Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    (Əvvəli ötən nömrəmizdə)
    Rayon ərazisindən axan Torağay çay Tərtər çayının sol qolu olmaqla başlanğıcını Camış dağından alır. Uzunluğu 35 km, hövzəsinin sahəsi 172 kv.km-dir. Suvarmada istifadə olunur [Abdullayev V. “Azərbaycan yeni diplomatiya məkanında,” Bakı,≪Azərnəşr≫, 2000., s.287].
    Ağdərə rayonu ərazisindən Gülyataq çayı, Qabartı çayı, Qanıq çayı, Yenşərəgəl çayları da axır. Bu çaylar öz başlanğıcını qar, yağış və yeraltı sulardan alır. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi. Qızılbulaq qazıntı yatağında 13,5 vahid sənaye ehtiyatı olan qızıl, 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kubmetr olan Ağdərə, 6423 min kubmetr olan Şorbulaq-I, 2129 min kubmetr olan Şorbulaq-II mişar daşı yatağı, 200 min kubmetr olan Ağdərə gəc yatağı təcavüzkar Ermənistan tərəfindən işğal edilmişdi. Ağdərə rayonu ərazisində kiçik dağ gölləri var (Qara göl və s.). Ağdərənin iqlimi çox yerdə qışı quraq keçən mülayim isti, yüksək dağlarda isə soyuqdur.
    Ağdərə rayonunda mədəni quruculuq işləri. Sovet hakimiyyəti illərində Ağdərə rayonunda mədəni quruculuq sahəsində çox böyük nailiyyətlər əldə edilmişdir. 1982-ci ildə rayonda 27 məktəbəqədər uşaq müəssisəsi var idi ki, bu müəssisələrdə 1225 uşaq tərbiyə olunurdu.
    Azərbaycanın qədim tarixə malik Ağdərə ərazisi memarlıq abidələri ilə zəngindir. Rayonun Dovşanlı kəndindən 9 km cənub-şərqdə Xaçın çayının sağ sahilində ilk tunc dövrünə aid Xaçınçay kurqanları aşkar edilmişdir. Kurqanların hündürlüyü təxminən 1-2,5 metr, diametri 10-20 metrdir. Buradakı dəfn adəti biri-birindən fərqlənirdi. Kurqanlardan qızıl bəzək əşyaları, arxaik tipli xəncərlər, daş toppuz, dəvəgözündən bıçaq və bir ədəd bütöv saxsı qab tapılmışdır [ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair təklifləri. // ≪Xalq qəzeti≫, 21 fevral 2001-ci il.. s. 19].
    30 ildən çox Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixidini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır. Ağdərə rayonunda düşmən tapdağı altında dağıdılan pir ziyarətgahından biri rayon mərkəzindən 10 km aralıda yerləşən Ulduztəpə piri olmuşdur.
    Ağdərə abidələri. Ağdərə rayonunda Çardaxlı kəndində tikilmiş Carabert («Su ilə əhatə olunan») qalasıdır. Qalaya Caraberti (car çəkilən yer) də deyirlər. Qalanın adı VII əsr mənbələrində çəkilmişdir. Qala Torağay çayının Tərtər çayına töküldüyü yerdə, çay səthindən təxminən 1500 m yüksəklikdə, sıldırım qayalıqdan ibarət bir yüksəklikdə bina edilmişdir. Azərbaycan arxeoloqları 1963-cü ildə Carabert qalasını tədqiq etmişdilər. Qalanın yuxarısı ikiqat qala divarları və bürclərlə möhkəmləndirilmişdir. Qala hərbi məqsədlə istifadə olunmuşdu. Təsadüfi deyildir ki, son dövrlərə qədər məhz bu qalanın adı ilə Yuxarı Qarabağın bir hissəsi Carabert adlanırdı. Ağdərə rayonu ərazisində XIII-XIX əsrlərdə alban katolikoslarının iqamətgahı olan Xəzinədağ-Gəncəsər məbədi var. Tarixçi Kirakos Gəncəlinin məlumatına görə, Xəzinədağ-Gəncəsər məbədi 1216—1238-ci illərdə Xaçın knyazı Həsən Cəlal tərəfindən tikilmişdir. Məbədin daxili müxtəlif naxışlar, həmçinin rəngarəng freskalarla bəzədilmişdir. Məbəd künbəzli formadadır. Xəzinədağ-Gəncəsər məbədi xüsusi zal, cübbəxanalar, mehrab və zəngxanadan ibarət tağbənd örtüklü böyük kompleksdir [ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycan Prezidenti\ Heydər Əliyevin nitqi (2 dekabr 1996). //Dirçəliş – XXI əsr 2003, M>70, s. 103-107., s.71]. Rayonun ərazisində Vəngli kəndində Xanabad qalası, Gülüstan kəndi yaxınlığında qala qalıqları, Ağdərə şəhəri yaxınlığında Cermux qalası, Kolataq kəndində 635-ci ildə inşa edilmiş məbəd, Ağdərənin 1 km şimal qərbində dağ ətəyində XIII əsrə aid memarlıq abidələri, XII-XIII əsrlərə aid qala qalıqları, Maqavuz kəndində orta əsrlərə aid arxeoloji abidə, körpü, XII əsrə aid Yegeş-Arakül məbədi, Talış kəndi ərazisində’memarlıq abidələri, XIII əsrə aid Ürək məbədi, Tərtər çayı üzərində körpü, Tərtər çayının yuxarı axarında (Murovdağın ətəyində) XIII əsrə aid məbəd, Kasabet («Dağ yamacı») kəndində Hətəm-Məlik qalası, körpü və digər qədim mədəniyyət abidələri var idi. Təəssüflər olsun ki, Azərbaycanın yuxarıda adları qeyd olunan və qeyd etmədiyimiz qədim tarixi abidələri Ermənistan silahlı birləşmələri tərəfindən dağıdılmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Ağdərə rayonu ərazisində yaradılmış abidələrdən biri də bölgənin erməni icmasının xahişi ilə 1978-ci ildə Marağa kəndində ermənilərin Ağdərəyə köçürülməsinin 150 illiyi münasibətilə inşa edilmişdir. Abidənin üzərinə böyük rəqəmlərlə «1828-1978» və «150» rəqəmləri həkk olunmuşdu. Lakin bu abidə bəzi məsələlərə aydınlıq gətirdiyi üçün ermənilər 1991-ci ildə həmin abidəni məhv etdilər. Lakin 2017-ci ildə tarixi əhəmiyyət kəsb edən abidə çoxsaylı müraciətlərimiz nəticəsində respublika Prezidentinin göstərişi ilə təmir-bərpa olunmuşdur.
    1985-ci ildə Ağdərə rayonunda 340 çarpayılıq 8 xəstəxana müəssisəsi, 50 həkim məntəqəsi, sanitariya-epidemioloji stansiya, 50 həkim, 400 orta tibb işçisi var idi.
    Ağdərənin florası və faunası. Ağdərə rayonunun ərazisinin 44%-ni son dərəcə füsunkar gözəlliklərə malik zəngin flora və fauna aləmindən ibarət meşələr təşkil edirdi. Ağdərə bölgəsi zəngin faydalı qazıntı yataqları ilə də seçilir. Bölgədə Qızılbulaq və Canyataq-Gülyataq qızıl yataqları, Mehmana qurğuşun və sink yatağı, Dəmirli mis yatağı və digər faydalı qazıntı yataqları vardır.
    Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir
    Ağdərə rayonunun ləğv olunması.
    Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edilmişdir. Ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosa-qomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağa-bəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir
    Ağdərə rayonu 7 iyul 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Ağdərə keçmiş DQMV-nin ən böyük rayonu olmuşdur.
    Qarabağ zəfəri və Ağdərənin azadlığı. 2020-ci il sentyabr–noyabr aylarında rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin bilavasitə başçılığı ilə, dönməz iradəsinin mənəvi gücü və stimulu nəticəsində tarixi torpaqlarımız, həmçinin Ağdərəmiz işğaldan qurtuldu. 8 noyabr 2020-ci il tarixi isə Azərbaycanın Zəfər günü kimi qızıl hərflərlə şanlı tariximizə əbədi həkk olundu. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qaytarılıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əli-yev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Qarabağ Azərbaycandır!

    Türkan İLQAR QIZI

     

     

    Müəllif: Redaktor, 12:41

İsmarıclar bağlıdır.