Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    Tarix nə unudur, nə də unutdurur

    1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Bakı şəhərinə hücumu nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edil-miş, 744 nəfər yaralanmış, 4 nəfər soydaşımız isə itkin düşmüşdür. Azərbaycan xalqının iradəsini, azadlıq istəyini boğmağa hədəflənmiş Yanvar faciəsi onların düşündüyünün tam əksinə olaraq milli iradəni, xalqımızın qorxmazlığını, azadlığa can atdığını, Azərbaycan xalqının əsrlər boyu nümayiş etdirdiyi mərdliyi, cəsarəti bir daha gözlər önündə sərgilədi.
    Tariximizin xalq, millət üçün ən agır səhifələrindən birinə çevrilən “Qanlı Yanvar” hadisələri Azərbaycanın müsəqilliyinin həqiqətə çevrilməsi naminə qurban gedən insanların haqqının təcəssüm etdirilməsi məqsədilə ədəbiyyatımızda, kinomuzda, musiqimizdə, təsviri incəsənətdə də özünü göstərmisdir.
    Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi, “Qalx ayağa, Azərbaycan!” adlı tamaşa, Tamara Vəliyevanın Qara Yanvara həsr olunmuş “Mənim ağ göyərçinim”, Bəxtiyar Vahabzadənin “Şəhidlər” və “Larisa” , Xəlil Rza Ulutürkün “Qanım bayrağımdadır” şeirləri, M. Abdullayevin “Nakamların dəfni”, Q. Quluyevin ”Matəm”, İ. İsmayılovun “Haqq tərəzisi” rəsmləri, Azərbaycan kinematoqrafında 20 Yanvar hadisəsinə həsr olunmuş “Azadlığa gedən yollar”, “Bakıda insan izi”, “Qanlı Bakı” filmləri o dövrün faciəsinin izlərini Azərbaycan xalqının yaddaşına nəqş etdi. Toy-düyünlərimizi bəzəyən qərənfil də o hadisədən sonra öz missiyasını dəyişdi. Qış aylarında açan qərənfil 20 Yanvar qurbanlarının məzarını bəzədi. Məmməd Aslanın öz şeirində qərənfilə xitabı hər il anım günündə bir daha ağladır bəxtinə məzarlar yazılan qırmızı qərənfili:
    Qərənfil – şəhid qanı!
    Qan götürdü dünyanı…
    Ağlat, inlət meydanı,
    Ağla, qərənfil, ağla!
    Tarix nə unudur, nə də unutdurur! Dostunu da, düşmənini də, yasını da, zəfərini də. Müstəqillik arzusunun həqiqət olması üçün özünü qurban verənlər o həqiqət üçün bir qapı, bir yol oldular. Həm də 30 il çəkən uzun bir yol. O yol ki, son mənzili musiqi beşiyimiz olan Şuşada bitdi. Bəli, Şuşada…
    Bu torpaq, bu yurd üçün canlarını qurban verənlərin məzarlarını bəzəyən qərənfilə qan qardaşı olan Xarıbülbülün yetişdiyi Şuşada. Azərbaycan əsgərinin sıldırım qayalardan aşıb azad etdiyi Şuşada.
    Əminəm ki, bu gün bütün Azərbaycanda, Qarabağda dalğalanan bayrağımız 20 Yanvar şəhidlərinin ruhunu sevindirir. İllər keçsə də torpaq üçün, azadlıq üçün canını qurban verənlərin fədakarlığı qətiyyən unudulmayacaq.

    Esmira Qəhrəmanova,
    Sarıcalı kənd tam orta
    məktəbinin müəllimi

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.