Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Sen

    Zirehli tank xidmətinin rəisi

    İlkin Abbasov 44 günlük Vətən müharibəsinin ilk günündən Qələbə gününədək cəbhədə döyüşən müəllimlərimizdəndir. O, Köçərli kənd tam orta məktəbində riyaziyyat və informatika fənlərini tədris edir.
    Bu günlərdə İlkin müəllimi redaksiyamıza dəvət etdik. O, hər günü tariximizə qızıl hərflərlə yazılan müharibə barədə söhbət etdi.
    İlk növbədə bildirdi ki, müharibəni heç kim istəməsə də, həmyaşıdları, eləcə də o özü bu savaşın başlamasını ruh yüksəkliyi ilə qarşılamışdı. Çünki 30 ildən artıq bir müddətdə erməni qonşularımızdan daimi olaraq zərbələr alınmışdı.
    Odur ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışı ilə bütün xalq “dəmir yumruq” ətrafında birləşərək, düşmənlə mübarizəyə atıldı.
    İlkin müəllim deyir:
    – Sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi toplantıya çağırıldım. N. saylı hərbi hissədə təlimlərdə iştirak etdim. Sentyabrın 27-si gü-nünü heç vaxt unutmaram. Biz tərəfdən atılan hər bir mərmi sanki ürəyimizdən tikan çıxarırdı. Bu, düşmənin çoxillik vəhşiliyinin cavabı idi. Hər birimiz bunu anlayırdıq, ona görə də əsgərlərimizi dayandırmaq olmurdu.
    İlkin müəllimin döyüş yolu Goranboy rayonunun Hacallı kəndindən başlayıb. Ondan müharibənin bir günü barədə danışmasını xahiş etdik. O, sentyabrın 28-də baş verənlər barədə dedi:
    – Müharibənin ikinci günü idi. Qızğın döyüş gedirdi. Hər iki istiqamətdə göydə mərmilər uçur, partlayış səsləri ətrafı bürüyürdü. Komandirimiz, mayor Rəşad Atakişiyev irəlidəydi. Yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində komandir ağır yaralandı. Döyüş yoldaşlarımla yaxınlaşıb onu həmin yerdən uzaqlaşdırdıq. Biz oradan yenicə aralaşmışdıq ki, düşmən yenidən o yeri vurdu. Mərmilərin qəlpələri ətrafa dağılaraq, hər addımda ölüm təhlükəsi yaradırdı. Biz komandiri “ZİL-131” maşınına qoyaraq, təcili yardım heyətinə çatdırdıq və artıq burada həkimlər ona ilk tibbi yardım göstərdilər. Bu, mənim müharibədə gördüyüm ilk yaralı idi. Biz onun həyatını xilas edə bildik. İndi də telefonla danışanda, o, bu hadisəni minnətdarlıq hissi ilə xatırlayır.
    Qızılhacılıdan başlayan döyüş yolu Tapqaraqoyunludan, Murov yüksəkliyin-dən,Talışdan keçib. Hərbi hissədə onun vəzifəsi texniki təminat bölməsində zirehli tank xidməti rəisi idi. Vurulan tankları döyüş meydanından çıxarıb, hərbi hissədə bərpa edib, geri qaytarırdılar. Hərbçilərə mərmi daşıyır, isti yemək aparırdılar. Döyüş meyda-nında qalan erməni tanklarını, silahları hərbi qənimət kimi götürüb hərbi hissəyə təhvil verirdilər.
    – İşimiz çox idi və bu işi böyük məsuliyyətlə yerinə yetirirdik,– deyir İlkin müəllim.
    Döyüşən müəllimimiz bir məsələni də xüsusi olaraq qeyd etdi. O bildirdi ki, hərbçilərimiz kəndlərdən keçərkən əhali, sadə insanlar onları böyük sevinclə qarşılayıb, əllərindən gələn köməkliyi edirdilər. Əsgər-lərimizin təminatı çox yaxşıydı, onların heç nəyə ehtiyacı yox idi, bununla belə yaşlı bir nənənin əlində bir vedrə meyvə onların yoluna çıxması, xeyr-dua verməsi ordunun onsuz da yüksək olan əhval-ruhiyyəsini artırırdı.
    İlkin müəllim müharibəyə leytenant rütbəsində qatılmışdı, baş leytenant kimi Qələbəni qarşıladı. Həmin ilin dekabrın 28-də ordudan təxris edildi.
    Qeyd edək ki, Abbasov İlkin Məhərrəm oğlu 1979-cu il sentyabrın 30-da Köçərli kəndində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetini bitirib, sonra müddətli həqiqi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Gəncə Müəllimlər İnstitutunun ixtisasartırma kursunu bitirib və riyaziyyat-informatika ixtisasına yiyələnib.
    2004-cü ildən Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbində işləyir. Üç övlad atasıdır.
    İlkin müəllimə sonuncu sualım belə oldu: Müharibədən əvvəlki müəllimlik fəaliyyətinizlə indiki fəaliyyətiniz arasında fərq varmı?
    –Əlbəttə, var. Bu gün mən şagirdlərimin qarşısında qalib bir Ordunun zabiti kimi dayanır və bundan qürur duyuram. Uşaqların müharibə barədə saysız-hesabsız suallarına real faktlarla cavab verirəm. Çalışıram ki, böyüyən nəsil baş verənləri, şəhidlərimizi və qazilərimizi heç zaman unutmasın.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.