Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyn

                                                         YARIMÇIQ ÖMÜR YOLU

    Əlizadə Elşən Faiq oğlu İsmayılbəyli kəndində doğulub. Uşaqlıqdan ata-anasının zəhmətlə, alın təri ilə yaşadıqlarının şahidi olub. Ailədə böyüyən 4 uşağın kiçiyi idi Elşən. Yeniyetməliyi də doğulduğu kənddə keçib. Hələ orta məktəbdə təhsil aldığı illərdə mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara qarşı etdikləri cinayətləri müəllimlərdən, valideynlərindən və qonum-qonşudan eşitmişdi. 2016-cı ildəki aprel döyüşlərinin və 30 ilə yaxın bir müddətdə törədilən təxribatların şahidi olmuşdu.
    Doğrudur, o, hərbi xidmətini Bakı şəhərində çəkmişdi. O zaman erməni vandallarının təxribatlarının qarşısını dayandıra biləcək igid oğullarımızın və Ordumuzun olmasına bir daha inanmışdı. El-obasından didərgin düşmüş soydaşlarımızın çəkdiyi iztirablar onun gözlərinin qarşısında idi və düşünürdü ki, bir gün bu erməni vəhşiliyinin sonu gələcək.
    Elşən hərbi xidməti başa vurduqdan sonra maşın təmiri ilə məşğul olurdu. O, ağıllı və düşüncəli idi. Elşənin boş vaxtları olmazdı. Kənd təsərrüfatı işləri ilə də məşğul olardı.
    2020-ci ilin sentyabrın 21-də qismən səfərbərlik zamanı Elşən də hərbi xidmətə çağrıldı. Tərəddüd etmədən çağrışa qoşuldu. Mingəçevir şəhərində hərbi hissələrin birində atıcı kimi xidmətə başladı. Sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlayanda o da savaş meydanına atıldı. Burada da qoçaqlığı və qorxmazlığı ilə fərqləndi. Atası ilə telefonla danışarkən demişdir: “Dığaların anasını ağladırıq, inşallah hər şey yaxşı olacaq!”.
    Ağdərə, Suqovuşan istiqamətində güclü döyüşlər gedirdi. Elşəngilin bölmələri də öz şücaətlərini göstərirdilər. Mənfur ermənilərin göz açmasına aman vermirdilər. Bütün əsgər və zabitlərimiz böyük ruh yüksəkliyi ilə vuruşurdular. Əsgərlərimiz yaxşı bilirdilər ki, bu savaş haqq savaşıdı, torpaqlarımızın işğaldan azad olunması, ərazilərimizin bütövlüyü uğrunda gedən savaşdır. Onu da bilirdilər ki, bu meydanda ölüm də var, yaralanmaq da.
    Döyüşün ilk günlərində – sentyabrın 30-da Elşən ayağından yüngül yara aldı. Evlərində heç kimə xəbər vermədən 4 gün hərbi hissənin xəstəxanasında müalicə götürdükdən sonra yenidən yoldaşlarının yanına qayıdaraq döyüşə qoşulur. Yüksəkliklər alındıqca igidlərimiz daha ürəklə irəliləyirdi. Qorxu bilməyən oğullarımız ölümün gözünə dik baxaraq gündən-günə qazandıqları qələbələrin sayını artırırdılar, elə Elşən kimi. O, atasına söz vermişdi ki, oktyabrın 16-da onunla danışacaq. Lakin Elşən dediyi sözü tuta bilmədi. İntizar içində darıxan Faiq ataya zəng gəldi. Elşən özü deyildi zəng vuran. Onun şəhid olması xəbərini verdilər ataya. Oktyabrın 16-da boynunun arxasından minamyot qəlpəsindən aldığı yaradan şəhid olmuşdu Elşən. O, böyüyüb boya-başa çatdığı kəndin qəbristanlığında dəfn edildi. Ürəyindəki çoxlu arzuları ilə birgə uğrunda döyüşdüyü torpağın qoynuna getdi. Tapqaraqoyunludan döyüşə başlayan cəsur Elşənin həyatı Suqovuşanda yarımçıq dayandı. Lakin igidlərimiz Suqovuşanı azad edərək tariximizə yeni səhifə açdılar və bu, Azərbaycanın zəfər tarixinin bir səhifəsi oldu.
    Elşən kimi igidlərimizin göstərdiyi şücaətlər Ordumuzun Ali Baş Komandanı tərəfindən yüksək qiymətləndirildi. Elşən də ölümündən sonra ”Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Müəllif: Redaktor, 09:52

İsmarıclar bağlıdır.