Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    (Hekayə)

    İsti yay günü idi. Ayağında dabanı basıq ağır kişi ayaqqabılarını sürüyərək yeriyən İsmət xanım elə bil ki, bu dünyadan küsmüşdü. Çox sevdiyi qızı və nəvəsi onu ziyarətə gəlmişdilər. Ancaq bu xanımın üzündə nə sevinc ifadəsi, nə xoş bir əhval-ruhiyyə var idi. O, olduqca sakit təbiətli, asta danışan, asta yeriyən xanımıydı. Yeriyərkən tumanının balağı tərpənmirdi. Heç kəsdən, heç kimdən heç nə ummazdı İsmət xanım. Yəqin ki, o, ummaq daşını həyat yoldaşını itirdiyi gündən atmışdı.
    Həyat yoldaşını hələ cavan yaşlarında itirən İsmət xanım, bir el misalında deyildiyi kimi, “saçını süpürgə etmişdi”. Yaraşıqlı, boy-buxunlu, elnən bir hörməti olan, göy xallı ağ atın belinə qalxanda bütün kənd camaatının həsədlə baxdığı həyat yoldaşının itkisi ağır dərd olsa da, o, balalarını atalarına layiqli böyütməyə çalışırdı. Beş övladı vardı İsmət nənənin. Üç qız, iki oğlan. Ancaq qızlardan biri kiçik yaşlarında dünyasını dəyişdi. Bu da İsmət xanım üçün ikinci zərbə oldu.
    Neyləmək olar. Dörd balanın gələcəyi ondan asılıydı. Həyat yoldaşına olan hörmət, müd-rik qaynanası İpək nənənin nəsihətləri onu hər tərəfdən əhatə edirdi.
    İsmət xanıma kənd çayxanasında işləmək məsləhət bilindi və o, bu işi qəbul etdi. Ağzı yaşmaqlı, qara yaylıqlı, bəzən yerişi ruha bənzəyən bu qadın tezliklə bütün kəndin hörmətini qazandı. El dilində deyildiyi kimi: “Məmə yeyəndən pəpə yeyənə kimi” hamı ona hörmət edir, ehtiram göstərirdi. Vaxt keçdi, qızlar ailə qurub, başqa rayona köçdülər.
    İki oğlunu ehtiyac hiss etmədən böyüdən, əslən Şuşadan olan bu xanımın dilindən yalnız bu sözləri eşitmək olardı: “Anan boyuna qurban”, “Allah sinəndə ağ tük bitirsin”, “Uğurun xeyir” və s. O zamanlar “Selpoya” gələn malları seçəndə onun ən gözəlini oğlanlarına götürərdi: “Bu, yalnız mənim müəllim oğluma, bu isə boy-buxunlu, atasına bənzəyən kiçik oğluma yaraşar”, – deyərdi.
    Balalarına, nəvələrinə olan istəyini hamıya eyni şəkildə bildirərdi. Ancaq qızlarından birini və onun balasını daha çox sevirdi. Dediyinə görə, bu qız başdan ayağa həm boy-buxunu, həm də xasiyyətinə görə atasına bənzəyirdi.
    İsmət xanımın gəlişi atalarını vaxtsız itirmiş böyük qızın balaları üçün toy-bayram olurdı. Onların ataları da İsmət xa-nıma xüsusi hörmət göstərirdi. Evdə həmişə qonaq üçün hər ehtiyat olmasına baxmayaraq, onun adına bazarlıq edir, özünə məxsus hörmətlə qarşılayır, yola salırdı. Ancaq o, bu-rada çox qala bilmirdi, sanki həyatında nəsə çatmırdı. Bunun səbəbini yalnız özü bilirdi.
    Axı, həyat yoldaşının ailə üçün tikdirdiyi gözəl bir ev vardı. Otağın biri xüsusi zövqlə tikilmişdi. Evin qapı-pəncərələri, göy və qırmızı çərçivələrlə əhatə olunmuşdu. O, həmişə həyat yoldaşını asma eyvandan bağı seyr edərək gözləyirdi. Bu, İsmət xanımın ən çox sevdiyi eyvan idi.
    Oğlanlar ailə qurub oğul-uşaq sahibi olduqdan sonra evi iki yerə böldülər. Kiçik oğul özünə aid olan hissədən qapı- pəncərələri söküb apardı. Eh vay!!! Qurduğun yuvanın içə-risində, balalarını böyütdüyün bir evi öz balaların, öz oğulların uçura. Buna nə ad vermək olar?!
    Onlar elə bildilər ki, iki yeni ev tikdilər. Bu, bir görüntü idi. İsmət xanımın yuvası isə dağılmışdı.
    O vaxtdan İsmət xanım ömrünün son günlərini böyük qızı və onun balaları ilə keçirirdi. Ömrünün sonuna az qalan İsmət xanım demişdi: “Qızım, məni oğlumun evinə apar. Dünyamı qız evində dəyişmək istəmirəm. Bu, mənim oğullarıma baş qaxıncı olar”. Son günlər kiçik oğul ananın: “Sabahın xeyir, uğurun xeyir” – sözlərini qəzəblə qarşılayırdı. Böyük oğlunun boyunu görmək üçün isə ana kiçik oğlunun eyvanından məktəbə gedən yola boylanırdı. Təki onun yaraşıqlı boyunu uzaqdan da olsa görsün. Hara getsə, özü ilə səliqəli yığılmış çamadanını aparırdı. Oğul payı görmədi ana. Böyük qızın ona yaraşan paltarlarını zövqlə geyinirdi.
    Anasını qardaş evinə gətirmiş qız isə özünü qınayaraq gecələr göz yaşı axıdır, söyləyirdi: “El töhmətindən qorxu. Ah!!! Bu yalançı etiketlər”.
    …İsmət xanım artıq yeni dünyasına hazırlaşırdı. Yerışı, duruşu kölgəni xatırladırdı. Zərif ayaqlarında köhnə, dabanı basıq kişi ayaqqabısı vardı. Sürüyürdü, yerimirdi. Bu, dünyada onun son payı idi. Bir cüt dabanı basıq, ağır yükü xatırladan kişi ayaqqabısı.
    P.S. Ey analar !!!
    Tanrınızı və özünüzü daha çox sevin. Unutmayın ki, sonra gec olar.

    Sona ƏSGƏROVA,
    STMED klinikasının rəhbəri

     

    Müəllif: Redaktor, 10:54

İsmarıclar bağlıdır.