Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon Təhsil şöbəsi tərəfindən UGİŞM-də “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib, müsabiqədə rayonun 44 məktəbindən 44 şagird iştirak edib. Səhlabad kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Ağazadə müsabiqənin birincisi olub. O, rayon icra hakimiyyəti ­tərəfindən Diplomla təltif olunub. Həmin yazını sizə təqdim edirik

    Heç güllərin ağladığını görmüsünüzmü?
    Qərənfilləri matəm çiçəyinə çevirən 20 Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məsum gün şəhid qanından qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı yağdı.
    Şairlərimizdən Məmməd Araz: Ata millət, ana millət, ağlama! Ağlamağın yeri deyil, ağlama! – yazdısa digər şairimiz Məmməd Aslan “Ağla, qərənfil, ağla–yazdı.

    Əgər şəhid varsa demək vətən var

    Şəhidlər dünyada ən böyük haqdır.  

    Ölümdən qorxmayın , siz  ey  oğullar,

    Ruhlar  bu   torpağı   qoruyacaqdır.

     

    Nə yaxşı , dünyada  müqəddəs  vətən,

    Nə yaxşı, müqəddəs  and  yerimiz  var  

    Yox, yox, acımıram  bu ölümə  mən

    Namuslu  oğullar  şəhid   doğular.

    Vətən arzuların qanad açıb uçduğu məkandır. Vətən şərəfdir, namusdur, könül dünyasında yüksələn inamdır, minillik kök salmış xalqdır, anadır onun timsalında candır. Vətən ulu əcdadların ruhu, babaların məzar yeridir. Vətən səni yetişdirən, böyüdən, səni öyrədəndir.

    Vətən varlığını bizdən əsirgəməyən, bizi köksündə bəsləyən , əbədi olaraq sahib çıxan sahibimizdir.
    “Torpaq uğrunda ölən varsa, vətəndir”. Unutmayaq ki, Vətən vətəndaşların birləşmə nöqtəsidir. Vətən yeganə məkandır ki, insan orada özünü kölə yox əsl sahibi hiss edir. Vətən sevgisi ən müqəddəs duyğudur.
    Vətən sevgisi bütün sevgilərdən ucadır. 1990-cı ilin 20 Yanvar faciəsi bunu bir daha sübut etdi. Uzun illərin müstəmləkəçiliyinə “Yox”! deyən, milli azadlığına qovuşmaq üçün ayağa qalxan xalqı beşikdə boğmaq məqsədilə yırtıcı pəncəsini Azərbaycana uzadan keçməyi bacaran xalq gördü. XX əsrin qorxunc imperiyası ömrünün sona yetişdiyini görüncə insanlığa utanc gətirən qanlı faciələr törətdi. Uşaq, qadın, qoca demədən hər kəsi vəhşicəsinə qətlə yetirdi. Lakin xalqımızın ruhundakı, qanındakı istiqlaliyyət duyğularını öldürə bilmədi. Çünki bu duyğular şəhidliyə, qaziliyə, haqqa, ədalətə bağlıdır. Bu dəyərləri mənliyində daşıyan, inandığı kimi yaşayan millətimiz düşməni heyrətlər içərisində boğdu və öz hürriyətinə, istiqlaliyyətinə sahib çıxdı.
    1988-ci il idi. Tarix boyu həmişə xalqımıza arxadan zərbə vuran əzəli Azərbaycan ərazilərinin hesabına Ermənistan yaradan bədnam qonşularımız ermənilər yenə torpaq iddiası ilə çıxış etməyə başlamışdılar. Bu dəfə onlar keçmiş ittifaq rəhbərliyindəki və xarici ölkələrdəki lobbilərinin köməyi ilə respublikamızın dilbər guşəsi olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb öz ərazilərinə qatmaq istəyirdilər.
    Bu məkrli planı həyata keçirmək üçün ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisini zorla oradan qovur, soydaşlarımızın yaşadıqları kəndlərə silahlı hücumlar təşkil edir, evləri yandırır, günahsız insanları qətlə yetirirdilər. Bakının küçə və meydanlarından keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi, Azərbaycanda müstəqil dövlət qurulması şüarları altında möhtəşəm mitinqlər keçirilirdi.
    Bundan qorxuya düşən mərkəzi hakimiyyət Azərbaycana qoşun yeritmək və xalqın milli-azadlıq mübarizəsini qan içində boğmaq üçün məqam gözləyirdi. 1990-cı ilin yanvarında hadisələr daha gərgin məcraya yönəldi. Bakıya qoşun yeridiləcəyi barədə söhbətlər səngimək bilmirdi. Yanvarın 19-da Azərbaycanı candan əziz sevən insanlar–tələbələr, ziyalılar, siravi vətəndaşlar Bakıya yeridiləcək qoşunların yolunu kəsmək üçün şəhərin şimal qapısındakı meydana, küçələrə toplaşmış, canlı sipər qurmuşdular. Bu mərdliyin, vətən sevgisinin ən yüksək zirvəsi idi. Nə havanın soyuğu, nə həyəcanlı xəbərlər insanları çəkindirmirdi, əksinə, sıralar daha da sıxlaşırdı.
    Qanlı 20 Yanvar faciəsi 131 nəfər soydaşımızın həyatına son qoydu. 744 nəfər bu və ya digər dərəcədə xəsarət aldı, yaralandı.
    20 Yanvar tariximizin yalnız faciə deyil, həm də şərəf, ləyaqət səhifəsidir. Dünya Azərbaycan xalqının ümummilli məsələlərdə birləşərək qətiyyət nümayiş etdirməsininin, müstəqillik, azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu. Eyni zamanda faciə xalqın özünə inamını artırdı, insanların həmrəyliyi daha da möhkəmləndi.
    Azərbaycanın qanlı 20 Yanvardan keçən müstəqilllik yolu dönməzdir.
    Müstəqilliyi şirin bir nemət kimi dadan xalqımız bu yolda inamlı addımlar atır.
    Mən XI sinifdə oxuyuram . Bu faciə baş verəndə həyatda olmamışam. Ancaq dərsliklərdən və televiziya ek-ranlarından məlumatlar öyrənmişəm. Mənə elə gəlir ki, bu hadisəni mən də görmüşəm. Çünki hadisələr mənim xəyalımda hər zaman cərəyan edir. İlahi, görəsən bu insanların günahı nə idi? Niyə insanlar düşünmürlər ki, həyat insana bir dəfə verilir. Gərək bu həyatı əsl insan kimi yaşayasan.
    Mən inanıram ki, şəhidlərimizin doğma yurdu düşmən tapdağından azad olacaq.
    Hörmətli Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva öz xalqını çox sevir. Onlar xalqımızın azad və müstəqil yaşaması üçün daim çalışırlar.
    Gün gələcək xalqımız torpaqlarımızın azad olmasını Qarabağda–Çıdır düzündə bayram edəcəklər. Yalnız bu zaman şəhidlərimizin ruhu şad olacaq ! …
                                                                                        Fatimə AĞAZADƏ, Səhlabad kənd tam orta məktəbin XI sinif şagirdi

    Müəllif: Redaktor, 15:42

İsmarıclar bağlıdır.