Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04Sen

    Tərtərdə bir kənd var…

    ElesgerliBu kəndin sakinləri sovet hakimiyyəti illərində bağçılığa meyilli olublar. Burada yetişdirilən narın dadı, tamı dillər əzbəri idi. Bir zamanlar narçılıq sovxozu kimi məşhur olan kəndin dolanışığı indi də bağa, bağçaya bağlıdır. Ələsgərli adlanan bu kənddə ağaca qulluq etməyin, ting yetişdirməyin öz qanunları var.

    Kənd sakini Əbil Əliyev peşəsinin ustası kimi ad qazanıb. Böyüdüyü ailə, formalaşdığı mühit onu təbiətə, elə bağlamışdı ki, orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda, taleyini bağlayacağı peşəni seçəndə tərəddüd etmədən aqronomluğun üstündə dayandı. Heç bir çətinlik çəkmədən Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna qəbul olundu. Quş qanadlı tələbəlik illəri sanki bir göz qırpımında ötüb keçdi. Əbil Əliyev doğma Ələsgərli kəndinə ali təhsilli aqronom kimi döndü. Ürəkdən bağlandığı ağaclara qayğı göstərdi.
    Çəkdiyi zəhmət, axıtdığı alın təri hədər getmir, uğur dalınca uğur gəlirdi. Beləcə püxtələşir, zəngin təcrübə qazanır, gənc olmasına baxmayaraq, kənddə tingçiliklə məşğul olan adamların məsləhət yerinə çevrilirdi. Ələsgərlidə isə, demək olar ki, hamı tingçiliklə məşğul olur, qazanc əldə edir. Əbil də halal zəhməti ilə ailəsinə ağ mişar daşından yaraşıqlı ev tikib, minik maşını alıb. Ailədə Məhəmməd və Pərviz adlı iki oğul böyüyür. Onlar hələ uşaq olsalar da, atalarının ən yaxın köməkçiləri sayılırlar. Əbil sevdiyi peşədən həvəslə söhbət açır:
    – Ağaclara qulluq çox maraqlıdır. Bu, sirli-sehrli bir dünyadır. Dili olmasa da, ağaclar danışır, nə istədiyini, nədən narazı qaldığını bildirir. Ağacların da nəvazişə, məhəbbətə ehtiyacı var. Bu ehtiyacı ödəməsən, o sənə səxavət göstərməz. İki hektarlıq pay torpağında tinglik təsərrüfatı yaratmışıq. Ailəmizin dolanışığı da məhz buradandır. Yetişdirdiyim müxtəlif meyvə ağacları, bəzək kolları, güllər respublikamızın əksər bölgələri ilə yanaşı, İranda, Dağıstanda da həvəslə alınır.
    Cəbhə bölgəsi olan Tərtər rayonunun Ələsgərli kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Kəndə təbii qaz, elektrik enerjisi, içməli su fasiləsiz verilir. Evlərin 80 faizindən çoxunda telefon var. Son bir ildə 14 yeni fərdi ev tikilib. Kənddə 2 məktəb, klub, feldşermama məntəqəsi, həkim ambulatoriyası, poçt, ticarət və iaşə obyektləri, digər sosial ob-yektlər fəaliyyət göstərir.
    Tərtər Rayon İcra Hakimiyyətinin Ələsgərli ərazi vahidi üzrə nümayəndəsi Kamran Əhmədovun camaat arasında böyük nüfuzu var. Atası Vəliyəddin uzun illər boyu müxtəlif təsərrüfat və sovet işində çalışıb. Kamran 1993-cü ildə könüllü şəkildə Qarabağ müharibəsinə gedəndə atası kənd sovetinin sədri işləyirdi. Kamran deyir ki, o zaman döyüşçü dostları buna çox təəccüblənirdilər. Deyirdilər ki, ay Kamran, ətrafına bax, gör cəbhədə səndən başqa bir vəzifəlinin övladı varmı? Amma Kamran qeyrətlə döyüşdü, doğma Tərtərin müdafiəsində çoxlarına nümunə göstərdi. Kamran bu gün də döyüş həvəsi ilə yaşayır, qisas anını gözləyir:
    –Ermənilər nankor olduqları qədər də məkrlidirlər. Cənnət Qarabağımızı viran qoyan bu faşistlərdən layiqli qisas almaq şəhidlərimizin, ata-babalarımızın ruhu qarşısında bizim qeyrət borcumuzdur. Təkcə bizim Ələsgərli kəndi döyüşlərdə beş şəhid verib, nə qədər cavanımız sağlamlığını itirərək əlil olub… Tərtərdə vətənpər-vərlik hissi, döyüş ruhu həmişə yüksək olub. Biz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edirik. Dövlət başçısının düşmənə bir qarış da torpaq güzəşt etməyəcəyi barədə dəfələrlə səsləndirdiyi qətiyyətli bəyanat qolumuza güc, ürəyimizə təpər verir, düşmənə nifrətimizi artırır. Kəndimizin bütün oğulları silaha sarılmaq, müqəddəs savaşa atılıb düşməndən intiqam almaq üçün Ali Baş Komandanın əmrinə müntəzirdilər. Biz qisas anını səbirsizliklə gözləyirik.
    Kamran Əhmədov milli-mənəvi dəyərlərin qayğı ilə qorunduğunu da məmnunluqla dilə gətirdi. Kənddə böyük-kiçik yeri bilinir, ağsaqqal sözünə hörmət və ehtiramla yanaşılır.
    Kənd sakini Tanrıqulu Hüseynovun yaşı 90-ı haqlayıb. Üz-gözündən nur yağan Tanrıqulu kişi ömrü boyu haqqa xidmət edib, dilinə yalan söz gətirməyib. Dəyərli məsləhəti, qiymətli nəsihətləri ilə qanlıları barışdırıb, neçə-neçə gənc ailəni dağılmağa qoymayıb. Tanrıqulu kişinin dedikləri:
    – Məni yaşadan elin-obanın xoş münasibətidir. Yaşamalı dövran indidir. Sovet vaxtı həyətinə qoyduğu dəmir darvazanın sənədi olmadığına görə bizim kənddə suçu işləyən Əhmədə 5 il iş verdilər. İndi istəyirsən saray tikdir, təyyarə al, maraqlanan yoxdur. Şükür Allaha, bu gün kəndimizdə kasıb insana rast gəlməzsən. Bu da çox yaxşıdır ki, imkanı olan imkansıza əl tutmağı özünə borc bilir. Axtarsan, kənddə hamı bir-birinə qohumdur. Ağlı, fərasəti ilə pul qazanan övladlarımız elədikləri yaxşılıqlara görə heç kimə minnət qoymazlar.
    Öyrəndik ki, kənddə xeyirxahlıq etməyi özünə Tanrı haqqı hesab edən oğullar çoxdur. Vəli Albəndov da onlardan biridir. Onunla görüşüb həmsöhbət olmaq istədik. Bələdçimiz Kamran Əhmədov niyyətimizi duyub dedi ki, görüşəsi olsanız, onun xeyirxahlığından yazmağınıza razılıq verməyəcək. Razılaşdıq. Ayrı-ayrı kənd sakinləri ilə söhbətlər etdik. Çox maraqlı faktlar öyrəndik. Son on ildə kənddə Tamaşa Rüstəmovanın, Şahin Paşayevin və Əli Hüseynovun evi yanıb. Vəli Albəndov təbii fəlakət qarşısında çıxılmaz durumda qalan hər üç ailəyə yeni ev tikdirib. Həm də mebel, yorğan-döşək, qab-qacaq və s. məişət avadanlıqları ilə təmin edib. Hər il Qurban bayramında kəndin aztəminatlı ailələrinə Vəli Albəndovun kəsdiyi cöngədən pay gedir. Kəndin abadlıq-quruculuq işlərində də Vəli Albəndov həvəslə iştirak edir.
    Kənddə kiminlə görüşdüksə, kiminlə həmsöhbət olduqsa, hər kəs dövlətin qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin bu cəbhə bölgəsinə isti münasibətindən minnətdarlıqla söz açdı. Əlbəttə, bunlar gəlişixoş sözlər deyil. Konkret əməlin, real qayğının doğurduğu qədirbilənliyin ifadəsidir. Tərtər-Köçərli yolundan sola, Ələsgərli kəndinə dönəndə əzəmətli alaqapının sağ sütununda qızılı lövhədə bu sözlər yazılıb: “Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 iyul 2011-ci il tarixli 1632 saylı sərəncamı ilə çəkilmişdir”.
    Adamlar bu yolla hər gün müxtəlif ünvanlara gedib-gəlir, qovuşduqları rahatlıqdan məmnun qalırlar. İnanırlar ki, bu yol onları tezliklə Qarabağa aparacaq, illərin həsrətinə son qoyulacaqdır.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 09:44

    Teqlər:

İsmarıclar bağlıdır.