Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

           Tofiq Yusif-65
    DSC_4400Tofiq Yusif haqqında fikir söyləmək mənim üçün çox çətindir.  O, gözəl insan, gözəl dost, gözəl şairdir.
    Zəmanəmizin mənəvi dəyərlərinin ucuzlaşdığı bir şəraitdə bunların hər üçü çətindir. İnsan olub insan kimi qalmaq da, axıradək   dost kimi etibarlı olmaq da, şair olub Vətənini, Yurdunu sonsuz bir məhəbbətlə tərənnüm etmək də, onun dərdlərini çiyinlərində daşıya bilmək də çətindir.

    Bilmirəm, hansı daha güclüdür onda. Deyəsən hər üçü. Həm insan, həm dost, həm də şair kimi bənzərsizdir Tofiq Yusif. Vətəninin, Yurdunun başı kimi, onun da başı müsibətlər çəkib. Bəlkə də ona görə Vətəninin dərdlərini duymaq qabiliyyətinə sahib olub. Hələ gənc yaşlarından qoynunda bəsləndiyi dağlardan uzaq düşməyi bəs deyilmiş kimi, şəxsi həyatında baş verən faciələr də dərd üstən dərd verib…

    Ümumiyyətlə, dağ deyəndə onun omonim kimi leksik mənalarının biri—dağlarımız bizim üçün əzizdir, bizi həmişə öz gözəllikləri ilə özünə çəkir, uzaqlaşdıqca daha çox şirinləşir; digərindən isə qurtulmaq istəyirik. Biri uzaqlaşdıqca digəri  yapışır yaxamızdan əl çəkmir ki, əl çəkmir. Bir qəribəlik də dağ havası, suyu ilə qidalanmış insanların dağların özü kimi təmiz, yediyi çörəyə sədaqətli olmasıdır. Tofiq Yusif kimi. Dədə-baba yurdu Qərbi Azərbaycanın Dərələyəz mahalının dağları kimi vüqarlı və təbiidir. Həm də Vətənin yaralarını çiynində daşımağı hər ürək bacarmaz axı…

    İtirdiyimiz və bənzərsiz gözəllikləri ilə hər dərdə şəfa olan dağlarımızı; onun gözəlliklərini qəlbində yaşadır Tofiq Yusif. Dağları da, Vətəni də, onun dağlarını– yaralarını da:

    Sarmaşığı nahaq məni buxovlar,

    Mən onsuz da köləsiyəm dağların!

                                                   («Dağların»)

    Vətəni, onun ayrılmaz  hissəsi olan dağlarımızı  bu cür sevmək və tərənnüm etmək hər kişiyə nəsib olmur. Bunu eşqə Böyük Füzuli səviyyəsindən- o ucalıqdan baxa bilmək qabliyyətinə sahib olanlar bacararlar.

    Onun şeirlərində təbiət insan kimi bütün keyfiyyətləri ilə yaşayır, sanki dil açıb danışır:

    Duman təbiəti qısqanır bizə-

    Gözə görünməyir nə dərə,nə dağ

    .                                                         («Duman»)

    Göründüyü kimi adi təbiət hadisəsini – dağlara duman gəlməsini şair dumanın təbiətin bu əsrarəngiz sonasına məhəbbəti ilə əlaqələndirir. Bəlkə də bu qısqanc sevgili şairin özüdür ki, ülvi bir  məhəbbətlə sevdiyi dağlarını qısqandığından qəlbinə bükmüşdür.

    Yaxud:

    Yazın toxuduğu yaşıl örpəyi

    Payız ilmə-ilmə  sökür meşədə.

                                                  («Meşənin payızı»)

    Şair təbiətə yazın gəlməsi ilə ağacların yarpaqlamasını təbiətin yaşıl örpəyə bürünməsinə; payızın gəlməsi ilə yarpaqların tökülməsini isə  həmin örpəyi payızın “ilmə-ilmə” sökməsinə bənzədir. Onun təbiətimizə həsr olunmuş şeirlərini oxuduqca adamın gözləri qarşısında bir tərəfdən canlı insan cəmiyyəti, digər  tərəfdən təbiətin əvəzsiz gözəllikləri canlanır. Təbiət  və cəmiyyət vəhdətdə– ayrılmaz  bir bütöv kimi verilir. Onları  bir-birindən ayırmaq hər ikisini məhv etmək deməkdir:

    Nağılıymış bu dərənin qucağı,

    Muğamları  hardan  yığıb qoynuna?

    Fatma nənə yeddi rəngli qurşağı

    Dolayıbdı bu gözəlin boynuna.

                                                         («Şəlalə»)

    Tofiq Yusifin  təbiət obrazı  bəzən cəmiyyətdəki mənəvi aşınmalardan bezən insan üçün məlhəmdir– bir növ həyat çeşməsidir. Al kitabı əlinə dərdləş, gözəlliklərdən zövq al, həyatın– yaşamağın gözəlliklərini duy… Görün yazın gəlişini necə incə bir duyğu ilə təsvir edir. İki misrada nə qədər böyük– cild-cild kitaba sığmayan məna yerləşdirilmişdir:

    Gəlin gətirərlər  yazı bu gecə,

    Bu qız fəsillərin nazlı qızıdır.

    («Kənddə Novruz bayramı»)

    Şairin təbiətə məhəbbəti nə qədər güclüdürsə, təbiətə qənim kəsilənlərə də nifrəti o qədər güclüdür. “Təbiətə deyilən ağı” şeirində təbiəti korlayanlar “qatil” adlandırılır:

    Təbiət düşməni bir qatil kimi

    Bəşərin düşməni sayılmalıdır!

    («Təbiətə deyilən ağı»)

    Tofiq Yusifin məhəbbəti də əsl məhəbbətdir, bu məhəbbət öz fəlsəfi yükü ilə gözəllikdən yoğrulmuşdur. Dərd içində çırpınan lirik qəhrəman onu duyan, hisslərinə olumlu cavab

    verən sevgilisinə, onu dərdin içindən çəkib çıxardığı üçün minnətdarlığını görün necə  ifadə edir:

    Siyirib çıxartdın məni dərdimdən—

    Qucağı beşiktək boş qaldı dərdim.

    İmkanım olsaydı kipriklərimdən

    Ayaq izlərinə çəpər çəkərdim.

                                                   («İmkanım olsaydı»).

    Yaxud:

    İmkanım olsaydı bu qayğı üçün,

    Səni saxlayardım bəbəklərimdə.

                                                          (Yenə orada).

    1. Yusifin məhəbbəti saf məhəbbətdir, bu məhəbbəti ilahi gözəlliyin nuru ağuşuna alıb. Burada İ.Nəsiminin, Ş.İ. Xətainin, Füzulinin ilahi təmizlikdən yoğrulmuş məhəbbətini görməmək mümkün deyil. Şair sevgilisindən ayrılmasını ürəyinin köksündən ayrılması kimi təqdim edir:

    Budaqdan ayrılmış bir yarpaq kimi

    Mənim ürəyimi qopartdın, getdin.

                                               («Ürəyimi qaytar»)

    Sevgilisinin ondan ayrılmasına baxmayaraq həqiqi aşiq kimi onun həyatda var olmasına şükr eyləyir:

    Sonuncu gümanım tək ona qalar,

    Deyərəm: nə yaxşı dünyada varsan!

                                                (Yenə orada)

    Lirik qəhrəman sevgilisinin ondan ayrilmasına bir şərtlə razıdır ki, onu sevən (əğyar) T.Yusif kimi sevə bilsin, nazını çəkə bilsin, ancaq beləsi varmı?

    Eşqinə canını qıyan tapılsa,

    Əhdini qanıyla yuyan tapılsa,

    Sevgini Tofiqtək duyan tapılsa,

    Bürü ürəyimə çəni sən belə,

    Ağrıt da, öldür də məni sən belə.

                                                                         («Nahaq ağrıdırsan məni sən belə»)

    Şair nə qədər ağrı, iztirab çəksə də, nə qədər hicran əzabına girifdar olsa da yenə nikbindir, vüsal anlarının yetişəcəyinə əmindir:

    Tofiqdən inciyib, küsdün bir ara,

    Məndə nə günah gəz,nə pislik ara.

    Gecəni gündüzə,mıxı mismara,

    Döndərən Allah var, başına dönüm!

                                                           («Başına dönüm»)

    Tofiq Yusifin həm yurdunun düşmən tapdağına çevrilməsi, həm də ailəsində bir-birin dalınca baş verən ağır faciələr yaradıcılığını dərd yuvasına döndərib, lakin onun yubileyi ərəfəsində bu cür şeirlərin yada salınmasını istəməsəm də bu şeirlərindən biri mənə ruhən o qədər yaxındı ki, sanki mən yazmışam. Hesab edirəm ki, bu şeirdən bir bənd nümunə verməklə T.Yusifin dərdinin böyüklüyünü az da olsa ifadə etmiş olarıq:

    Arzularım yetim, mən boynubükük

    Dünya mənə yükdür, mən dünyaya yük.

    Dərdim var dünyanın özündən böyük,

    Belə yaşamağı istəmirəm mən.

                                                                    («Belə yaşamağı istəmirəm mən»)

    İnsan bəzən insanların içərisində belə özünü tənha hiss edir, abır-həyadan məhrum olmuş, mənəvi sərvətlərdən uzaqlaşmış cəmiyyətdən küsüb təbiətə qısılmaq istəyir, təbiət isə düşmən əlində əsirdisə, doğurdan da gözəl olan: içi ilə çolü bir olan nə isə tapa bilməyəndə insanda yaşamağa həvəs qalmır…Belə halda yaradana üz tutmaqdan başqa çarə tapa bilmirsən. Səni yaradan, hər şeyə qadir olan görəsən niyə bu dərdləri yığıb qanana– ən sadiq bəndəsinə verir? Görəsən niyə?

    Sən yaradan, mənsə aciz bir bəndə,

    Kainatı silkələyən güc səndə.

    Salamat yer qoymamısan ta məndə,

    Tanrım, mənlə nə güştüdür tutmusan ?!

    Tofiq Yusifin şeirlərini oxuyanda adamın yadına böyük şairimiz Bəxtiyar  Vahabzadənin aşağıdakı misraları düşür:

    Yaşamaq yanmaqdır, yanasan gərək,

    Həyatın mənası yalnız ondadır.

    Şam əgər yanmırsa, yaşamır demək,

    Onun da yaşaması yanmağındadır.

    İnsan əgər yalnız mədəsi üçün yaşayırsa o, insan adına böhtandır. İnsanı digər canlılardan fərqləndirən insanın ətrafı üçün, insanlıq üçün yaşaması, kimə isə, nəyə isə lazım olmağı özü üçün həyat amalı, yaşam devizi  seçməsidir. Dünyanın harasında bir evsiz-eşiksiz, ac-yalavac varsa şairin qəlbinə yük, yuxusuz gecələrinin səbəbkarı—bir növ sirdaşıdır:

    Günəş kainata gözümdən doğar,

    Ay batar gözümdə gecələr mənim.

    Dünyada nə qədər ac var, evsiz var

    Gözümün içində gecələr mənim.

                                       («Gözlərim»)

     Yaxud:

    Ağrını duymasan, duya bilməzsən

    Yaşamaq haqqını bu dünyada sən.

    Yurdu parça-parça olmuş, babalarının uyuduğu torpaq yağı tapdağı altında olan—igid dədələrinin ruhu rahatsız olan və bunu dərk edən ürək sahibi ol və yaşa görüm necə yaşayırsan, necə dözürsən…qanmasan nə var ki, qanan üçün çox çətindir:

    Qarabağ  göynəmdə, Araz biçimdə

    Dərdləri nə sayaq daşıya bildim?!

    («Əlli yaşım»)

    Dünyada haqsızlığın, özbaşınalığın baş alıb getdiyi bir dönəmdə duyan ürəyə sahib olan şair qocalmasın neyləsin:

    Belə quldur, belə xırsız dünyada

    Şairləri qocaltmağa nə var ki?!

                                                                           «Şairləri qocaltmağa nə var ki…»

     Şair üçün insan insandır, hamının dərdini dərdi, kədərini kədəri sanır. Bir sevinən görəndə sevinər, kədərlənən görəndə kədərlənər…Şairləri başqalarından fərqləndirən də elə budur. Gücü xəyalən Vətənin yaralarına məlhəm tapmaq, dərdli insanların dərdini yüngülləşdirmək üçün yollar aramağa  çatır, elə tapır da, xəyallarda…

    Dərd əlindən bir yuxalmış görəndə

    Öz doğması sanan mənəm, mən yazıq.

                                                                                  Yaxud:

    Göyərçinə, qaranquşa çevrilib,

    Kəndimizə qonan mənəm, mən yazıq.

                                                      («Mən yazıq»)

    Şairi böyük şairimiz Məmməd Arazın ölümü elə sarsıtmışdı ki, sanki bütün M.Araz sevənlərin adından, onların da qəlb çırpıntılarını dilə gətirmişdi:

                                           … Ağrıdır asılan gecələrimdən,

         Gözüm yox dünyanı daha görüm mən.

                                           Şair sovulmuşdu Əli Kərimnən,

      Məmməd Araznan da qurtardı, getdi.

    Həyatın bu keşməkeşlərində, dəli olmaq həddinə çatan şairi bu həddə çatdıranlar ikiüzlülər, min bir sifət yaltaqlar, mənliyini pula, vəzifəyə satanlardir:

    Dəli edib, deyirlər ki, dəli var,

    Yaşamağa qoyurlar ki, adamı?!

                                                                   («Yaşamağa qoyurlar ki, adamı?»)

    Namusunu, qeyrətini atıb qeybət qırmaqla məşğul olan, Vətəninin yaralarına biganə olan “kişilərə” şair onların xarakterlərinə uyğun mesaj göndərir:

    Beləsini bığlı görəndə, vallah,

    Adam öz bığından xəcalət çəkir.

                                                                                         («Bayquş kişilər»)

    Xalqın taleyi ilə maraqlanmaq, sabahımızı hansı faciələrin gözlədiyini düşünmək əvəzinə qarnını düşünənlərə çox sərtdi Tofiq Yusif:

    Torpaq alverində şeytanın tası

    Çoxuna tac oldu Vətənin yası.

    Ürəyin yerində qaya parçası,

    Mədənin yerində ac kaha qalıb.

                                                                                       («Bu xalqın taleyi»)

    Yaxud:

    Ölüb içimizdə hər  nə vardısa,

    Bircə tamah adlı əjdaha qalıb.

                                                                                        (Yenə orada).

    Nəslin cırlaşmasına, yaxud, cırlaşdırılmasına görə tarixi keçmişimizdə günah axtaranlara da  şairin sözünə haqq qazandırmamaq olmur:

    Çaqqal gödən yırtır bu çətin vaxtda,

    Adı bədnam olan Boz qurd neyləsin?

                                                                                               («Neyləsin»)

    Yaxud:

    Nəsillər cırlaşıb qeyrətsiz oldu

    Koroğlu neyləsin, Qorqud neyləsin?

                                                                                                       (Yenə orada).

    «Qarabağ bizimdir»—deyənlərin əslində Qarabağın qaytarılmasını  tələb etməmələri şairin ürəyini ağrıdır. Bu kəlmənin alnımıza vurulmuş ləkə olduğunu başa düşməmək,  yaxud başa düşmək istəməməyin özünün Vətənə xəyanət olduğunu dilə gətirir:

    Kim deyir  Qarabağ bizim deyildir?

    Kimindir o boyda ləkəmiz belə?!

    İki igid oğlunu itirmiş şair, qızı Nahidə xanıma və folklorumuza  üz tutub, yurdunun dərdlərini danışır:

    …Alçaqlar elədi bu yurdu alçaq,

    Ağ atlı oğlanlar möhtac yabıya,

    Qırx quldur tor qurur Əlibabaya.

                                                                           («Uşaqlar üçün nağıl»)

    Şair gözütoxdu, acgöz dünyada bu cür olub qala bilmək isə çox çətindir . Buna baxmayaraq şair minnətli çörək yeməkdənsə daş, torpaq yeməyi üstün tutur:

    Minnətli bir tikə yeyənə qədər

                      Daş, torpaq yeyərəm, cəllad kötüyü—deyə “Cəllad kötüyü” şeirində cəllad kötüyünə meydan oxuyur.

    Yaltaqlığı özünə peşə seçənlərə şairin qəzəbi sonsuzdur. O, belələrinin xarakterini açmaq üçün itə xitab etməli olur  və onların əsl kimliyini aşkar edir:

    Bəsdir, çəkmələri yalama daha,

    Peşəni əlindən alanlar çoxdur,

    Çıx get tay-tuşunla sülənməyinə.

                                                                  («Çıx get tay-tuşunla sülənməyinə»)

    Şair  “Ata ocağı” şeirində  Dərələyəzin gözəl təbiətini vəsf etməklə əslində torpaqlarını unudan bəzi üzdəniraqlara namus, şərəf dərsi keçir:

    Orda havanın da bal dadı vardı,

    Hər kolu bir məcun, hər gülü dərman.

    Çayında ağrısız ömür axardı,

    Turacı dərmandı, bülbülü dərman.

                                                                                          («Ata yurdu»)

    Yaxud:

    Bəlkə də yadımdan çıxmasın deyə

    Cığırlar ovcuma köçübdür mənim.

                                                                                      (Yenə orada).

    .T. Yusif haqlı olaraq Qarabağı itirməyimizi, tarixi keçmişimizi unutmağımızda görür:

    Xalqın dünənini unutduq deyə,

    İtirdik gör necə Qarabağı biz.

                                                                                  («Dünən»)

    Yaxud:

    Şuşaya hələ də gedə bilmirəm—

    Sox mənim boyumu, yerə sox mənim!

                                                                  («Qarabağ ağlayır hələ içimdə»)

    Amma boyu yerə soxulası olan Vətən xainləri, bir qarın yala görə torpağı satanlar bunu duya bilirlərmi görəsən?

    Sonra da “Tamarzı” şeirində «qeyrətini satmışlara» kim olduqlarını xatırladır:

    Yiyəsiz can verən bu yurd, bu torpaq

    Kişi qeyrətinə tamarzı qalıb.

                                                                                («Tamarzı»)

    Tofiq Yusifin “Vəhşilər” poemasından kiçik bir parçanı  yada salmaqla dildə Şuşaya “bayraq taxanlara” şairin konkret cavabını çatdırmaq istərdik:

    “Allah qoysa…”—deyən “kişi”,

           məgər Allah qoymur səni

          namusunu, qeyrətini qoruyasan?!

    Məgər Allah qoymur səni

      dədə-baba torpağına od vuranın,

        boz külünü buludlara sovuranın

          gözlərinə qor qoyasan?!

      Məgər Allah qoymur səni

        Soltan bəyin, Cavad xanın

    Qoç Nəbinin başdaşına söykənəsən?!

         Tofiq Yusifin yaradıcılığı barədə kiçik bir məqalədə dolğun məlumat  vermək mümkün deyil. Onun yaradıcılığı ayrıca bir tədqiqatın mövzusudur. Bizim isə məqsədimiz onun yubileyi ərəfəsində yaradıcılıq yoluna ötəri nəzər salıb arzularımızı dilə gətirməkdir.

    Mənə yazdığı mənzum məktubların birindən bir bənddə sanki öz kimliyini, Vətən yanğısını dilə gətirir:

    İnsan yaranıbdı qovrulmaq üçün,

    Yanırıq bu yurda qor olmaq üçün.

    Vətəni yağıdan qorumaq üçün

    Sinəmdən savayı qala bilmirəm.

    Bəli, Tofiq Yusif  kimi oğulların qala sinələrinin hesabına yaşayır bu torpaq, yaşayır və yaşayacaqdır.

    Vətənpərvər şairə uzun ömür, cansağlıgı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayır və bir də arzumuz budur ki, onun ata yurdu Dərələyəzdə və mənim ata yurdum Kəlbəcərin Ağqaya kəndində yenə toy-büsatlar qurulsun, aşıqlar Tofiq Yusifin şeirlərini oxusunlar, insanlar dərd-kədərlərini unudub feyziyab olsunlar..

     

     

                                                              ARİF  ƏZİZBƏYLİ,

                                                                                                filoloq, publisist

    Müəllif: Redaktor, 13:44

    Teqlər:

İsmarıclar bağlıdır.