Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Yan

    2023-cü il başa çatdı. Məncə zamanın və ömrünün hər bir ilini geridə qoyan hər kəs özlüyündə düşünür: “Necə bir il oldu, nə ilə yadda qaldı bu il”.
    Mən də hamı kimi bu düşüncəyə vardım. Şəxs olaraq deyil, hamımız üçün, dövlətimiz üçün “Tarixi il oldu” deyə düşündüm. Bəli, tarixi il! Təkcə 2023-cü il deyil, 2020-2023-cü illər qədim tariximizə qızıl hərflərlə və rəqəmlərlə nəqş olunacaq: Zəfər, Qələbə, Qayıdış illəri.
    Və illər, zaman keçdikcə bu dövrdə yaşayan hər kəs qürurla deyəcək ki, mən Azərbaycanın şanlı tarixi dövründə yaşamışam. Böyük və tarixi hadisələrin şahidi olmuşam. Həm də bu tarixi yazanların müasiri olduğumuz üçün, o qəhrəmanlarla bir dövrdə yaşadığımız üçün özümüzü xoşbəxt sanacağıq.
    2020-ci ilin payızından başlayan müqəddəs torpaqlarımız uğrunda müqəddəs savaşımız Böyük Qələbə ilə başa çatdı.
    2023-cü ilin yenə payızında cəmi 23 saatlıq savaşla tarixi ata-baba torpaqlarımız yağı pəncəsindən azad olundu.
    Ali Baş Komandan, möhtərəm Prezidentimiz öz yenilməz Ordusu ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Və 2023-cü ilin sentyabrında Qarabağ məsələsinə birdəfəlik son qoyuldu.
    4 oktyabr 2020-ci il Cəbrayılın işğaldan azad olunması ilə başlayan Zəfər 20 sentyabr 2023-cü ildə Xankəndinə üçrəngli müqəddəs bayrağımızın taxılması səlnaməsi ilə başa çatdı. 30 illik həsrətə son qoyuldu. Ali Baş Komandan öz yenilməz Ordusu ilə mümkünsüzü, müşkülü aşdı. Mümkünsüz idi ona görə ki, görünən düşmənimizin arxasında görünməyən havadarlar güclü idi. Amma o qalib Sərkərdə öz gücünü, dövlətinin və Ordusunun gücünü bütün dünyaya bəyan etdi. Xəyallarımızı gerçəkləşdirdi. Yuxu kimi görünən möcüzəni xalqına bəxş etdi. Əzəli torpaqlarımıza Böyük Qayıdışı imzaladı. Düzdü, asan olmadı. Torpaqlarımızın hər qarışı düşməndən qanla-canla alındı. Oğullarımızın qeyrəti, qəhrəmanlığı sayəsində bir-bir azad oldu şəhərlərimiz, kəndlərimiz. Onların müqəddəs qanı tökülən o müqəddəs torpaqlara bu gün nəfəs gedir. Tikilir, qurulur, bərpa olunur. Şəhidlərimizin ruhları sevinir, bayram edir. Çünki canlarından çox sevib uğrunda şirin canlarını qurban verdikləri Vətən torpaqları artıq azaddır.
    Bizim hər birimiz – bu torpağın üstündə gəzənlər onun altında uyuyan şəhidlərimizə, eyni zamanda qazilərə və Ali Baş Komandana borcluyuq.
    Bu gün Azərbaycan qüdrətli bir dövlət, regionda söz sahibidir.Yazımın bu yerində bu qüdrətli dövlətin qürurverici Ulu Öndəri Ümummilli Lider Heydər Əliyevi hörmət və dərin ehtiramla anmaq istədim. Çıxışlarının birində böyük bir uzaqgörənliklə: “Biz öz tarixi torpaqlarımıza mütləq qayıdacağıq”, – demişdi dahi lider. Rəbbin bir hikməti də özünü belə göstərdi: Ümummilli Lider Heydər Əliyev ili olan 2023-cü il xalqımız üçün düz 30 ildən artıq bir müddətdən sonra Qarabağın mənfur düşməndən tam azad olması, möhtəşəm Qələbə, Zəfərin təntənəsi və şanlı tariximizə qızıl hərflərlə yazılan il oldu.
    2023 bir müjdəni də bizə verərək uğurla getdi. 2024-ü xoş bir xəbərlə gətirdi bizə: Prezident seçkisinə gedir vətəndaş-larımız.
    Mən isə inam və qürurla deyirəm ki, xalqımız, Azərbaycanın çiçəklənən gələcəyinə, inamlı sabahlarına səs verəcək.

    Vəsilə Mehdiyeva,
    Sarıcalı kənd tam
    orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 13:17

İsmarıclar bağlıdır.