Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyn

                                                      MƏĞLUBEDİLMƏZ TƏRTƏR

    Bu gün təkcə xalqımız deyil, bütün bəşəriyyət çətin sınaq qarşısındadır. Dünyanın bütün ölkələri COVİD-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Ermənilərlə apardığımız müharibə illərdir ki insanlarımızın yuxusunun pozulmasına, el-obasından, dədə-baba yurdyuvasından uzaq düşməsinə, uzunmüddətli həsrətə səbəb olmuşdur. Bir xalq kimi yurdu-yuvası bilinməyən qonşularımız florası və faunası ilə fərqlənən ərazilərimizi zəbt edərək məskunlaşmışlar. Tarixən iblis xislətli məxluqların törətdiyi faciələrdən və buna bənzər düşmənçilik siyasətindən əziyyət çəkənlərdən biri də mənim yaşadığım, sakini olduğum Tərtərimdir. Səfalı mənzərəsi, təmiz havası, sərin suları ilə məşhur olan Tərtər rayonu həmişə mənfur qonşuların xəyanətlərinə düçar olub. Lakin mərd, igid insanların mübarizliyi sayəsində torpağının bir qarışını belə düşmənə təslim etməyib.
    Bunu birinci və ikinci Qarabağ müharibəsində daha aydın görmək olur. Hər iki müharibədə yüzlərlə şəhid verən Tərtər yüzlərlə qazi oğulları olmasına, rayon mərkəzində və kəndlərində infrastrukturun dağıdılmasına baxmayaraq düşmənə sinə gərmiş və mərdü-mərdanə dayanmışdır. Azərbaycanın bütün cəbhə boyu ərazilərində mərd dayanan oğullarımız düşmənlə üz-üzə qəhrəmancasına mübarizə aparıblar. Hər iki müharibədə ordu ilə xalqın birliyi vəhdət təşkil edirdi. Ali Baş Komandanın söylədiyi kimi, Tərtər erməni faşizminə qarşı ikinci Stalinqrada çevrilmişdi. Lakin xalq-iqtidar-ordu birliyi 7-dən 77-yə qədər hər bir insanı müharibəyə səfərbər etdi. Bu həmrəylik hissi bütün Azərbaycan oğullarına şamildir. Hər bir oğul vətəni, torpağı üçün sipər oldu. Ölkəmizin elə bir bölgəsi olmadı ki, onun vətənpərvər oğulları müdafiəyə qoşulmasın. Xidmətdə olan əsgər də, zabit də Vətənə olan xidməti borcunu ləyaqətlə yerinə yetirdi. Qismən səfərbərlik zamanı ordumuzun tərkibinə qoşulan könüllü igidlərimiz göz önünə heç nə almadan savaş meydanına atıldı. Bu igidlərin hər biri bir evin çırağı, ümid yeri olduqlarını bilərək, ölümü düşünmədən vətənin müdafiəsinə qoşuldu. Nəticədə “Dəmir yumruq” kimi sıx birləşərək Zəfər tarixi yazdılar. Azərbaycan Ordusunun”Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşdü.
    Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, qazanılmış qələbədə Tərtərlilər də böyük şücaət göstəriblər.
    Məlumdur ki, Tərtər də erməni təcavüzündən çox əziyyət çəkib. Ərazilərdə tez-tez atəşkəs pozulurdu, dinc sakinlərə ziyan vurulur, ölüm hadisələri baş verirdi. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı da Tərtər dağıntılara məruz qalmışdır. 44 gün davam edən Vətən müharibəsində həmişəki kimi rayonumuz düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlər dağıldı, hərbi və mülki şəhidlərimiz oldu. Rayonumuz İkinci Qarabag savaşı dövründə 43 hərbi, 16 mülki şəhid vermiş, 1 nəfər itkin düşmüşdür. 44 günlük müharibə zamanı rayonun ərazisinə ermənilər tərəfindən 16 mindən çox mərmi atılmışdır. 3500-dən çox fərdi ev, çoxmərtəbəli binalarda 1730-dan çox mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana zərər çəkmişdir. Sakinlərimiz ev-eşiklərindən didərgin düşmədilər. İş adamları rayonu tərk etmədi. Tərtərlilərlə birlikdə rayon ic-ra hakimiyyətinin rəhbərliyi Tərtərdən bir addım uzaqlaşmadı, təşkil olunmuş sığınacaqlarda arxa cəbhənin müdafiəsində dayandılar. Rayon mərkəzi xəstəxanasının, təcili yardım stansiyasının həkim, tibb bacıları və sürücüləri, elektrik şəbəkəsinin, kommunal təsərrüfatı idarəsinin nüma-yəndələri, rayon təhsil şöbəsinin, statistika idarəsinin nümayəndələri və bir çox insanlarımız arxa cəbhədə fədakarlıqla fəaliyyət göztərdilər. İdarə rəhbərləri ilə bərabər şəhər sakinləri, Birinci Qarabağ Müharibəsi Qaziləri, Gənclər Birliyinin, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri evlərini tərk etməyən vətəndaşlarımızın gündəlik ehtiyaclarının təmin olunmasında və digər işlərdə öz güclərindən maksimum istifadə edirdilər. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə demişdir: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində, düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.
    30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsarətdən azad olunmuş, tariximizə yeni bir gün – “Zəfər Günü” əlavə olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri aparılır. Tərtərdə də müharibə zamanı dağıdılmış ərazilərin bərpası üçün əzmlə çalışırlar.

    Müəllif: Redaktor, 09:56

İsmarıclar bağlıdır.