Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Hal-hazırda Ağdərə rayonundan rayonun tabeliyinə verilmiş yaşayış məntəqələrinin çoxu işğal altındadır. Rayonun bir neçə kəndi cəbhədə yerləşdiyindən Tərtər ətrafında tez-tez döyüşlər gedirdi. Birinci Qarabağ müharibəsi dövründə Tərtər rayonundan 300-dən çox şəhid olub. Son 5 il ərzində 20 nəfərə yaxın tərtərli ermənilərin basdırdığı minalara düşüb.
Ermənilər Birinci Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istər 1994-cü ildə, istər 2016-cı ildə, istərsə də 2020-ci ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. Birinci Qarabağ müharibəsi dövründə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45–50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi.
2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndində baş verən döyüşlərdə Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək şəhid olub. Mübariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danışmağa qadağa qoyulub. Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.
2016-cı ildə Dördgünlük müharibə nəticəsində Tərtə-rin Talış və Seysulan kəndləri ətrafındakı strateji yüksəkliklər işğaldan azad edildi.
2020-ci ildə İkinci Qarabağ müharibəsində Suqovuşan və Talış kəndləri tamamilə işğaldan azad edilib.