Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

     

    Müasir dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət üçün strateji xarakter daşıyır. Çünki ərzaq təhlükəsizliyi ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub dövlətin strateji maraqlarının qorunmasında böyük önəm daşıyır.
    Aqrar sektorun inkişafında əsas amillər iqtisadi siyasətin əsas konturlarının dəqiq müəyyən edilməsi və islahatların düzgün aparılmasıdır. Azərbaycan hazırda daxili istehsal hesabına dənli bitkilərlə, quş əti ilə, ətlə, kərə yağı ilə, süd və süd məhsulları ilə, unla, şəkərlə, meyvə-tərəvəzlə təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracçıya çevrilir.
    Bölgələrdə yaşayan əhalinin əsas gəlir mənbəyi və güzəranı aqrar sektorun inkişafından asılıdır. Odur ki, dövlət tərəfindən kənd təsərrüfatında çalışanlara hər cür dəstək verilir. Bu gün kəndlərdə məhsul istehsalçıları torpaq vergisindən savayı bütün növ vergilərdən azad ediliblər. Onlar istifadə etdiyi yanacağa, sürtkü yağlarına görə dövlətdən subsidiya alırlar. İstehsalçılar müxtəlif toxum, damazlıq heyvanlarla pulsuz və ya güzəştli qiymətlərlə təmin edilirlər.
    Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda növbəti illərdə də aqrar sektorun inkişafına xüsusi önəm veriləcəyini bildirərək demişdir: “Kənd təsərrüfatı və sənaye istehsalı IV proqramda xüsusi yer tutur. Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir…Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial daha böyükdür və biz yeni bazarlara çıxmalıyıq”.
    Regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulub. Bunun 4,6 milyard manatının özəl sektor tərəfindən yatırılması proqnozlaşdırılır. Dövlət isə 13 milyard manata yaxın kapital qoyuluşunu həyata keçirəcək. Deməli, sonuncu proqramın icrası zamanı da aqrar sektora dövlət dəstəyi davam edəcək.
    Regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramının icrası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri ilə bərabər, kənd təsərrüfatında da böyük uğurlar qazanılıb. Məsələn, 2004-cü ildə ölkə üzrə 196 min ton ət tədarük edilmişdisə, keçən il bu rəqəm 326 min tona çatıb. Həmin dövrdə süd istehsalı 1 milyon 200 min ton, ötən il isə 2 milyon ton olub. Növbəti 5 il ərzində həm ət, həm də süd istehsalını 15-20 faiz artırmaq nəzərdə tutulub.
    İndi ölkəmizdə kiçik və orta fermer təsərrüfatları yaradılır. Güzəştli kreditlərdən istifadə edən fermerlər müasir texnika və texnologiyaları istehsalata tətbiq etməklə daha yüksək məhsuldarlığa nail olurlar. Məsələn, iri fermer təsərrüfatlarında hər hektardan orta hesabla 50 sentner taxıl yığılır.
    Aqrar sahənin davamlı inkişafının məqsədi əhalinin tələbatının ödənilməsinin və qida strukturunun, sosial və demoqrafik şəraitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, təbii resursların məhsuldarlığının saxlanması, dünya təsərrüfatı sisteminə inteqrasiya və ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsindən ibarətdir.
    Məlumdur ki, dövlət başçısı rayonlara səfər edərkən hər bir rayonun ehtiyaclarına fərdi qaydada yanaşaraq onların həlli istiqamətində müvafiq tədbirlər görür. Belə yanaşma isə daha düzgün və doğru qərarların qəbul edilməsinə imkan yaradır.
    Bu gün Tərtər rayonunun kənd əməkçiləri, fermer və sahibkarları aqrar sektorun inkişafına Dövlət Proqramının tələbləri baxımından yanaşaraq, rayonda ərzaq bolluğu yaradılmasına çalışırlar. Bunun üçün mövcud imkanlardan səmərəli istifadə olunaraq hər il kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə ət və ət məhsulları, taxılçılıq, pambıqçılıq, baramaçılıq, şəkər çuğunduru və digər sahələrdə məhsul istehsalı dinamik şəkildə artır, torpaq sahələri genişləndirilir, meliorasiya və irriqrasiya tədbirləri həyata keçirilir. Nəticələr isə qənaətbəxşdir. Görülən işlər rayon əhalisinin maddi-rifah halının yüksəlməsinə, yaşayış tərzinin yaxşılaşmasına və ərzaq təhlükəsliyinin təmin olunmasına zəmin yaradır.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.