Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyl

                                                                  MÜHARİBƏNİN YARATDIĞI İNAM

    44 günlük müharibədən 8 ay keçməsinə baxmayaraq hələ də aldığı yara sağalmayıb, əlilliyinə səbəb olub. Haqqında yazmaq istədiyim qazimiz 1979-cu il oktyabrın 4-də İrəvanlı kəndində doğulan Abdullayev Arzuman Qasım oğludur. O bu günlərdə redaksiyamızın qonağı oldu. Ömrünün bu gününə kimi keçən anlarından–yeniyetməlik çağlarından, hərbi xidmət dövründən, bir də Vətən müharibəsi dövründən qarşılaşdığı dəhşətli günlərdən söz açdı. Dedi ki, onun yeniyetməlik dövrü doğulduğu İrəvanlı kəndində keçib. Orta məktəbi bitirdikdən sonra kişilik məktəbi olan həqiqi hərbi xidmətə çağrılıb. Xidmət müddəti Füzuli rayonunda keçib, motoatıcı bölüyündə xidmət edib. Xidmət müddətini uğurla başa vurduqdan sonra doğma kəndinə qayıdaraq təsərrüfat işləri ilə məşğul olub.
    Arzumanı bu müddətdə narahat edən, hər an onu düşündürən bir fikir vardı, necə etsin ki, orduda xidmət etməyə yazılsın? Doğrudur, əli boş deyildi, təsərrüfat işlərindən ruzisi çıxırdı. Amma orduda xidmət etmək arzusu onu rahat buraxmırdı. 2016-cı ildə Arzumanın arzusu reallaşdı. Goranboy rayonundakı hərbi hissələrdən birində təminatcı vəzifəsinə qəbul olundu və orda 2 il işlədikdən sonra onu Ağcakənd kəndindəki hərbi hissəyə göndərdilər. Burada da həmin vəzifədə çalışmalı oldu. 2020-ci il sentyabr ayının 27-də Arzumangilin taborunu Gülüstan istiqamətinə göndərdilər və tapşırıq oldu ki, Talış, Murovdağ istiqamətindəki döyüş bölmələrimizin təminatını təşkil etsinlər.
    Artıq 10 gündən çox idi ki, qanlı döyüşlər gedirdi. Gah torpaqlarımızın azad olunması barədə şad xəbər eşidilirdi, gah da döyüşçülərimizin şəhid və yaralanmaları haqqında məyusedici xəbərlər yayılırdı. Lakin heç nə Vətən sevgisini üstələyə bilmirdi. Ordu da xalq da həmrəylik göstərərək 30 illik həsrətə son qoymağa çalışırdı.
    2020-ci il 9 oktyabr. Təminat taqımına əmr edilir ki, Talış istiqamətində irəliləməlidir. Arzuman da həmin taqım üzvülərindən biri idi. Özü həmin günü belə xatırlayır:
    ––Tapqaraqoyunlu kəndinin üstündəki İncə çayında dayanıb arxadan gələn maşınları gözləyirdik. Birdən erməni postlarından kəndi atəşə tutdular. Həmin vaxt düşmən qırıcısı bizi çayın içində bombaladı. Taqım üzvülərindən burada yaralananlar oldu. Mən də yaralandım– qolumdan, bədənimdən. Hətta özümü bilməmişəm. Bizi “Təcili yardım” maşını ilə Tapqaraqoyunlu tibb məntəqəsinə, sonra Naftalan xəstəxanasına çatdırdılar. Yaralılara ilkin yardım edildikdən sonra Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxanaya köçürdülər. Özümə gələndə bilmişəm ki, təkcə yaralanmamışam, həm də kəllə-beyin “travması” almışam. Bir ay yarımdan çox burada müalicə olunmuşam, əməliyyat olunmuşam. Sonra müalicəm Papalin xəstəxanasında davam etdirilib. Yenidən orada əməliyyat edilib 3-cü qrup Vətən müharibəsi əlili kimi evə göndərilmişəm. Hazırda hələ də müalicəm davam edir, qolum işləmir. Onu da xatırladım ki, bu döyüşdən sonra mən Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.
    Arzumanın dediklərindən sonra düşünmürəm ki, yüzlərlə şəhid versək də, yüzlərlə oğullarımız yarımcan qalsa da, illərin həsrətinə son qoyuldu. Vətənimizin ərazi bütövlüyü təmin edildi. Doğrudur, el-obasından didərgin düşən soydaşlarımız düşmən tərəfindən ərazilərimizin minalanmasına görə öz yurdlarına qayıda bilməsələr də, bir inam yaradılıb – doğma ocaqlarında yaşamaq inamı. İnşallah bu arzuya da çatmağa az qalıb.

     

    Müəllif: Redaktor, 10:11

İsmarıclar bağlıdır.