Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Okt

    TƏHSİLİN GƏNCLƏRİN İNKİŞAFINDA ROLU

    Hər kəsin şəxsiyyət kimi cəmiyyətdə mövqe tutmasında yəni təkcə iş həyatında deyil mədəniyyət və mənəviyyatına da təhsilin böyük təsiri vardır. Gənclərin maariflənməsi həm valideynləri, həm də ölkəmiz üçün çox əhəmiyyətli məsələdir. Dahi şair Nizami Gəncəvi deyib:
    Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
    Cəhalət dövründə Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə millətin maariflənməsi üçün çox çalışıblar.
    Keçmiş zamanlarda ziyalı insanlar şam işığında kitab oxuyarmış. Müasir dövrdə isə gənclərin savadlı olması üçün dövlət təhsil ocaqlarını yeni avadanlıqlarla, pulsuz dərsliklərlə təmin edir.
    Məktəbəqədər təhsil müəssisələrinin uşaqların məktəbə hazırlıqlı olmasında böyük rolu var. Çünki bağçaya gedən uşaqlarda təhsil, davranma, dinləmə qabiliyyətləri formalaşmağa başlayır. Bəziləri: “Mən övladımın bağçaya getməsini istəmirəm!”–deyir. Lakin uşağın cəmiyyətə uyğunlaşması üçün məktəbəqədər təhsil müəssisəsi əhəmiyyətlidir. Hal-hazırda dövlətimiz ölkəmizin bütün kənd və şəhərlərində körpələr evinə xüsusi diqqət ayırır. Kiçik nəslə burada həm təlim, həm təhsil sahəsində kömək göstərilir.
    Təhsil ocaqlarının vəzifəsi bilikli gənclər yetişdirməkdir.
    Hər zaman aktual olan problemlərdən biri də şagirdlərdə dərsə marağın azalmasıdır. Məktəblilər daha çox ata-ana və müəllimlər tərəfindən oxumağa təkid edildikdə onlar kitab-dəftərdən uzaq olmağa çalışırlar. Bunu aradan qaldırmaq üçün valideynlər təhsilin keyfiyyətini, təlimin əhəmiyyəti ilə bağlı övladları ilə söhbət etsələr onlarda oxumaq həvəsi daha da güclənər.
    Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan təhsilinin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilib. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar, 5 yeni ali təhsil müəssisəsinin açılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2002-ci il oktyabrın 4-də ümummilli lider “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncam imzalamışdır.
    Hazırda Prezident İlham Əliyev uğurlu təhsil islahatları həyata keçirir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamın imzalanması cəmiyyətdə savadlı kadrların sayının artmasına səbəb olub. 2013-cü ilin 24 oktyabrında dövlət başçısı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir.
    Müasir təhsil sistemində müəllim istiqamətverici, şagird isə tədqiqatçı rolunu oynayır. Bu yeni təlim metoduna əsasən şagird yaradıcı mövqedə çıxış etməlidir. Bu proses uğurla tətbiq olunduqda yüksək nəticələr əldə olunur.
    Məktəblilərin təlim və tərbiyəsinin möhkəm olması üçün cəmiyyətimizdə fədakarlıqla çalışan müəllimlər çoxdur. Respublikamızda təhsilin inkişafında fərqlənən müəllimlər dövlət tərəfindən müxtəlif fəxri adlarla mükafatlandırılırlar.
    Tərtər rayonunda da gənc nəslin təlim-tərbiyəsinə də ciddi fikir verilir. Son 15 ildə rayonda 9 məktəb binası tikilib, 8 məktəb binası əsaslı təmir edilib, 5 modul tipli məktəb binası quraşdırılıb. Rayonumuzun müəllimlərindən 8 nəfər “Əməkdar müəllim” adına, 6 nəfər “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Bu il Tərtərdə 236 nəfərin ali, 104 nəfərin orta ixtisas məktəblərinə, 2 nəfərin Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olması, 4 nəfərin 600-dən yuxarı, 29 nəfərin 500-dən yuxarı bal toplaması ali məktəblərə qəbulun göstəricisinin ildən-ilə artması deməkdir.
    Həzrəti Əli deyib ki, mənə bir hərf öyrədənin köləsi olaram. Deməli, belə nəticəyə gəlmək olar ki, lap keçmiş zamanlardan bu günə qədər təhsilin cəmiyyətin inkişafında oynadığı rol əvəzedilməzdir. Buna görə də hər kəs gənclərimizin intellektual səviyyəsinin müasir tələblərə uyğun formalaşması üçün təhsilin inkişafına xüsusi diqqət yetirməlidir.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.