Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    XALQ MAHNILARIMIZI YAŞADAQ!

    Azərbaycanın Xalq Artisti Əbülfət Əliyevlə müsahibə

    –İnsan həyatında elə əlamətdar günlər olur ki, o, yaddaşlara əbədi həkk olunur, illər keçsə də unudulmur. Hər dəfə xatırlananda o günlər xəyalən yenidən yaşanır. Əbülfət müəllim, yəqin ki, Sizin də səhnəyə ilk gəlişiniz xatirənizə beləcə həkk olunub. Xahiş edirik, bu barədə danışasınız.
    –Mən Ağdamda böyümüşəm. Uşaq vaxtlarımdan musiqiyə böyük həvəsim var idi. Məktəbimizdə başqa dərnəklərlə yanaşı Qumru müəllimin rəhbərlik etdiyi özfəaliyyət dərnəyi də fəaliyyət göstərirdi. Mən də həmin dərnəyin üzvü idim. 1944-cü ildə respublikamızda ilk uşaq olimpiadası keçirilirdi. Dərnəyimizin bir qrup üzvü ilə mən də olimpiadada çıxış edirdim. İfamı bəyəndilər və Bakıda filarmoniyada keçirilən yekun konsertdə mən də iştirak etdim. Mənə bir-neçə həmyaşıdlarımla birgə Azərbaycan LKGİ MK tərəfindən mükafat olaraq bir dəst paltar verdilər. Mənim səhnəyə ilk gəlişim belə oldu.
    –Səhnəyə ilk gəlişinizdən artıq 30 il keçib.Bu illər ərzində Siz uzun və şərəfli sənət yolu keçmisiniz. İndi səhnəyə çıxanda hansı hissləri keçirirsiniz?
    –İlk gənclik illərimdə çox gərgin həyacan kecirirdim. İllər ötdükcə bu gərginlik azaldı. Ancaq indi də hər dəfə tamaşaçılar qarçısına çıxanda həyacanlanıram. Mənə elə gəlir ki, öz sənətini ürəkdən sevən müğənni tamaşaçı qarşısında həmişə həyacan keçirir. Bu həyacan da onun xalqa olan sevgisindən, bir də sənətinə olan məsuliyyətindən irəli gəlir. İfa etdiyim mahnılarla çalışıram ki, həmişə xalqımın məhəbbətini qazanım.
    –Sizin ifa etdiyiniz bütün mahnılar bizim üçün sevimlidir. Bəs Siz özünüz bu mahnılardan hansını daha çox sevirsiniz? Onlardan hansı sizə daha doğmadır?
    –Xalq mahnıları, onları sevməmək, onlara bağlanmamaq mümkün deyil. Bu mahnılar mənim üçün həmişə təzədir. Kədər, məhəbbət, sevinc, vüsal bu mahnılarda elə ifadə olunub ki, onları sev-məmək mümkün deyil.
    –Əbülfət müəllim, bəzi müğənnilərimiz xalq mahnılarının sözlərini dəyişir, muğamda elə xallar vururlar ki, bu, dinləyicilərə xoş gəlmir. Bir sənətkar kimi bu haqda fikriniz?
    –Mənəvi hüquq verilmir ki, müğənni yeri gəldi-gəlmədi mahnının sözlərini dəyişsin, muğamda bizim Azərbaycan muğamına xas olmayan xallar vursun, onu öz istədiyi kimi ifa eləsin. Axı, müğənniyə, xalq incilərinə qarşı son dərəcə diqqətli olan dinləyicilərimiz var. Yerində edilməyən xallar, dəyişiklik muğamı tamamilə dəyişir, bu isə sözsüz ki, dinləyiciyə xoş gəlmir.
    –Yeri gəlmişkən, bir məsələ haqqında da fikrinizi bilmək maraqlı olardı. Bəzi gənc müğənnilərimiz də var ki, Şərq musiqisinə, xarici musiqilərə daha çox meyl göstərirlər. Belələrinə Sizin sözünüz?
    –Bu sualla bizə tez-tez müraciət edirlər. Əgər biz başqa xalqların mahnılarını seviriksə, onları öyrəniriksə, bu yaxşı haldır. Ancaq tamamilə xarici musiqilərə, Şərq musiqisinə alüdə olmaq olmaz. Çünki bizim özümüzün elə gözəl, ruh oxşayan xalq mahnılarımız, muğamlarımız var ki, onlardan çox şey öyrənmək olar. Gəlin, əvvəlcə, öz xalqımızın yaratdığı inciləri öyrənək. Mən ona görə “xalq inciləri” dedim ki, onlar xalqın ürəyindən qopan nəğmələrdir. Xalqla məhəbbəti qarşılıqlı olanlar həmişə ucalırlar.
    Mən gənc müğənnilərimizi də sənətinə ürəkdən bağlı, təqlidçilikdən uzaq, xalqa yaxın görmək istəyirəm.
    –Əbülfət müəllim, Siz xalqımızın ən çox sevdiyi müğənnilərdənsiniz. Bu mənada Sizin xoşbəxt taleyinizə qibtə etmək olar. Ancaq bizim üçün maraqlıdır ki, sevimli müğənnimiz özü kimləri xoşlayır?
    –Bülbülü, Xan Şuşinskini, Zülfü Adıgözəlovu daha çox sevirəm. Onlar bir növ bizim üçün məktəbdir, biz onlardan çox çey öyrənmişik və öyrənirik.
    –Adlarını çəkdiyiniz insanlar həqiqətən ölməz sənətə, səsə malik sənətkarlardır. Onların bəzilərinin ailələrində də davamçıları var. Sizin övladlarınızdan sənətinizi davam etdirmək istəyən varmı?
    –Xeyr. İki övladım var. Oğlum Rauf Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini, qızım Raisa isə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Hər ikisi ixtisası üzrə işləyir.
    –Əbülfət müəllim, boş vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz?
    –Mütaliədən doymuram. Nə qədər kitab oxusam doymuram.
    –Yenidən həyata gəlsəydiniz yenə mügənni olmaq istərdinizmi?
    –Bəli.
    –Bir-neçə gündür ki, rayonumuzdasınız. Təəssüratınızı bilsəydik, maraqlı olardı….
    –Mən özüm Qarabağlıyam. Qarabağın hər qarışı mənim üçün əzizdir. Bir-neçə dəfədir ki, Mirbəşirdə oluruq. Rayonunuza söz ola bilməz, havası da gözəldir, adamları da.
    Artıq bir-neçə kolxozda olmuşuq. ”Özbəkistan”, ”Şəfəq”,”Qələbə”,”İnqilab” kolxozlarının, N.Nərimanov, Paris Kommunası adına kolxozların zəhmətkeşləri qarşısında çıxış etmişik. Onlar bizi alqışlayır, gül-çiçək dəstələri ilə qarşılayırdılar. Görürdük ki, musiqini, xalq mahnılarını, muğamı ürəkdən sevirlər.
    –Əbülfət müəllim, onlar tək musiqini deyil, onu xalqa çatdıran sevimli müğənnimiz olan Sizi də ürəkdən sevirlər. Rayonumuzun bütün zəhmətkeşləri adından biz də Sizi, Sizin sənətinizi alqışlayırıq. Sizə böyük uğurlar, sənət sevincləri arzulayırıq. Qoy mahnılarınız həmişə, hər yerdə bizi izləsin!

    Svetlana ƏZİZOVA,
    ADU-nun Jurnalistika fakültəsinin tələbəsi
    “Qızıl Bayraq” qəzeti,10
    noyabr, 1983-cü il

     

    Müəllif: Redaktor, 11:13

İsmarıclar bağlıdır.