Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Okt

    “Qızıl bayraq”dan başlayan uğurlu yol

    Yolu bizim qəzetdən keçən insanlardan biri də Qədir Tərtərlidir (Qədir Hüsü oğlu Allahverdiyev).
    Qədir müəllim 1936-ci ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, elə həmin il ADU-ya (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirib. Qədir müəllim o zamankı “Qızıl bayraq” qəzetinə işə qəbul edilən ilk ixtisaslı jurnalist olub. Məsul katib vəzifəsində çalışıb. Sonralar Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan “Yenilik” qəzetində redaktor kimi fəaliyyət göstərib.
    Rayon qəzetindən başlanan yol Qədir Allahverdiyev üçün çox uğurlu olub. O, 1971-1973-cü illərdə Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb. Uzun illər partiya-sovet işində yüksək vəzifələrdə çalışıb, 1992-ci ildən yenidən mətbuata qayıdıb, hətta 1992-ci ilin avqust-oktyabr aylarında “Ağdərə” qəzetinin redaktoru olub. Sonralar “Nizami Gəncəvi” jurnalı və “Şəhriyar” qəzetlərində şöbə müdiri, “Kirpi” jurnalının bölgə müxbiri vəzifələrində çalışıb. 1996-cı ilin noyabr ayından Tərtər rayon Mətbuat Yayımı şöbəsinin müdiri olub və buradan təqaüdə çıxıb.
    1963-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. 1977-ci ildə “Şərəf nişanı” ordeni, ayrı-ayrı illərdə bir sıra medal və fəxri fərmanlarla təltif edilib. Qədir Allahverdiyev oxucular tərəfindən maraqla qarşılanan bir neçə kitabın müəllifidir. Aşağıda “Mənim həyat romanım” kitabından qəzetimizlə bağlı və onun tarixini əyani əks etdirən bir parçanı oxucularımıza təqdim edirik.
                                                                                                       * * *
    Şəhərə demək olar, lap erkən çatmışdım. İş saatının başlanmasına xeyli vaxt qalırdı. Təzə iş yerinə yollanmadan şəhərin gəzməli yerlərində bir qədər dolanıb vaxtı öldürə də bilərdim. Amma nədənsə ürəyimcə olmamışdı bu.
    Redaksiyanın yerləşdiyi binanın qarşısında təqribən əlli beş, altmış yaşlarında olan nurani bir kişi qarşıladı məni. Yaxınlaşıb salam verdim. Salamımı mehribanlıqla alıb, diqqətlə üzümə baxdı:
    – Çox tez gəlmisən, oğul. Raykoma bu tezlikdə heç kim gəlmir. Barı belə tez gəlməkdə xeyirdimi? Yəqin ki, nədənsə şikayətin var.
    –Yox, raykoma gəlməmişəm,– dedim. Məqsədim başqadı. Sifətində xoş təbəssüm oynadı həmsöhbətimin:
    – Təki elə olsun! Məni qınama oğul, bura sübh tezdən gələnlərin vacib işdən ötrü gəlib dərdlərinə əncam dilədiklərini çox görmüşəm. Ona görə soruşdum sənnən.
    Bu xoşsifət adamla söhbətə girişmək, gəlişimin səbəbini ona bildirmək marağı oyandı məndə:
    – Redaksiyada təzə işə götürüblər məni, – dedim. Ona görə gəlmişəm.
    Sözüm elə bil qanadlandırdı onu:
    – A saqqalı ağarmış, mus-mus deyincə birdəfəlik Mustafa desənə! Niyə demirsən ki, məsul katib vəzifəsinə götürülən adamam. Belə yerdə deyiblər ey, yaxşı iyidin adını eşit, üzünü görmə.
    Maraqlandığım üçün soruşdum.
    –Siz bunu hardan bilirsiniz?
    – Oğul, – deyə o, aramla söhbətə başladı. Bunu təkcə mən yox, çoxları bilir. Ağlın böyük şəhərrərə, yekə-yekə rayonlara getməsin. Bizdə heylə döyül. Rayonun ayağında asqırırsan, başında eşidilir səsi. Hər şeyi eşitmişik.Yoldaş Rüstəmovun yanına girdiyin gündən bilirik məsələni. Redaktorumuz da katibin yanında olan danlaqdan sonra yerini isitmir.
    – Bunu redaktor danışıb sizə?
    – Hər kim danışıb, hər kim deyib nəyinə lazımdı. Söhbət onnan gedir ki, olub belə bir şey. Sənin kimliyini də, haralı olduğunu da elə o gündən öyrəniblər. Birinci dəfə görüşdüyümüzə baxmayaraq, istəsən, bu saat tərcümeyi-halını danışa bilərəm saa.
    – Çox şadam ki, səhər-səhər sizin kimi gözəl bir insanla qarşılaşdım, – dedim. İndi ki, hər şeyi bilirsiniz, daha artıq nə deyə bilərəm ki, Sizə?
    İlk baxışdan özü haqda məndə xoş təəssürat yaradan bu adam mehribancasına, gülümsünə-gülümsünə dilləndi:
    – Oğul, icazə ver, bir əvvəlcə yaxşı-yaxşı təbrik edim səni. Təzə işində böyük-böyük uğurrar arzuluyum saa. Ağzı dualı adamam, seyidəm özüm də. Seyidin də ki, dualarını bilməmiş olmazsan, həmişə müstəcəb olur. Allahın köməkliyiynən bütün işdərin yaxşı olajax. Buna ürəkdən inanıram mən.
    – Sağ olun! Çox razıyam Sizdən. Yaxşı ki, mənim barəmdə hər şeyi bilirsiniz. Am-ma hayıf ki, özünüz haqda bir şey demədiniz. Əgər mümkünsə…
    – Niyə mümkün omasın ki, – deyə dilləndi. Məsəl var, deyəllər, örtülü bazar, dostluğu pozar. Adım Mirməhəmməddi, bu günnən işləyəcəyin redaksiyanın mətbəəsinin müdiriyəm. Daha doğrusu, elə o mətbəənin əsasını qoyannardanam.
    Sözləri sevincimə sevinc caladı:
    – Nə yaxşı oldu bu! Demək, bir yerdə işləyəcəyik. Məsul katibin gününün çoxu mətbəədə keçir axı.
    – Bəli, çəkici bir yerə vuracağıq.
    Köhnə dostlar kimi ərkyana halda Mirməhəmməd kişinin qoluna girdim:
    –Bəlkə iş ilə ilk tanışlığımıza elə mətbəədən başlayaq. Etiraz etməzsiniz ki, buna?
    Mirməhəmməd kişi sözümün cavabında:
    – O nə sözdür, ay oğul, – dedi. Etiraz etməzsiniz nədi? Cannan-başnan razıyam sözünə. Bəs, mətbəəmizlə, onun vəziyyəti ilə siz də tanış olmayıb, kim tanış olmalıdı?
    Birlikdə mətbəəyə keçdik. Mirməhəmməd kişi məni bir-bir mətbəə avadanlıqları ilə tanış etməyə başladı:
    – Bax, bu yanında dayandığımız şrif kassalarıdı. Bakı mətbəələrində yəqin ki, belə şey olmaz. Hələ ki, biz əl naborunnan yaxa qurtara bilməmişik. Linotip maşınımız yoxdu. Deyirlər havaxtsa verəjəklər. Bilirsiniz də, hər kassadan bir şrif götürə-götürə qəzet hazırramaq iynə ilə gör qazmaq kimi bir şeydi.
    Danışa-danışa sağ əlini bir qədər kənardakı maşına tərəf uzatdı:
    – O da çap maşınımızdı. Son vaxtlar veriblər. Tokla işləyir. İndi bu maşın işimizi xeyli yüngülləşdirif. Qabaqlar çarxı əllə fırlanıb idarə olunan maşınla çap edirdik qəzetdəri. Müsibət idi onnan iş görmək.
    Çap maşınının böyründəki də kağızkəsən maşındı. Buraxacağımız qəzetdərin sayına görə kəsib hazırrıyırıq onda kağızdarı.
    Söhbətin bu yerində iki nəfər qız girdi içəri.
    – Hə, bax bunnar da mənim qızdarımdı, – deyə tanışdıq verdi Mirməhəmməd kişi. Öz peşəmi öyrətmişəm onnara da. Hər ikisi nabor yığandı. Böyüyünün adı Sürəyya, ondan kiçiyinin adı Minayədı.
    – Çox yaxşı eləmisiniz, – dedim. Övlad ata yolu ilə getsə yaxşıdır.
    Mirməhəmməd kişi sözümə qüvvət verdi:
    –Onu düz deyirsiniz. Ot kökü üstə bitməlidir. Övladın ata yolu ilə getməsi ziyan gətirməz ona. Amma hayıf ki, çoxları belə eləmir.
    O, bir qədər duruxduqdan sonra sözünə əlavə etdi:
    – Sizdən nə gizlədim. Fikirrəşdim ki, sənət yaxşı şeydi, sənət sahibi heç vaxt aj qalmaz. Özümlə gora aparmıyajam ha, sənətimi. Qoy uşaxlarıma da öyrədim, öləndə ağızdarını çörəyə çatdırmağıma görə rəhmət oxusunnar maa. İndi maşallah, hər ikisi əməlli-başdı işdiyir. Maaşdarı da heç mənimkindən az döyül.
    Qızların bayaqdan bəri mənə gözaltı, diqqətlə baxması nəzərindən yayınmayıbmış Mirməhəmməd kişinin. Üzünü qızlarına tərəf tutub:
    – Hiss edirəm ki, cavan oğlanın kimliyi maraxlandırır sizi. Qoy onu da deyim. Qəzetimizin məsul katibi vəzifəsinə götürülüf bu oğlan. Ali təhsilli jurnalistdi. Özü də yerrimizdi, Əskipara kəndindəndi. Şübhə eləmirəm ki, öz gəlişi ilə qəzetimizə yenilik gətirəjək, qəzet daha maraxlı çıxajax bunnan sora.
    Ünvanıma deyilən tərifdən xoşum gəlməsə də, dillənmədim. Dillənsəm, nə deyəsiydim ki? Hər halda, deyilən sözün gələcək işimə, məsuliyyətimin daha da artırılmasına bir növ söykək olacağına şübhəm yox idi.
    Mətbəədən çıxanda Mirməhəmməd kişi bələdçilik elədi mənə:
    –Gedək kabinetini göstərim, – dedi. Bilirəm ki, redaktorumuz hələ gəlməz. Yaşlı kişidi, hər gün yarım saat, bir saat gej gəlir işə. Bir az xəstəliyi də var.
    – Əgər elədisə, onda gözləyək, – dedim.
    – Yox, açarın biri xadimədə olur. Bəlkə də açıq olar kabinetin qapısı.
    Redaksiyanın otaqları mətbəənin yaxınlığında idi. Biz ora çatanda, həqiqətən də qapını açıq gördük. Xadimə sil-süpür işini qurtarıb getməyə hazırlaşırdı.
    Kabinetə daxil olub, yazı masasına əyləşəndə hər şeydən əvvəl buraxılan qəzet nüsxələrinin komplekti ilə maraqlandım.
    Söz yox ki, bu tanışlıq məndə qəzetin siması – ideya-siyasi səviyyəsi, üslubu, mövqeyi, texniki tərtibatı barədə ətraflı təsəvvür yarada bilərdi. Necə ki, bir atalar məsəlində deyilib: “Dam yıxılsa kalafasından bilinər”.
    Komplektin tikilmiş nüsxələri əyləşdiyim masadan bir qədər aralıda idi. Götürüb nüsxələri bir-bir gözdən keçirməyə başladım.
    “Qızıl bayraq” adlı bu iki səhifəlik qəzet indiyə kimi tanış olub oxuduğum qəzetlərə bənzəmirdi.
                                                                                               *    *    *
    Redaksiyadan: Qədir müəllimin haqqında söhbət açdığı Mirməhəmməd kişi öz sənətini övladlarına öyrətmişdi, onun qızları Minayə, Sürəyya, oğlu Akif vaxtilə ataları ilə birlikdə qəzetin mətbəəsində çalışıblar. İndi isə bu ənənəni Akifin qızı Ülviyyə davam etdirir. O, “Yeni Tərtər”in kompüterçisidir. Mirməhəmməd kişinin nəticəsi Səbinə isə daha da irəli gedib – o, Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisası üzrə II kurs tələbəsidir. Ailədə mətbuata olan maraq davam edir, yəni həqiqətən də, “ot kökü üstündə bitər”.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 09:53

İsmarıclar bağlıdır.