Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    Ağayev Kənan Vahid oğlu 2002-ci il sentyabr ayının 9-da Oğuz rayonunda dünyaya gəlib. Valideynləriinə 30 il müddətində məcburi köçkün statusu daşımaq qismət olub. Onlar əslən Ağdərə rayonunun İmarət Qərvənd kəndindəndilər.
    Bu kənd uzun müddət erməni quldurlarının mühasirəsində qalaraq, müqavimət göstərsə də, nəhayət, sakinlər kəndi tərk etməyə məcbur olublar. Ağayevlər ailəsinin 4 övladı, – 3 oğlan, 1 qız və onlar özləri didərginlik həyatının bütün ağrı-acılarını yaşamışlar. Hal-hazırda Tərtər rayonunun Çardaxlı kəndinin qeydiyyatındadırlar, müvəqqəti olaraq Oğuz rayonunda məskunlaşıblar.
    Vətənə məhəbbət hissi bu ailədə böyüyən övladların qanına halal ata çörəyi ilə birlikdə hopmuşdu. Valideynləri kimi, onlar da doğma kəndlərinin işğal altında qalması ilə barışa bilmirdilər. Kənanın böyük qardaşı Nurlan deyir ki, 44 günlük Vətən müharibəsi baş-layanda, ailədə hamı sevindi. Nurlan isə müharibəyə könüllü gedib, torpaqlarımızın azad edilməsi uğrunda şərəflə vuruşdu.
    2020-ci ildə Kənan Öğuzdakı İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini yenicə bitirmişdi. Elə həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2022-ci ilin aprel ayına qədər ordu sıralarında xidmət etdi. Nurlan deyir ki, bu müddətdə Kənan evlərinə zəng edəndə, böyük sevinc hissi ilə qalib Ordunun əsgəri olmağın nə qədər qürurlu olduğundan danışır və həmişə valideynlərinə bildirirdi ki, darıxmayın, tezliklə bizim kəndimiz də işğaldan azad olunacaq. Valideynlərinə ümid verməklə yanaşı, həm də özünü düşmənlə mübarizəyə hazırlayırdı. Belə ki, 2023-cü ilin fevral ayında Kənan Ağayev komando kurslarına yazıldı. Apreldə kursu müvəffəqiyyətlə bitirdi, may ayından işləməyə başladı. Lakin bununla da kifayətlənmədi. Bir müddət sonra snayperçilər hazırlayan kursa yazıldı, lakin bu kursu bitirməyə macal tapmadı.
    Antiterror əməliyyatı başlayan gün – sentyabrın 19-da Kənan artıq Xocalıda idi. O Xocalıda ki, yalnız adı çəkiləndə hər birimiz qəzəb və kədərimizi cilovlaya bilmirik. Səhər-səhər evlərinə zəng vurmuşdu, atası ilə, qardaşı ilə danışıb. Onlara qarşıdakı döyüş barədə heç nə deməsə də, hər kəlməsi ilə sanki vidalaşıb, doğmalarının xeyir-duasını alıb.
    Bu döyüş cəmi bir gün çəkdi. Tariximizə qızıl hərflərlə yazılan bu bir gün ölkəmizin tam suverenliyini bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz gücünü bir daha nümayiş etdirdi. Gənclərimiz müqəddəs amal uğrunda canlarını, sağlamlıqlarını qurban verdilər. Onlardan biri də Kənan Ağayev oldu.
    Kənanın atası Vahid Ağayev deyir:
    – Oğul itkisi kimi bir dərdi çiyinlərində daşımaq ol-duqca ağırdır. Bir təsəllimiz var ki, o da Qarabağımızın erməni terrorçularından tam təmizlənməsidir. Kənan uşaqlıqdan verdiyi sözə əməl edən, qoçaq, qeyrətli oğul idi. 21 illik qısa həyatı isə bunu təsdiqlədi. Anasına, mənə verdiyi sözü yerinə yetirdi. Allah Ali Baş Komandanımızı, ölkə Prezidentini qorusun, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
    Kənan son dəfə ailəsinə sentyabrın 7-də baş çəkmişdi. Anası Raminə xanım, bacısı Mətanət söyləyirlər ki, Kənanın evimizə hər gəlişi bizə böyük sevinc bəxş edirdi. Bu dəfə də sevindik. Amma hamının ürəyində dilimizə gətirmədiyimiz bir narahatlıq vardı. Görüşdük, yola saldıq. Qəhrəman kimi qarşıladıq.
    O, torpağımız, bayrağımız uğrunda şəhadətə yüksəldi. Ölümü ilə xalqın yaddaşında ölümsüzlük qazandı.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:22

İsmarıclar bağlıdır.