Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Yeniilqabağı günlərdə Tərtərdən Laçının Zabux kəndinə daha bir köç yola düşdü. Düyərli kəndində məskunlaşan İlhamə Qədirova ilə elə əşyalarını maşına yükləyərkən görüşdük. Çox sevincliydi. Köməyə gələn qonşuların da əhval-ruhiyyəsi yüksək idi. Axı, söhbət Vətənə qayıdışdan gedir. Bundan gözəl nə ola bilər?
    İlhamə Quliyeva özü bu barədə belə dedi:
    –Zabuxdan çıxanda 18 yaşım vardı. Atam, anam, 6 uşaq böyüyüb boya-başa çatdığımız kəndi göz yaşları içində tərk etdik. Ayrılığın nə qədər çəkəcəyini heç kim bilmirdi. Buna baxmayaraq, hər birimizin ürəyində bir ümid qığılcımları közərirdi. Bu ümidi yaşadan Ümummilli Lider Heydər Əliyevin “Biz o yerlərə qayıdacağıq” söz-ləri və sevimli Prezidentimiz İlham Əliyevə olan inam idi.
    İlhamə xanım daha sonra bildirdi ki, məcburi didərginlik dövründə onların ailə üzvləri Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşmışdılar. Çox çətin şəraitdə yaşayırdılar. Bu günü görmək isə atasına nəsib olmadı. O, dünyasını dəyişdi. Tərtər qəbiristanlığında dəfn olunub. İndi onun da ruhu şaddır. Çünki balaları, nəvələri cənnəti xatırladan Laçına dönürlər.
    Onu da öyrəndik ki, İlhamə Qədirova iki oğul anasıdır. Onlardan biri –Nihat 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Zabuxda dövlətimiz tərəfindən onlara hər cür şəraiti olan üçotaqlı ev verilib.
    Vətəndə nə ilə məşğul olacağını soruşanda, İlhamə xanımın əvəzinə qonşuları cavab verdilər və dedilər ki, laçınlı olasan, məşğul olmağa iş tapmayasan? Onun əlləri “qızıl”dır. Əla yuxa yayır, çörək bişirir, yəni bacarmadığı bir iş yoxdur. Sözsüz ki, Laçında da qabiliyyətinə, bacarığına uyğun bir sahədə çalışacaq.
    Sonda hamının fikirlərini Düyərli İƏD üzrə icra nümayəndəsi Ramiz Zeynalov yekunlaşdırdı. O dedi:
    –Bu gün biz Prezident İlham Əliyevin “Mən hər bir vətəndaşın Prezidentiyəm” sözlərinin təsdiqini real həyatda görürürk. Doğma yurda köçən ailəyə kömək məqsədilə dövlətimiz tərəfindən ayrıca yük maşını göndərilib. Arxayın ev əşyalarını yığıb yola düşəcəklər. Ağlaya-ağlaya gəldikləri yolla indi gülə-gülə qayıdırlar.
    Böyük Qayıdışın daha bir mərhələsini izləmək, o gözəl hissləri yaşamaq bizə də nəsib oldu. Bunun üçün bir jurnalist, Tərtər sakini olaraq Prezident İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna öz təşəkkürümü bildirirəm. Əminəm ki, Yeni ili öz doğma ocaqlarında qeyd etməyə hazırlaşan keçmiş məcburi köçkünlər də bu anları heç zaman unutmayacaqlar.

    Svetlana BİLAL QIZI

     

    Müəllif: Redaktor, 11:29

İsmarıclar bağlıdır.