Nihal Hacıyeva rayonumuzun Səhlabad kəndində yaşayır. Şəhər 1 saylı tam orta məktəbin IV sinif şagirdidir.
Balaca Nihal öz səsi, səhnə davranışı ilə yalnız tərtərlilərin deyil, onun uğurlarını izləyən hər kəsin qəlbinə yol tapıb, sevilib. Bu günlərdə məktəbli həmyerlimiz hətta paytaxt səhnəsində də çıxış edib və böyük uğur qazanıb. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illk yubileyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında Estrada oxuma nominasiyası üzrə çıxış edərək, III yerə layiq görülüb.
Bakıdan qayıtdıqdan sonra Nihal redaksiyamızın qonağı oldu. Ondan təəssüratlarını soruşduq. O dedi:
–Festivalda “Ulu Öndər” mahnısını ifa etdim. Mənim üçün bu, böyük fəxr olmaqla yanaşı, adi sözlərlə ifadə olunmayan böyük məsuliyyət idi. Eyni zamanda özümü çox xoşbəxt hiss edirdim. Ona görə ki, xalqımızın Ümummilli Liderinə qəlbimdə olan sevgi və ehtiram sonsuzdur və oxuduğum hər bir kəlmə mənim hisslərimə bürünmüşdü. Səhnədə mən yalnız mahnı oxumadım, həm də Azərbaycan uşaqlarının Heydər Əliyevə olan məhəbbətini nümayiş etdirdim.
Nihalın repertuarında əsas yeri vətənpərvərlik mahnıları tutur. Qeyd edək ki onun oxuduğu sinif 44 günlük Vətən müharibəsi şəhidi Mirsədi Bağırlının adını daşıyır. Elə ifa etdiyi ilk mahnı da “Şəhidlər” mahnısı olub. Nihal bildirdi ki, sinif müəllimi Fəxriyyə Məmmədova və yoldaşları ilə birlikdə Mirsədi Bağırlının və digər şəhidlərimizin ailələrində olublar.
Onun böyük məhəbbətlə ifa etdiyi digər mahnının adı “Qazilər”dir. Bu mahnının klipi 44 günlük Vətən müharibəsində döyüş getdiyi ərazilərdə çəkilib.
Nihal uşaq yaradıcılıq festivalının bürünc medalına və pul mükafatına layiq görülüb, o, həmçinin respublikanın xalq artisti Aygün Kazımova ilə birlikdə səhnədə mahnı oxuyub.
Nihalın gözəl musiqi qabiliyyəti olsa da, o, gələcəkdə polis işçisi olmaq arzusundadır. Ancaq incəsənət sahəsində öz üzərində çalışmağı da unutmur. Tərtər 7 illik musiqi məktəbində piano üzrə təhsil alır. Valideynləri Nihalın istedadının daha da parlamasına kömək edən hər kəsə öz minnətdarlıqlarını bildiriblər.
“YENİ TƏRTƏR”