Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Fev

    Bu gün də biz müzəffər Ali Baş Komandanın yanındayıq

    Ulu Öndər Heydər Əliyev deyirdi: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”
    44 günlük Vətən mühari-bəsi sübut etdi ki, müstəqillik illərində Azərbaycanda məhz bu cür gənclər yetişib. Onlar Vətən, torpaq, bayraq uğrunda ölümə belə getməyə hazır idilər və gedirdilər, göz qırpma-dan şirin canlarını, sağlamlıqlarını bu yolda qurban verirdilər.
    Belə gənclərdən biri də həmyerlimiz, Cəmilli kəndinin sakini, 19 yaşında ali hərbi təltif alan Azər Abdullazadədir.
    Azər 2001-ci il fevralın 18-də ziyalı və vətənpərvər insanları ilə tanınan Cəmilli kəndində anadan olub. İlk təhsilini kənd tam orta məktəbində alıb. Müddətli həqiqi xidməti zamanı tankçı olub və bu peşəni mükəmməl öyrənməyə çalışıb.
    Əsgərliyini başa vurandan sonra müharibə başlayıb və orduda yiyələndiyi bilik və təcrübə döyüş meydanında onun köməyinə çatıb. Döyüşlərə Füzuli istiqamətindən qa-tılıb. Müharibənin ilk günlərində – sentyabrın 30-da idarə etdiyi T-90 tankı vurulub və o, yaralanıb. Lakin bu zaman bütün əsgərlərimizdə olduğu kimi, Azərin də böyük ruh yüksəkliyi, düşməndən intiqam almaq hissi onu yenidən müharibə meydanına qaytarıb. Özü bu barədə belə deyir: “Mənim atam Rizvan Abdullayev Birinci Qarabağ müharibəsində iştirak edib, əmim leytenant Natiq Abdullayev isə Ağdərə istiqamətində şəhid olub. O, hərbi həkim idi. Uşaqlıqdan ən böyük arzum işğal altında olan torpaqlarımızı geri qaytarmaq və şəhidlərimizin qisasını almaq olub. Odur ki, yaralansam da, hospitalda qala bilmədim.”
    O, hospitalda cəmi bir gün qalıb. Sonra isə yenə qızğın döyüşlər və ancaq irəli getmək arzusu… Bu arzu o qədər güclüydü ki, ermənilərin illərlə qurduğu istehkamları göz qırpımında darmadağın edirdi. Əsgərlərimizin bu istəyi, gücü qarşısında düşmən tab gətirə bilmir və gizlənməyə yer axtarırdı. Ancaq Azərin tankından açılan dəqiq atəşlər onları hər yerdə-sığınacaqlarda, maşınlarda yaxalayıb məhv edirdi.
    Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı onlar ermənilərin bir zirehli texnikasını, iki “Ural” avtomaşınını və bir “UAZ” avtomobilini məhv etdilər, 3 atəş nöqtəsini susdurdular.
    Düşmənin hərbi hissəsi alındıqdan sonra tanklar yenidən döyüş hazırlığına gətirilir. Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı onun tankı vurulur və tankda yanğın başlayır. Gözlərinə dolan qəlpələr ona şiddətli ağrılar verirdi, amma beynində bircə fikir dolaşırdı: ölümü qəbul etmək olar, əsirliyi yox. Elə bu zaman tanış səs ona dedi ki, tankın lyukunu açsın. Çox çətinliklə Azər lyuku qaldıra bildi. Artıq paltarı da alışmışdı.
    Beləliklə, döyüş yoldaşı, tankın öz heyətinin üzvü, mexanik sürücü Elsevər Hümbətli onu xilas edərək döyüş yerindən uzaqlaşdırdı.
    Həmin hadisə zamanı Azərlə birlikdə tankın içində olan tank komandiri, leytenant Murad Nağıyev şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Bundan sonra hospitallar, koma vəziyyəti, bir-birinin ardınca əməliyyatlar. Azər deyir ki, ikinci dəfə yaralanandan sonra hospitala gətiriləndə, onu ilk dəfə əməliyyat edən həkim öz əmisi – hərbi həkim Elçin Abdullayev olub. Çox ağrılı, çətin vəziyyət olsa da, həkimin əlləri titrəməyib və o, əməliyyatı uğurla başa çatdırıb.
    Bu vəziyyətdən çıxmaq üçün ona kömək edən ilk növbədə Qələbə xəbəri və dövlətimizin diqqət və qayğısı oldu. Heydər Əliyev Fondu, Fondun Prezidenti Mehriban xanım Əliyeva daim onun müalicələrini diqqətdə saxlayırdı. Eyni zamanda Azər doğma Tərtər rayonundan, onun rəhbərliyindən də böyük dəstək alırdı ki, bu da ona ağır vəziyyətdən çıxmağa kömək etmişdir.O, hal-hazırda da bu dəstəyi hiss edir.
    Ali Baş Komandan İlham Əliyev gənc həmyerlimizə “Vətən müharibəsi Qəhrəmanı” adı verib. O, həmçinin “Cəbrayılın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
    Azər Abdullazadə haqqında danışarkən bu ailənin daha bir övladı – Aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin və bir günlük antiterror əməliyyatının iştirakçısı Yaqub Abdullazadənin adını da fəxrlə çəkmək istəyirik. Bu gün torpaqlarımız işğaldan azaddırsa, bu gün suveren bir dövlətdə yaşayırıqsa, bizə bu xoşbəxtliyi bəxş edən belə vətənpərvər gənclərə borcluyuq.
    Azər Abdullazadə deyir:
    – Vətən müharibəsindən 3 ildən artıq vaxt keçib. Biz sinəmizi sipər edib bu Vətəni qoruduq. İndi gənclərimizin qarşısında yeni məsul vəzifələr durur. Ölkəmizin hər yerində, xüsusən də işğaldan azad olunmuş şəhər və qəsəbələrdə, kəndlərdə möhtəşəm quruculuq işləri görülür. Bir gənc olaraq döyüş meydanında olduğu kimi, bu işlərdə də daim cənab İlham Əliyevin yanında olacaq, əlimizdən gələni əsirgəməyəcəyik.

    Müəllif: Redaktor, 15:20

İsmarıclar bağlıdır.