Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Mar

    “Yetirmələrim həm təhsildə, həm də iş fəaliyyətlərində mənim xəyallarımı gerçəkləşdirirlər”

    Şəhər 6 saylı tam orta məktəbin ingilis dili müəllimi Zümrüd Zamanova bu sözləri elə qürurla söylədi ki, elə təkcə bu kəlmələrdən onun necə müəllim olduğunu bilmək mümkündür.
    Hər kəsin həyatda məqsədi olur. Müəllimin də məqsədi cəmiyyətimizin gələcəyini qura biləcək vətənpərvər, savadlı, dünyagörüşlü gənclərin yetişdirilməsidir. Bunun arxasında necə böyük zəhmət dayandığını hamımız bilirik. Çünki elə bir ailə yoxdur ki, məktəblə əlaqəsi olmasın.
    Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyətinin, təhsil sektorunun Fəxri Fərmanları və mükafatları ilə təltif olunmuş, 1989-cu ildə “Baş müəllim”, növbəti il isə “Metodist müəllim”, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Zümrüd müəllimi uğurlara çatdıran yol haradan və necə başlayıb? Bu sualla özünə müraciət etdik. O dedi:
    – Tərtər şəhər 1 saylı tam orta məktəbin məzunuyam. Həyatda əldə etdiyim nailiyyətlərdə məktəbin, burada vaxtilə çalışan qabaqcıl müəllimlərin xüsusi rolu olub. Məktəb illərində qoyulan bünövrə möhkəmdirsə, insanın gələcəyi də ona uyğun qurulur. Əlbəttə, bura hər kəsin özünün şəxsi bacarıqlarını, zəhmətsevərliyini də əlavə etmək lazımdır.
    1982-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu İngilis və alman dilləri ixtisası üzrə bitirən Zümrüd Zamanova həmin ildən bugünədək Rafiq Nuriyev adına şəhər 6 saylı tam orta məktəbdə çalışır. İstər təhsil aldığı illərdə, istərsə də iş fəaliyyətində o, həmişə fəal olmağa çalışıb, yeniliklərə can atıb. Məktəbdə linqafon kabineti yaradılanda, ingilis dilində ilk linqafon dərslərini Zümrüd müəllim tədris etməyə başlayıb. Şagirdlərin dil öyrənmək həvəsi artıb və onun iş təcrübəsi rayon səviyyəsində yayılıb.
    İnsan həyatda o zaman rahat olur ki, iş fəaliyyəti ilə ailə həyatı bir-birini tamamlayır. Zümrüd müəllimin arzuları ailəsində də reallaşıb. Həyat yoldaşı Şahin müəllimlə birlikdə üç övlad böyüdüblər. Oğlu Rəşad Mehdiyev Dövlət Sosial Müdafiə Fondunda müşavir vəzifəsində çalışır, Samir “Prior”lizinq şirkətində bölmə rəisidir. Qızı Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib, rezidentura təhsilini (uzman) Almaniya Respublikasında alıb, hal-hazırda da həmin ölkədə həkim kimi fəaliyyət göstərir.
    Zümrüd müəllim deyir:
    – Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı Şanlı Qələbə, torpaqlarımızın 30 illik işğaldan azad edilməsi, burada, o cümlədən ata yurdum olan Laçında aparılan tikinti və bərpa işləri bir vətəndaş, müəllim və ana kimi məni çox sevindirir. Odur ki, qadınlarımızın bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edirəm. Rayonumuzun bütün qadınlarını 8 Mart bayramı münasibətilə ürəkdən təbrik edirəm. Onlar qəhrəman, zəhmətkeş insanlardır.

    Müəllif: Redaktor, 11:12

İsmarıclar bağlıdır.