Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyn

    Şanlı Azərbaycan Ordusunun yenilməz, cəsur əsgər və zabitləri! Qarabağımızın azad olunmasına, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsinə görə xalqımız ata vəsiyyətinə şətəflə əməl edən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və onun əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən qüdrətli Azərbaycan Ordusuna borcludur. Odur ki, Azərbaycan Silahlı Qüvvələri yaradılması Günü qarşısında sözü sizlərə verir, Qələbəni bizlərə bəxş edən qəhrəmanlarımızın həyatından söhbər açmaq istəyirik.

    Antiterror əməliyyatının fəal iştirakçısı

    Elnur Salahov – rayonumuzun Poladlı kəndinin sakini, “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”  medalları təltifçisi.

    – Elnur, əvvəlcə oxucularımıza müharibədən əvvəlki həyatın barədə danışmağını xahiş edərdim.

    – Mən 2000-ci ilin 19 avqust tarixində Poladlı kəndində anadan olmuşam. Həmyaşıdlarım kimi orta məktəbə getmişəm, sonra isə Şəki Dövlət Texniki Kollecində təhsil almışam. Bizim nəsildən olan gənclər I Qarabağ müharibəsini görməsələr də, bu barədə çox eşitmişdik. Hər birimizin qəlbində bəslədiyi böyük bir arzu vardı ki, bu da mənfur düşməni işğal edilmiş torpaqlardan qovaraq, orada şanlı Azərbaycan Bayrağını ucaltmaq idi. Vətən müharibəsinin başlanması bu fikirlərimizi  gerçəkləşdirdi.

    – Müharibəni harada və necə qarşıladın?

    – 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdım. Naxçıvanda xidmət edirdim. 2020-ci ilin oktyabr ayından Xocavənd istiqamətində döyüşlərə qatıldım. Yolumuz Şuşaya idi. Döyüşçülərimizin qanı ilə suvarılmış torpaqlarda atdığımız hər addım bizi o müqəddəs yerlərə yaxınlaşdırırdı. Xüsusi təyinatlıların tərkibində əsgər kimi vuruşurdum. Qeyd edim ki, həm müharibənin getdiyi bir vaxtda, həm də bu gün mən Azərbaycan Ordusu ilə qürur duyuram. Qələbəni bizə qazandıran ordudakı ruh yüksəkliyi olsa da, onun əsasında güclü maddi-texniki təminat dayanır. Müstəqilliyimizi əldə etdiyimiz ilk illərdən fərqli olaraq bu gün bizim Silahlı Qüvvələrimiz çox güclüdür, ən müasir silahlarla, texnika ilə  təchiz olunub.

    Qələbədən sonra bir ay Şuşada qalıb hər birimizin qürur yeri olan bu şəhəri düşmən təxribatlarından qoruduq. Dekabrın 11-də Şuşadan Xocavəndə düşüb, xidmətimi burada  davam etdirdim. Dekabrın 11-dən 16-dək komandanlığın növbəti tapşırığını yerinə yetirərək, Xocavənddən Laçın istiqamətində hərbçi yoldaşlarımla birlikdə 62 erməni terrorçusunun zərərsizləşdirilməsində yaxından və fəal iştirak etdim. Antitteror əməliyyatı başa çatandan sonra yenidən Naxçıvana dönüb həqiqi hərbi xidmətimi davam etdirdim. Müharibə şəraiti ilə əlaqədar 6 ay əlavə xidmət etdim.  Müharibədə 1 dəfə yaralanıb, yenidən döyüşə qayıtmışam.

    “Azərbaycan Bayrağı” ordeni və təltif olunduğum medallar Ali Baş Komandanımız tərəfindən mənim fəaliyyətimə verilən çox böyük qiymətdir. Mən daim bu yüksək etimada layiq olmağa çalışacağam.

    – Müharibə başa çatıb, dinc həyatımıza qayıtmışıq. Sizin həyatınızda hansı yeniliklər baş verib?

    – Ötən il həyatımda çox sevincli hadisə baş verdi. Mən Mingəçevir Dövlət Universitetinə daxil oldum. Hazırda nəqliyyat mühəndisliyi üzrə təhsilimi davam etdirirəm.

    Bu il isə qızım dünyaya gəlib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ailəmizin qonağı olub, bizi təbrik edib. Ümumiyyətlə, hər an dövlətimizin, ictimaiyyətin dəstəyini hiss edirik. Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, hər kəsə işlərində uğurlar, cansağlığı arzulayıram.

     

    Hər kəsin bir amalı vardı–Qələbə

    Müharibənin od-alovundan keçərək, Azərbaycan zabitinin qüdrətini, nəyə qadir olduğunu bütün dünyaya göstərən qəhrəman oğullarımızdan biri də rayonumuzun Qarağacı kəndinin sakini Rauf Nuriyevdir.

    Azərbaycan Ordusu Günü qarşısında Rauf müəllimlə görüşüb, onun keçdiyi şərəfli ömür yoluna nəzər saldıq.

    Rauf  Nuriyev 1986-cı il  17 yanvar tarixində  Qarağacı kəndində doğulub. Bu o kənddir ki, atəşkəs dövrünün bütün illəri ərzində burada bir gün də olsun sakitlik hökm sürməyib. Vaxtilə qonşuluq etdikləri ermənilər daimi olaraq təxribatlar törədib, dinc əhalinin yaşayışını pozublar. Ona görə də Qarağacıda böyüyən gənclərdə hərbi peşələrə maraq güclüdür.

    Rauf  Nuriyev də orta məktəbi bitirdikdən sonra  2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə  daxil olub və 2007-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə  leytenant rütbəsində bitirib.

    Həyatını hərb sahəsinə həsr etməyə qərar verən gənc 2008-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ixtisaslaşma kursu keçib.

    2009-cu ildən Silahlı Qüvvələrin müxtəlif bölmələrində nümunəvi xidmət edib. Sonuncu xidmət yeri N. saylı hərbi hissədə taborun qərargah rəisi  olub. Bu zaman artıq Rauf müəlim mayor rütbəsində idi.

    Vətən müharibəsi başlayanda, xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri ilə birlikdə böyük ruh yüksəkliyi ilə döyüşlərə qatılıb. Füzulinin, Cəbrayılın azad olunmasında yaxından iştirak edib. Gənc komandirin qorxmazlığı, dəqiq və düşünülmüş əmrləri əsgərləri daim irəliyə aparırdı. Hər kəsin qəlbində bir amal vardı – qələbə qazanmaq.

    Rauf müəllim Qələbəyə aparan yolu tam başa çatdıra bilməsə də, göstərdiyi şücaətlərlə adını tariximizə şərəflə yazıb. Xocavənd uğrunda gedən döyüşlərdə o, ağır yaralanıb. Düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində baş nahiyyəsindən və sağ gözündən ağır xəsarət alıb.

    Həmin döyüşü gənc mayor belə xatırlayır:

    –Gecəynən tapşırıq alıb Xocavəndin Düdükçü kəndində yerləşmişdik. Kənd üç dağın arasında yerləşir. Düşmənlə məsafəmiz çox yaxın idi. Səhər saatlarında onlar bizi gördülər. Atdıqları mərminin qəlpələri  alnımdan, başımdan və gözümdən dəydi. Yoldaşlarımdan da şəhid olanlar və yaralananlar vardı. Həmin yerə təcili yardım maşını keçə bilmirdi, ona görə yoldaşlarımız həm bizə ilk tibbi yardım göstərir, həm də döyüşü davam etdirirdilər.

    Biz şəhid verdik, yaralandıq, ancaq  müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qalibiyyət qazandıq.

    Rauf  Nuriyevin hərbi sahədə göstərdiyi şücaətlər yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə o, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunub.

    “Azərbaycan Silahlı Qüvələri yaradılmasının 90 illiyi”,  “Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 95 illiyi”, “Hərbi xidmətdə fərqlənməyə görə”  III dərəcəli, “Qüsursuz xidmətlərə görə”  II və III dərəcəli,  “Şücaətə görə” medallarına layiq görülüb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəfələrlə Fəxri Fərman alıb.

    Hal-hazırda Rauf müəllim öz doğma məktəbində hərbi rəhbər vəzifəsində çalışır. Şagirdlərinə deyiləsi sözləri, tövsiyələri çoxdur. Azərbaycan əsgərinin qəhrəmanlığından, Vətən eşqindən fəxrlə,  qürurla danışır.

    Sonda onu da əlavə edək ki, xalqımıza Qələbə sevincini yaşadanların bayramı hər birimizin bayramıdır.

    Bayramınız mübarək!

    “YENİ TƏRTƏR”

     

     

    Müəllif: Redaktor, 14:28

İsmarıclar bağlıdır.