Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,140
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr

                                                    VƏTƏN MÜHARİBƏSİNİN TƏRTƏR ŞƏHİDLƏRİ

    3 gündə 3 düşmən tankını məhv etdi

    Baş çavuş Aslan Hüseynov 1988-ci ilin oktyabr ayının 6-da Rusiyanın Orenburq vilayətində dünyaya göz açıb. Sonradan ailə yenidən Azərbaycana qayıdıb. O zaman artıq ermənilərin azərbaycanlılara qarşı torpaq iddiaları başlamışdı. Onun bütün uşaqlığı bu dövrə təsadüf etmişdi.
    2006-cı ildə Qaradağlı kənd orta məktəbini bitirən Aslan həmin il hərbi xidmətə yollanır və əsgərliyini Bakı şəhərində keçir. Komandirləri onun hərbiyə olan marağını yüksək qiymətləndirir və bu sahədə hazırlığını artırmağı tövsiyə edirlər. 2008-ci ildə həqiqi hərbi xidmətini başa vuran gənc 2014-cü ildə yenidən orduya qayıdır və öz qərarını valideynlərinə belə izah edir:
    – Torpaqlarımız işğal altındadır. Bu işğala son qoymaq üçün hər birimiz çalışmalıyıq. Mən bilirəm ki, hərbi sahədə Vətənimə daha çox xeyir verəcəyəm.
    O, yalnız xidmət etmirdi, həm də öz üzərində ciddi çalışır, müxtəlif kurslarda hərbi biliklərini artırırdı. Bununla bağlı evlərində sertifikatlar, təşəkkürnamələr qorunub saxlanılır. Deyirlər ki, Aslan xüsusilə Spayk raket kompleksi üzrə kursu bitirməsi ilə fəxr edirdi. İsraildə istehsal olunan bu qurğunu mükəmməl idarə etməyi bacaran hərbçilər çox az idi. Onlardan biri həm kursda bir yerdə oxuduğu, həm də Aprel döyüşlərində birgə iştirak etdiyi Ələsgərli kəndindən olan Ruslan idi. Aslan hərbi biliklərini artırdıqca, onları yalnız təlimlər zamanı deyil, həm də canlı döyüşlərdə düşmənə qarşı tətbiq etmək, torpaqlarımızın işğaldan azad olunmasında vuruşmaq istəyi ona rahatlıq vermirdi.
    Aprel döyüşləri bu arzusunun reallaşması üçün fürsət oldu. Həmin vaxt Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Mirdaməd Bağıyev onun komandiri idi.
    Anası İradə xanım deyir ki, Aslanın yanında kimsə deyəndə ki, müharibə olmasın, xoşu gəlməzdi. Bildirirdi ki, biz aciz deyilik. Ermənilərin cavabını verməliyik ki, xalqımızın, dövlətimizin başını uca edək. Dediyi kimi də elədi. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinə böyük ruh yüksəkliyi ilə qatıldı, şücaətlər göstərdi və adını tarixə yazdı. Müharibənin 3 günü ərzində o, 3 düşmən tankını vurdu.
    Aslanın qardaşı İskəndər Hüseynli də 44 günlük müharibənin iştirakçısıdır. O, özüyeriyən toplardan atırdı. Deyir, xəbər gəldi ki, Aslan erməni tankını vurub, ancaq özü də qəlpə yarası alıb.
    Qorxmaz döyüşçünün həyatını xilas etmək mümkün olmadı. O, Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
    Bu gün onun övladları Aysu və Kənan, elə Azərbaycanımızın bütün balaları bütöv, azad və suveren bir dövlətdə böyüyürlər. Aslanın da arzusu bu idi.
    Aslan Hüseynov hərbi qulluqda fərləndiyinə, eləcə də Aprel döyüşlərində və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Şücaətə görə”, “Azərbaycan Ordusunun 100 il-liyi”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeninə, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medallarına layiq görülüb.
    Tərtər şəhərində küçələrdən birinə Aslan Hüseynovun adı verilib.

     

    Müəllif: Redaktor, 09:31

İsmarıclar bağlıdır.