonradan isə onlara qaçqınlar üçün tikilmiş Yeni Qəsəbədə ev veriblər.
    Ülfət 2001-ci il fevralın 11-də Cəmilli kəndində anadan olub. 4 qardaşın ən kiçiyi, həm də ən cəsuru olub. Kəlbəcər 68 saylı tam orta məktəbini bitirib.
    Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Ona görə də 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılanda, çox sevinirdi.
    O, əsgəri borcunu Xüsusi Təyinatlı Qoşunlarda – “Yaşmada”da keçib. Nümunəvi əsgər kimi komandirlərin və yoldaşlarının hörmətini qazanıb. Bundan sonra isə öz arzusu ilə xüsusi təyinatlılarda xidmətini davam etdirib və oradan da birbaşa cəbhəyə yollanıb. Döyüş yolu Kəlbəcər istiqamətindən başlayıb və Şuşada başa çatıb. Komandirləri, yoldaşları gənc əsgərin şücaətləri barədə ürəkdolusu danışırlar. Deyirlər ki, o, yaralandıqdan sonra da döyüşü dayandırmayıb. Qolunu sarıyaraq, yenidən hücuma keçib. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər Düşməndən intiqam almaq istəyirdi… üçün şərhlər bağlıdır

    Mustafayev Əlizamin Baxış oğlu böyük bir ailənin ən kiçiyidir. Onlar 8 qardaş, 1 bacı olublar.
    Ailə əslən Kəlbəcərdəndir, erməni işğalı nəticəsində Tərtərin Bəyimsarov kəndində məskunlaşıb. Elə Əlizamin də 21 iyun 1999-cu il tarixdə bu kənddə doğulub. 64 saylı Kəlbəcər kənd tam orta məktəbini bitirib. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə gedib, 2019-cu ildə qayıdıb. Bir müddət kənddə təsərrüfat işləri ilə məşğul olub. Sonra böyük qardaşlarına bildirib ki, yenidən orduda xidmət etmək üçün müraciət edəcək. Üç ay təlim keçdikdən sonra həmlə taborunda çavuş kimi müddətdən artıq hərbi xidmətə başlayıb. Qumbaraatan idi.
    Qardaşı Mamed Mustafayev deyir ki, Əlizamin uşaqlıqdan ailənin Kəlbəcər həsrətinə dözə bilmirdi. Həmişə deyirdi ki, atamın öz yurdundan didərgin düşməsinin intiqamını düşməndən alacağam.
    Orduya getməmişdən əvvəl isə anasının məzarını ziyarət edib və yaxınlarına tapşırıb ki, əgər şəhid olsam, məni anamın yanında dəfn edin.
    Müharibə başlayandan, Əlizamin döyüşlərə qatılıb. Cəsarətli, qoçaq idi.Hər an düşməndən intiqam almaq arzusu ilə vuruşurdu. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər Dəftərçəsində şəhid bulağı çəkmişdi… üçün şərhlər bağlıdır

    Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər rayonunun Düyərli kəndində anadan olub. 2007-ci ildə Bakı şəhəri Suraxanı rayonundakı Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehdiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Fuad hərbi xidmətdə ol-duğu müddətdə də öz biliyi, bacarığı və nümunəvi xidməti ilə fərqlənib.
    Vətən müharibəsi zamanı Fuad Məhərrəmli Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib.
    29 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
    Deyirlər ki, şəhid olandan sonra onun cibindən kiçik bir dəftərçə çıxıb. Burada 2020-ci il sentyabrın 20-də Fuad özü öz əllərilə şəhid bulağının şəklini çəkmişdi. İndi oxuduğu məktəbin qarşısında onun adına belə bir bulaq tikilib.
    Fuad kəşfiyyat bölüyündə xidmət edirdi. Valideynləri Kəlbəcər rayonunun Qamışlı kəndindən məcburi köçkündürlər.
    Fuad Məhərrəmli 30 sentyabr 2020-ci ildə Göygöl rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Dekabrda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri

                                                                 MƏHƏRZADƏ TALEH OQTAY OĞLU
    Taleh Məhərzadə 10.12.1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Taleh Məhərzadə Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                           QASIMOV AZƏR YAQUB OĞLU
    Azər Qasımov 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov sağlığında “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Ailəli idi, 4 övladı yadigar qalıb.
                                                                     SABİRLİ ƏJDƏR XANLAR OĞLU
    Əjdər Sabirli 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 11-da Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Soyulan kəndində dəfn olunub. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər “Torpaqlarımızı azad edək, şəhid olsam, ruhum da inciməz” üçün şərhlər bağlıdır

    Həsənli Zərimxan Rafiq oğlunun ailəsi erməni işğalı nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşüb. Əvvəlcə Mingəçevirdə, sonra isə Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıblar. Elə orta məktəbə də Zərimxan bu kənddə gedib. 2019-cu ildə XI sinfi bitirib, 2020-ci ilin yanvarında isə müddətli həqiqi hərbi xidmətə yollanıb. Əvvəl Ağcabədidə, sonra isə Beyləqanda xidmət edib.
    Müharibə başlayanda, ailəsi 4 gün Zərimxanla əlaqə saxlaya bilməyib. Sonra anası Afilə xanımla danışıb. Anasının həyəcanla dediyi “özünü qoru!” sözlərinə gülə-gülə cavab verib və sevinə-sevinə bildirib ki, artıq bir neçə kəndimizi düşməndən təmizləmişik.
    Oktyabrın 8-də ailəsi ilə son danışığı olub və deyib: “Torpaqlarımızı azad edək, şəhid olsam, ruhum da inciməz”.
    Afilə xanım deyir:
    –Zərimxan üç övladımızın ortancılıydı. Bir qardaş, iki bacı olublar. Biz həmişə Zərimxanla fəxr etmişik, indi də fəxr edirik. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər Evin sonbeşiyi üçün şərhlər bağlıdır

    Hüseynzadə Elgiz İbrahim oğlu 28.10.2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub, elə doğum tarixində, 29.10.2020-ci ildə 19 yaşında doğma torpağa tapşırılıb.
    Ailə Kəlbəcərin Təkəqaya kəndindən məcburi köçkün düşüb. Erməni təcavüzü nəticəsində ev-eşiklərini qoyub Bəyimsarov kəndində məskunlaşıblar. Elgiz bu kənddə anadan olub. Ailədə 5 bacı, 2 qardaş olublar. Evin sonbeşiyi olsa da, uşaqlıqdan daim valideynlərinə kömək etməyə çalışırdı.
    O, 64 saylı Kəlbəcər kənd tam orta məktəbinin məzunudur.
    Elgiz Hüseynzadə Vətən müharibəsi başlayan zaman Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şücaət göstərib.
    Xüsusi təyinatlılarda döyüşürdü. O, oktyabrın 22-də şəhidlik zirvəsinə ucalıb, bir müddət nəşi tapılmayıb, oktyabrın 29-da dünyaya göz açdığı Bəyimsarov kəndində dəfn edilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Elgiz Hüseynzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

    Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabından