Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04Mar

    YAP-ın VII qurultayında partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.

    Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir.

    Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

    Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.

    Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır.

    YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 3 dekabr 2021-ci il tarixində Kiyevdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında əməkdaşlıq memorandumu imzalanıb.

    Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlər qurulması YAP-ın yerli təşkilatlarının gündəlik fəaliyyət təcrübəsinə daxil olmalıdır.

    Partiyanın yeni Proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir.

    Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Bunlar Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət və Demokratik ənənələrin inkişafıdır.

    Partiyadaxili münasibətlərin meyarları peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlikdir.

    Qurultayda həmçinin YAP-ın fəaliyyətində müəyyən olunmuş strateji hədəflər açıqlanıb.

    YAP-ın VII qurultayından keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, kadr siyasətində mövcud olan boşluqların və üzvlük haqlarının yığılmasında müşahidə olunan pərakəndəliyin aradan qaldırılması, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunmuş, bu sahədə problemlərin həlli və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün müvafiq islahatlar həyata keçirilmişdir.

    YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür.

    Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 3 mindən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 7 mindən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.

    2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərərçəkmiş ailələrə 1000 ədəd qatlanan çarpayı (yataq dəsti) verilmiş, evləri dağılmış 28 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirayə haqqı ayrılmışdır. “Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500 000 manat məbləğində vəsait köçürülmüşdür. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 2020-ci il ərzində ümumilikdə 500 000 manat vəsait köçürülmüş, tibb müəssisələrinə hər birindən 1000 ədəd olmaqla birdəfəlik kombinezon, maska-respirator və üz qoruyucu sipərlik təhvil verilmiş, 4000-dən artıq aztəminatlı ailəyə və kimsəsiz tənhalara ərzaq və şəxsi gigiyena vasitələri paylanılmışdır. Eləcə də, “Silahlı Qüvvələrə Yardım Fondu”na 2020-ci ildə 100 000 manat vəsait köçürülmüş, ön cəbhədə döyüşən əsgərlər üçün 14 700 manat məbləğində isti paltar və zəruri əşyalar alınmışdır. “YAŞAT” Fonduna isə 2020-ci ildə 100 000 manat vəsait köçürülmüşdür.

    Təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.

    Yeni Azərbaycan Partiyası günü-gündən güclənir və xalqın rəğbətini qazanır.

     

    Müəllif: Redaktor, 09:11

İsmarıclar bağlıdır.