Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
2023-cü ildə rayonda kənd təsərrüfatı məhsulunun həcmi 114033.5 min manat olmuş, əvvəlki ilə nisbətən 8.0 faiz artmışdır. Kənd təsərrüfatı məhsulunun 67419.6 min manatı və ya 59.1 faizi bitkiçilik sahəsinin hesabına formalaşmışdır.
Rayon üzrə 2023-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 24285.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2022-ci ilə nisbətən 807.7 hektar və ya 3.2 faiz azalmışdır. Əkin sahəsinin 9141.9 hektarını və yaxud 37.6 faizini dənli və dənli paxlalı bitkilər, 4309.5 hektarını və yaxud 17.7 faizini texniki bitkilər, 1472.0 hektarını və yaxud 6.1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9362.2 hektarını və yaxud 38.6 faizini yem bitkiləri təşkil etmişdir.
2023-cü ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 777.6 hektar və yaxud 9.3 faiz, o cümlədən buğda əkini 1268.5 hektar hektar və yaxud 31.9 faiz artmış, arpa əkini 441.5 hektar və yaxud 10.7 faiz, digər dənli və dənli paxlalılar əkini 52.9 hektar və yaxud 60.2 faiz azalmışdır. Nəticədə 2023-cü ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 40197.6 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin göstəricisindən 5021.5 ton və ya 14.3 faiz çoxdur.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 57.9 faizini və ya 23258.6 tonunu buğda təşkil etmişdir. Taxılın 38.9 faizi və ya 15649.1 tonu arpa, 2.8 faizi və ya 1145.5 tonu qarğıdalının, 0.4 faizi və ya 144.4 tonu digər taxıl məhsullarının payına düşür. Əvvəlki ilə nisbətən 2023-cü ildə buğda istehsalı 34.1 faiz, lobya istehsalı 8.2 dəfə artmışdır. 2023-cü ildə dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 43.7 sentner, o cümlədən buğdanın məhsuldarlığı 44.3 sentner, arpanın məhsuldarlığı 42.5 sentner, qarğıdalının məhsuldarlığı 53.3 sentner, noxudun məhsuldarlığı 25.8 sentner, lobyanın məhsuldarlığı 57.2 sentner, sorqonun məhsuldarlığı 15.0 sentner olmuşdur. 2022-ci ilə nisbətən dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı 2.6 sentner, buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 4.0 sentner, qarğıdalının məhsuldarlığı 0.6 sentner, noxudun məhsuldarlığı 0.1 sentner, lobyanın məhsuldarlığı 5.7 sentner artmışdır. 2023-cü ildə təkrar əkindən 221.8 ton dənli və dənli paxlalılar istehsal olunmuşdur ki, onun 202.1 tonu dən üçün qarğıdalı, 4.2 tonu darı, 15.5 tonu lobya olmuşdur.
2023-cü ildə 2242.1 hektar sahədə pambıq əkilmişdir. 2022-ci ilə nisbətən pambıq əkini 35.0 faiz artmışdır. İl ərzində 6314.9 ton pambıq tədarük edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 28.2 sentner olmuşdur.
2023-cü ildə rayonda kondinsiya çəkidə 1035.4 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 2022-ci ilə nisbətən 2.6 dəfə artaraq 556.1 sentner olmuşdur.
2023-cü ildə rayonda 2049.5 hektar dən üçün günəbaxan əkilmişdir. İl ərzində 6192.9 ton günəbaxan istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 1.0 sentner artaraq 27.8 sentner olmuşdur.
Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2023-cü ildə 384.0 hektar kartof sahəsindən 5744.5 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2022-ci ilə nisbətən 34.7 sentner artaraq 148.8 sentnerə çatmışdır.
2023-cü ildə rayonun təsərrüfatlarında 15849.6 ton müxtəlif növ tərəvəz istehsal edilmişdir. Onun 15398.6 tonu əsas əkindən (1087.0 hektar), 444.3 tonu təkrar əkindən (4.0 hektar), 6.7 tonu istixana komplekslərində istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 8.9 sentner və ya 6.7 faiz artaraq 141.8 sentner olmuşdur.
2023-cü ildə 312.5 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1958.6 hektar, o cümlədən bar verən yaşda 1545.0 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 18202.6 ton meyvə və giləmeyvə toplanmışdır. Yeni salınmış meyvə bağlarının 291.0 hektarı intensiv üsulla becərilən bağlarıdır.
Hesabat ilində rayonda 7.1 hektar üzümlük mövcud olmuşdur ki, onun hamısı bar verən yaşdadır. Həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 809.6 ton üzüm yığılmışdır.
Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 9362.2 hektar yem bitkiləri əkilmişdir. Yem bitkilərinin 25.0 hektarı birillik otlar, 9337.2 hektarı çoxillik otlar olmuşdur. 2023-cü ildə 114584.6 ton quru ot və 5134.9 ton yaşıl kütlə tədarük edilmişdir. Çoxillik otların hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.2 sentner artaraq 121.0 sentner olmuşdur.
Bundan başqa 2023-cu ildə rayonun təsərrüfatlarında 3025.0 min ədəd meyvə və 973.5 min ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
2023-cü ildə rayonda 1098.8 hektar sahədə təkrar əkin aparılmışdır ki, onun 74.8 hektarı dənli və dənli paxlalı bitkilər, 331.2 hektarı texniki bitkilər, 48.9 hektarı kartof və müxtəlif növ tərəvəz bitkiləri, 643.9 hektarı yem bitkiləri olmuşdur. Həmin təkrar əkin sahələrindən 221.8 ton dənli və dənli paxlalılar, 644.8 ton texniki bitkilər, 473.8 ton kartof və müxtəlif növ tərəvəz, 1615.6 ton quru ot və 5134.9 ton yem üçün yaşıl kütlə istehsal edilmişdir.
TƏRTƏR RAYON
STATİSTİKA İDARƏSİ