Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

                                                            YAŞAYAN XATİRƏLƏR

    Mayın 26-da 26 yaşı tamam oldu. İlk dəfə olaraq ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, yaşadığı kəndin sakinləri, hərbiçi dostları onsuz ad günü keçirdilər. Şəhidin xatirəsinə tikilmiş bulağın açılışı oldu. Həmin gün böyük də, kiçik də Rəşad haqqında danışdı. Mirzəli Rəşad Hafiz oğlundan hamı xoş sözlər söylədi. Dedilər ki, Rəşad Mirzəli Hacıqərvənd kəndinin igid, mərd oğullarından biri idi. Süfrə açıldı, tort kəsildi. Hamının gözü Rəşadı axtardı. Ən çox da anası Afidənin, Qarabağ müharibəsi veteranı olan atası Hafizin, bir də təkcə qalmış qardaşı Amilin gözləri. Nə qədər axtarsalar da, gəzsələr də, görünməyən Vətənin şəhid oğlu yaşayırdı, ürəklərdə və xəyallarda.
    Xatirələr çözələnirdi. Yeniyetməlik dövründən, ali məktəb arzularından, hərbi xidmətindən, bir zabit kimi Vətənə xidmətindən, camaat arasındakı xətir-hörmətindən, bir də ata-anaya, doğmalara qarşı qayğısından bol-bol danışdılar. Rəşad Vətən uğrunda canından, qanından keçən yüzlərlə şəhid oğullardan biri idi, Vətən qeyrəti çəkən, torpaq uğrunda fəda olan cəsur gənc idi.
    Mən də bu igid həmyerlimizin şücaətindən halı olmaq üçün Mirzəli Rəşadın böyüdüyü ailənin qonağı oldum. Onun haqqında bəzi məlumatları oğul həsrəti ilə qovrulan ananın–Afidə müəllimin öz dilindən eşitdim.
    Rəşad böyük qardaşı Amillə birlikdə Hacıqər-vənd kənd tam orta məktəbin birinci sinfinə eyni gündə gedib. Hələ o vaxt 5 yaşı varıydı. Yaşı məktəbə düş-məsə də, marağını görüb, onu sorğu-sualdan sonra birinci sinfə qəbul ediblər.
    İllər ötdükcə Rəşadın təhsildəki uğurları həmin məktəbdə dərs deyən Afidə müəllimi fərəhləndirirdi. Rəşad isə kiçik yaşlarından: “Mən hərbiçi olacağam”–deyirdi. O, doqquzuncu sinfi bitirdikdən sonra komandirlər məktəbinə işlərini təqdim edir, lakin bəzi səbəblərdən həmin məktəbə qəbul ola bilmir. Yenidən orta məktəb təhsilini davam etdirir. Ürəyindəki hərbiçi olmaq arzusu onu tərk etmir. Daha mükəmməl hazırlaşmağa çalışır. Lakin, onbirinci sinfi də bitirdikdən sonra da Hərbi Akademiyaya qəbul ola bilmir.
    2013-cü ilin iyun ayının 1-də həqiqi hərbi xidmətə yollanır. Sülhməramlılar taboruna düşdüyü üçün bir neçə ay Bakı şəhərindəki hərbi hissələrin birində xidmət etdikdən sonra Əfqanıstana göndərilir. Bir il orada xidmət edir. Doğmalarından təkcə atasının xəbəri olur Rəşadın Əfqanıstanda xidmət etməsindən. Hərbi xidməti başa çatdıqdan sonra doğma kəndə valideynlərinin yanına qayıdır.
    Hərbiçi olmaq arzusu xidmət müddətindən sonra da tərk etməyir Rəşadı, ək-sinə, istəyi daha da artır. Ona görə də qərara alır ki, müddətdən artıq xidmətə yazılsın. 2015-ci ilin aprelində öz xoşu ilə hərbi hissələrin birində müddətdən artıq xidmətə başlayır. Onu bölükdə TTM–təlim-tədris mərkəzində işə qəbul edirlər. Rəşad Əfqanıstanda öyrəndiklərini gənc əsgərlərə həvəslə təbliğ etməyə başlayır. Beləliklə cəbhə bölgəsindəki hərbi hissələrdən birində 3 illik müqavilə ilə müddətdən artıq xidmətini davam etdirir Rəşad. Onun taktiki bacarığı, savadı taqım komandirinin gözündən yayınmır. Komandir, Rəşadı taqım komandirinin müavini vəzifəsinə təyin edir. Cəbhə bölgəsində xidmət edən Rəşad həm özü, həm də əsgərlərinin Vətənin mübariz vətəndaşları olmalarına çalışır. Əsgərlərə düşmənlə mübarizədə cəsarətli, mərd olmağı həmişə tövsiyyə edir. Hərbi hissəyə yeni gəlmiş əsgərlərdən isə öz qayğısını heç zaman əsirgəmir. Bunu Afidə müəllim də həmişə oğlundan xahiş edirdi. Rəşad isə anasına belə çavab vermişdi: “40 nəfər əsgərim var, hərəsi bir rayondan gəlib, hərəsi bir ata-ananın övladı, bir evin ümid çırağıdır. Heç onları qayğısız buraxmaq olarmı? Narahat olma, ana, hamısı mənim qardaşlarımdır. Biz hərbiçilərin bir amalı var: Vətənə layiqincə xidmət etmək. Lazım gələrsə canımızdan belə keçməliyik”.
    Birinci Qarabağ müharibəsindəki döyüşləri haqqında atasından çox eşitmişdi Rəşad. Yaxşı bilirdi ki, mənfur erməni bizim əbədi düşmənimizdir. Elə hərbiçi olmasının da bir səbəbi bu idi ki, erməni cəlladlarına qarşı amansız olsun. Hər baş verəcək təxribatın qarşısını almaq iqtidarında olmalıyıq. Onu da bilirdi ki, son illərdə bizim güclü Ordumuz yaranıbdır. Hərbiçilərimiz hər an düşmən həmləsinə hazır idi. Vətənimizin 30 ilə yaxın bir həsrəti var, o da torpaq, yurd həsrətidir. Bu həsrətə son vermək vaxtı çatmışdır. Nəhayət 2020-ci il sentyabrın 27-də belə bir gün gəldi. Ordumuz səfərbər oldu. Ordu ilə xalq birliyi yaran-dı. Mirzəli Rəşad sentyabrın 27-də evlərinə gələsi idi. Lakin həmin gün gələ bilmədi, müharibə başladı. Rəşadın bölüyü Talış, Murovdağ, Kəlbəcər yolu istiqamətində döyüşə qatıldı. “Qaranlıq meşə “ deyilən bir yerdə erməni postu yerləşirdi. Oktyabrın 1-də sağ və sol cinahdan 2 bölük, Rəşad isə 12 nəfər döyüşçü ilə ortada irəliləməyə başladılar. Bu anda ermənilər tərəfdən Azərbaycan dilində çağırış eşidilir. Rəşad inanmayıb, döyüşçülərə atəş açmaq əmri verdi. Tez bir zamanda həmin post alındı. Orada şəhid də, yaralanan da oldu. Rəşad da qolundan və bir neçə yerindən yara aldı. Başqa yaralılarla birlikdə onu da xəstəxanaya göndərmək istədilər. Lakin Rəşad xəstəxanaya getmədi, taqımın uşaqlarını tək buraxmadı, 1-2 saatlıq evlərinə gəlib yarasını anasına sarıtdırıb, geri döyüş yoldaşlarının yanına qayıtdı. Qayıtmamışdan əvvəl yataq otağında hərbi əşyalarından öz əli ilə düzəltdiyi sərgini anasına tapşırdı. Və onu səliqəli saxlamasını xahiş etdi. Yenidən döyüşə qatıldı. Tərtərli Tural Quliyevin, Kürdəmirli Əli Məmmədovun şəhid olmaları xəbəri Rəşadı çox məyus etdi. Şəhidləri həlak olduqları ərazidən çıxarmaq üçün komandiri geri qaytararaq, özü irəli gedir və şəhid leytenantı götürüb geri qayıdır. Yenidən döyüş mövqeyinə qayıdanda Rəşad düşmən tərəfindən atılan mina qəlpəsinə tuş gəlir, orada şəhid olur.
    Anası Afidə müəllimlə söhbət zamanı onu da öyrəndim ki, Rəşada sevdiyi bir qızın da “hə” sini alıblarmış, həm də o Mingəçevir şəhərində İdman və Turizm kollecində təhsil alırmış. Rəşadın şəhid olması ilə bütün arzuları, istəkləri yarımçıq qaldı. Onun döyüşlərdəki şücaəti “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə qiymətləndirilib. İndi Rəşadın otağında öz əli ilə düzəltdiyi sərgidə bütün əşyaları ilə birlikdə Əfqanıstanda komandiri tərəfindən təqdim olunmuş gümüş saat da özünə yer alıb. Adına bəzədilmiş otaqda Rəşad adıyla dolu çoxlu xatirələr yaşayır.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.