Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qaynaq kəndində keçirilib.

    Qəbulda Rayon Prokuroru Əli Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.

    Rayon rəhbəri qəbulda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi, il çərçivəsində rayonda keçirilən və keçiriləcək tədbirlər haqqında, may ayının 25-də Moskva şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş Nazirinə verdiyi tutarlı cavabından danışıb.

    Sonra icra başçısı ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

    Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

    Bildirilib ki, Qaynaq kəndinin 1203 hektar ərazisi, 472 təsərrüfatı, 1931 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 8 ticarət, 3 iaşə və 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

    Sakinlər 1310 baş iribuynuzlu, 1350 baş xırdabuynuzlu heyvan, 9540 baş quş, 220 arı ailəsi  saxlayırlar.

    Son üç ildə Qaynaq kəndində kəndarası yolların 1.5 km hissəsi təmir edilib, magistral və kəndarası yolların kənarına 2800 ədəd çəkil tingi əkilib, 3 ədəd subartezian quyusu vurulub, pay torpaqlarına gedən su arxları 7.2 km məsafədə lildən təmizlənib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

    Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

    İcra başçısı sonra sözü sakinlərə verib.

    Kənd sakinlərindən Babək Hacıyev və İlqar Əzimov kəndin içməli su problemi, Faiq Quliyev kəndə gələn su arxına qapı qoyulması, Ziyəddin Muradov elektrik xətlərinə toxunan ağacların budanması və digər məsələlər ilə bağlı müraciət ediblər.

    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

    Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 14:26

İsmarıclar bağlıdır.