Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov şəhid Şaban Cəfərov adına Xeyriyyə Cəmiyyətinin sədri Nərmin Şaban qızı, Dayaq Vətən Müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Mehdizadə Elmin Elgün oğlunun toy mərasimində iştirak edib.
Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışıb. Elminin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”-deyib.
İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız olduğunu bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıblar.
İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını qürurlandırıb.
Qeyd edək ki, qazi Elmin Mehdizadə Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.