Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.
                                                                                                 İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Nuranə Abdullazadə, rayon təhsil şöbəsinin müdir əvəzi vəzifəsini icra edən

    Nuranə xanım 1993-cü ildə Bakı şəhərində anadan olub. Bakıdakı 53 saylı orta məktəbi bitirib. 2011-ci ildə BDU-nun Coğrafiya fakültəsinə, 2015-ci ildə magistraturaya qəbul olub və oranı fərqlənmə diplomu ilə biti-rib.
    2018-ci ildə dövlət qulluğuna imtahan verib və Tərtər rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə qəbul edilib. 2019-cu il onun həyatında xüsusilə yaddaqalandır. O, AMEA-nın Coğrafiya İnstitutunun dissertanturasına qəbul oldu və hazırda orada təhsilini davam etdirir.
    2021-ci ilin avqust ayından Nuranə xanım rayon təhsil şöbəsinə rəhbərlik edir.
    O, ailəlidir, rayonumuzun Qaradağlı kəndində yaşayır. Bir qız övladı var.
    Nuranə xanımın qısa, lakin çox zəngin tərcümeyi-halı ilə tanış olduqca, bir məsələ məni düşündürdü. Vaxt vardı ki, kənd qızları şəhərdə yaşayan oğlanla ailə qurmağı özləri üçün böyük şans hesab edirdilər, şəhər qızları isə çox az hallarda kəndə gəlirdilər.
    – Bəs, Nuranə xanımın bu barədə fikri nədir? – deyə sual verdim.
    – Azərbaycanın hər qarışı mənim üçün doğmadır. Qaradağlı kəndini xüsusilə sevirəm. Bir də ki, şəhər və kəndin fərqi haqqında əvvəllər danışmaq olardı. İndi ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində kəndlərimizin infrastrukturu tamamilə yenilənib. Yəni işıq, su, qaz problemləri həll olunub, rahat yollar çəkilib, sakinlər özləri üçün yaraşıqlı evlər tikdiriblər. Kəndimizdə müasir uşaq bağçası, məktəb var. Bir də ki, insan ailədə özünü rahat hiss edirsə, harada yaşamağın fərqi yoxdur. Məncə, əsas məsələ odur ki, qadın həm ailədə, həm çalışdığı sahədə üzərinə düşən vəzifələri yerinə yetirə bilsin. Əlbəttə, bunun üçün ətrafdakıların münasibəti, köməyi də vacibdir. İş yerində kollektivimizə, evdə isə ailəmə arxalanıram. Bununla belə təhsilimi də uğurla davam etdirirəm.
    Söhbət zamanı Nuranə xanım şagirdlərimizin istedadlı olmasından, dərsləri ilə yanaşı rəsm çəkməyə, idmana, musiqiyə böyük həvəs göstərmələrindən həvəslə danışdı. Bildirdi ki, onların bu qabiliyyətini inkişaf etdirmək məqsədi ilə vaxtaşırı rayon üzrə müxtəlif müsabiqələr, olimpiadalar keçirilir. Fərqlənən uşaqlar həvəsləndirilir.
    Nuranə xanım deyir ki, müasir həyatımız o qədər inkişaf edib ki, gələcəkdə ağıllı kəndlərdə, şəhərlərdə yaşayan hər bir insanın təhsili, savadı olmalıdır. Ona görə həm tərtərli məktəblilərin yaxşı oxuması, həm də öz övladının savadlı, xeyirli bir vətəndaş kimi böyüməsi onun ən böyük arzusudur.

    Müəllif: Redaktor, 10:10

İsmarıclar bağlıdır.