Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    YENİ İLƏ UĞURLARLA

    Dövlətin cəbhə bölgəsinə davamlı qayğısı, düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində sosial problemlərin uğurlu həlli tərtərlilərdə də qələbə əzminin, yüksək əhvali-ruhiyyənin əsas şərtlərindəndir. Ölkə rəhbərinin Tərtərə hər səfəri də rayonun sosial-iqtisadi inkişafına güclü təsir edir. Bunun müqabilində tərtərlilər də böyük həvəslə, əllərinin hərarətini, ürəklərinin təpərini əsirgəmədən çalışır, tikib-qurur, abadlıq yaradırlar.
    Baxmayaraq ki, qarşı tərəf­­–ermənilər atəşkəs rejimini tez-tez pozurlar. Lakin sakinlər mərmi gurultusuna, güllə vıyıltısına adət etmişlər. Milli Ordumuzun gücünə, qüdrətinə güvənir, əkin-biçin işləri ilə məşğul olur, istehsal etdikləri kənd təsərrüfatı məhsulları sayəsində həm öz ailələrinin həyatını, xoş güzəranını təmin edir, həm də ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər.
    Uğurlu illər sırasında 2018-ci ilin də özünəməxsus yeri vardır. İstər tikinti, abadlıq, quruculuq, istərsə də kənd təsərrüfatı sahəsində irəliyə doğru inamlı addımlar atılmışdır.
    Rayonun iqtisadiyyatının əsasını isə kənd təsərrüfatı təşkil edir. Torpaq münbit, əmək ehtiyatları kifayət qədər yetərli olsa da, suvarma suyu sarıdan çətinliklər yaranır. Sərsəng Su Anbarı Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan xain və nankor qonşularımız Tərtər çayının yatağına lazım olan vaxtlarda su buraxmırlar. Buna baxmayaraq, tərtərlilər iki-qat enerji ilə çalışır, imkanlardan maksimum istifadə edərək yüksək nəticələr qazanırlar.
    Götürək elə pambıqçılığı. Dövlət başçısının bu sahəni inkişaf etdirmək barədə tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi qəbul edən tərtərlilər inişil hər hektardan 27 sentner “ağ qızıl” götürərək respublikanın pambıqçılıq rayonları arasında birinci oldular. Qazanılan nailiyyətlərdən arxayınlaşmayan rayon pambıqçıları yenə də qabaqcıllar sırasında yer alırlar. 2018-ci ildə 3.300 hektar sahədə pambıq əkilmiş, tarlalar yüksək aqrotexniki qaydalar əsasında becərilərək bol məhsul yetişdirilmişdir. Məhsul yığımının yaxşı təşkili sayəsində tədarük məntəqələrinə 7.800 tondan çox “ağ qızıl” təhvil verilmişdir.
    2018-ci ili rayonun “sarı kəhrəba” ustaları üçün də uğurlu saymaq olar. 11 min 556 hektar sahədən 44 min 175 ton taxıl götürülmüşdür. Buğda sahələrinin hər hektarında orta məhsuldarlıq 41,1 sentner olmuşdur. Kümçülər 10 min 228,3 kiloqram barama istehsal etmişlər. Qazanılan nəticə 2017-ci ildəkindən 2,3 dəfə çoxdur. Kənd əməkçilərində bu sahəyə böyük maraq var. Odur ki, baramaçılığın inkişafında yem bazasının möhkəmləndirilməsinə önəm verilir. Qabaqcıl fermerlərdən Mirzə Cümşüdov söhbət zamanı dedi ki, aqrar sektorun inkişafına dövlətin güclü dəstəyi sakinlərə qol-qanad verir. Biz əsasən toxumluq taxıl istehsal edirik. Bundan əlavə, mal-qara saxlayır, pambıq əkir, arıçılıqla məşğul oluruq. Son illər baramaçılıq sahəsində də yaxşı nəticələr qazanırıq. Baramaçılıq çox sərfəli və gəlirli sahədir. 2018-ci ildə 8 qutu ipəkqurdu toxumundan 380 kiloqram barama götürüb 3 min 500 manat qazandıq. Nəticələr bizi qətiyyən arxayınlaşdırmır. 40 hektarda taxıl səpinini başa çatdırmışıq. Baramaçılığın yem bazasını möhkəmləndirmək üçün zəruri tədbirlər görürük. Bizim təsərrüfatda Çin Xalq Respublikasından iki il əvvəl gətirilmiş 16 min 500 ədəd məhsuldar çəkil tingi əkilmişdir. Keçən il becərdiyimiz ipəkqurdlarını bol və keyfiyyətli yemlə təmin etməklə yanaşı, qonşu təsərrüfatlardan yarpaq üçün gələnləri də əliboş qaytarmadıq. Tut bağlarının sahəsini daha da genişləndirib 26 min ədəd tingdən ibarət yeni bağ salmışıq. Bu da imkan verir ki, gələn il barama istehsalını azı iki dəfə artıraq.
    Belə işgüzarlığın nəticəsidir ki, Tərtər rayonunun həm mərkəzi, həm də kəndləri sürətlə inkişaf edir, aydan-aya, ildən-ilə dəyişib daha abad olur.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.