Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    BUNLAR XATİRƏ DEYİL…

    Bir ana əllərini göylərə açıb dayanmadan dua edir. Onun baxışlarında yalvarış, məhəbbət, həyəcan, qorxu hissləri var. Kimdir bu ana? Nə istəyir Uca Yaradandan?
    Başının üstündən keçən mərmilərin dəhşətli səsi qadını diksindirir. Ancaq o, yenə də yerindən tərpənmir. Mərmilər onu yaralaya bilər, öldürər, ana bunlardan qorxmur, o, bütöv bir Azərbaycan xalqı üçün, qüdrətli Ordumuz üçün, bu Ordunun tərkibində cəsarətlə döyüşən iki oğlundan ötrü dua edir, Allahdan onların hifz olunmasını istəyir.
    Bütün analar kimi, o da müharibə arzulamırdı. Çünki ömrünün elə yarısını mü-haribə şəratində yaşamışdı. Ömür-gün yoldaşını müharibəyə göndərib, gecəni-gün-düzə qatıb, yolunu gözləmişdi. Uşaqların atası yaralanıb üstünə gələndə, əvvəlcə özünü itirmişdi, lakin sonradan başa düşmüşdü ki, acizliklə erməni adlı bir bəladan yaxa qutarmaq olmaz. Odur ki, otuz illik atəşkəs dövründə özü də, həyat yoldaşı da düşmənin nə qədər təhlükəli olduğunu övladlarına çatdırmağa çalışmışlar.
    Bu ana rayonumuzun Səhlabad kəndində yaşayır. Adı isə Səadət xanımdır. Onun həyat yoldaşı Bayram İbrahinov I Qarabağ müharibəsi iştirak-çısı, II qrup əlildir. Torpaqlarımızın müdafiəsi sahəsində fəaliyyətinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
    Bəs nəyə görə bu yazımıza məhz Səadət ananın duaları ilə başladıq? Ona görə ki, Qarabağ döyüşçüsünün ailəsində böyüyən iki oğul övladı da atasının nümunəsində məhz hərb yolunu seçmişlər. Onlar-dan biri–Vətən müharibəsi iştirakçısı Səbuhi İbrahimov deyir:
    – Qardaşım və mən anamızla görüşüb cəbhəyə yola düşəndə, onun saçlarına tək-tək dən düşdüyünü görüb kövrəlmişdik, çünki biz onu heç zaman qoca hesab etməmişdik. Bizdən ötrü anamız hər bir çətinliyə tab gətirə bilən, həmişə güclü olan bir qadın idi. Müharibə bitəndən sonra isə bizi tamamilə bəyaz saçlı bir qadın qarşıladı. Ancaq onun görkəmində, baxışlarında ey-ni zamanda başqa bir dəyişiklik də vardı. Qarşımızda qalib Ordunun zabitlərinin anasını gördük! Saçları ağarsa da, gözlərində fəxarət hissi necə də güclüydü!
    Hər bir azərbaycanlı kimi Səadət ana da şəhidlərimiz üçün, evlərinə qazi kimi dönən oğullar üçün çox üzülür. Ancaq indi onun ürəyi rahatdır.
    Səbuhi müəllim deyir:
    – 44 gün ərzində nə mən, nə də qardaşım yaşadıqlarımız barədə ailəmizə heç bir söz deməmişdik. Ancaq indi danı-şırıq. Düzdü, bizim üçün danışmaq, onlar üçün isə dinləmək olduqca çətindir. Çünki bunlar xatirə deyil. Baş verənlər 44 gün ərzində yaşanan və bəlkə də bir əsrə sığmayan həyatdır. Danışdıqca yenidən o hadisələrin iştirakçısı oluruq, bizi dinləyənlər isə, necə deyərlər, hər bir şəhidin yoxluğunu, yaralının keçirdiyi ağrı-acını əyani olaraq hiss edirlər. Bununla belə, müharibə haqqında danışmaq da lazımdır, dinləmək də.
    Səbuhi müəllimin dediklərindən:
    –Mən əvvəlcə Ağdam istiqamətində döyüşürdüm. Bölük komandiri idim. Oktyabrın
    4-dən 5-nə keçən gecə ermənilər postumuza basqın et-mişdilər. Gecəynən diversiyanın qarşısı alındı və güclü döyüş başladı. Düşmən artil-leriyası dayanmadan mövqelərimizi atəşə tuturdu. Biz tərəfdən lazımi cavab tədbirləri görülsə də, itkilərimiz də oldu. 9 nəfər yaralandı, 2 yoldaşımız – Kənan və Müşfiq şəhid oldular. Heç birinin son sözünü, vəsiyyətini ala bil-mədik. Biri ürəyindən vurulmuşdu, birinin yanında mina partlamışdı.
    Əvvəlcə Mingəçevirdən olan Abdullanın da şəhid olduğunu düşündük. Lakin sonra məlum oldu ki, o, başından və ayağından yaralanıb, ancaq sağdır. Abdullanı hospitala göndərib həyatını xilas etdik.
    Mingəçevirli Sadiq Paşayev də yaralı vəziyyətdə neytral zonada qalmışdı. Güllə onun çiynindən dəymişdi, ciyərındən isə qəlpə yarası almışdı. Sadiqi neytral zonadan özüm çıxardım. Onu çiynimdə aparırdım, hiss edirdim ki, çoxlu qan itirir, buna baxmayaraq, Sadiqə də vaxtında tibbi yardım göstərib, həyata qaytara bildik. İki ilə yaxın vaxt keçib, indi də o səhnəni, yoldaşımın qanının kürəyimdən süzülüb axdığını unuda bilmirəm.
    Sonralar onlar Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak ediblər.
    Səbuhi müəllim həmin vaxt telefonla çəkilən bir şəkli bizə göstərib dedi:
    –Döyüşlərarası bir az sakitlik idi. Bölüyümüzdəki Adil həkimlə danışdıq ki, bir-birimizin şəklini çəkək, əgər birimiz şəhid olsaq, o birisi həmin şəkli ailəsinə çatdırsın. Qayaya çıxdım və həkim mənim şəklimi çəkdi. İndi həmin səhnəyə baxanlar təəccüblərini gizlədə bilmirlər. Şəkildə düz başımın üstündə havada artilleriya mərmisi var. Deməli, o mərmi məhz həmin an başımızın üstündən keçib, ancaq partlamayıb. Bunun özü də bir möcüzədir.
    * * *
    İbrahimov Səbuhi Bayram oğlu şəhid Vüqar Məmmədov adına Səhlabad kənd tam orta məktəbinin gənclərin çağırışa hazırlıq rəhbəri, həm də fiziki tərbiyə müəllimidir. O, 1982-ci il noyabrın 28-də Səhlabad kəndində anadan olub. Orta təhsilini bu kənddə alıb, 2004-cü ildə isə Azərbaycan Pedaqoji Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışa hazırlıq fakültəsini bitirib.
    Elə həmin il müddətli həqiqi hərbi xidmətə çağırılıb, orduda olarkən təlim-tədris mərkəzindəki hazırlıq kurslarında təlim keçib və leytenant rütbəsi alıb. “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmət edib. 2007-ci ildə ehtiyata buraxılıb. Elə həmin vaxtdan da pedaqoji fəaliyyətə başlayıb.
    O, 2007-ci ildə ailə qurub. Bir oğlu, bir qızı var.
    Səbuhi müəllim Vətən müharibəsinə könüllü gedib. Özü bu barədə belə deyir:
    – Atam coğrafiya-biologiya müəllimidir. Yadımdadır ki, evimizdə həmişə xəritə olardı. Atamın döyüş yoldaşları bizə gələndə, xəritənin ətrafına toplaşıb, işğal altında olan ərazilərimizdən, bu yerlərdə necə vuruşduqlarından ürək ağrısı ilə danışırdılar. Biz uşaqlar isə bu söhbətləri dinləyə-dinləyə böyüyürdük. Müharibə zamanı işğaldan azad edilmiş ərazilərə ilk dəfə ayaq basanda, mənə elə gəlirdi ki, mən buraları artıq tanıyıram, atamın xəritəsindən, veteranların söhbətlərindən. Bir komandir kimi qərar qəbul etməkdə həmin o bilgilər mənə kömək edirdi.
    Səbuhi müəllim döyüş zamanı düşmənin sanitar maşı-nını sıradan çıxardığına görə baş leytenant rütbəsi alıb. O, “Ağdamın azad olunmasına görə” və “Fədai” medalları ilə təltif olunub.
    Səbuhi müəllimin 2 qardaşı və bir bacısı var. Kiçik qardaşı Sahib İbrahimov hal-hazırda orduda xidmətini davam etdirir. Vətən müharibəsində yaralanıb. Mayor rütbəsinə qədər yüksələn Sahib müəllim “Zəfər” ordeninin və 5 medalın mükafatçısıdır.
    Qardaşları Gündüz də orduya getmək istəyirmiş, lakin 2 qardaşı cəbhədə olduğu üçün, onu aparmayıblar. Gündüz müəllim ali təhsillidir. Hazır-da elektrik şəbəkəsi idarəsində nəzarətçi-mühəndis işləyir.
    Beləcə, bu gün oxucularımıza rayonumuzun döyüşən müəllimlərindən biri haqqın-da söhbət açdıq. Gələcəkdə bu rubrikanı davam etdirəcəyik ki, onları siz də tanıyası-nız.

     

    Müəllif: Redaktor, 10:42

İsmarıclar bağlıdır.