Hamının sevimlisi Sofiya xanım
1948-ci ildə 2 yaşında Qərbi Azərbaycann Vedi rayonundan zorla böyük bir ailə ilə Yevlax rayonuna köçürülən Sofiya hələ baş verənləri anlamırdı. Yalnız zaman-zaman anasının və özündən böyük bacı və qardaşlarının söhbətlərindən o, məsələnin mahiyyətini, doğma yerlərin necə gözəl olduğunu öyrənmişdi.
Yaşadığı çətinliklərə baxmayaraq, həmişə pozitiv olan, ətrafdakılara xoş münasibəti ilə seçilən Sofiya xanım ömrün ahıl çağına da elə bu cür çatıb – hamının hörmətini qazanan, ictimaiyyətçi, başqalarının problemlərinə biganə olmayan, çalışdığı sahədə biliyi və bacarığı ilə seçilən əsl Azərbaycan qadını!
Sofiya xanım deyir:
– Orta məktəbi Yevlax rayonunda bitirmişəm. Sonra Bakıda maliyyə-kredit texnikumunda təhsilimi davam etdirdim. Texnikumu bitirdikdən sonra Tərtər dövlət bankına təyinayla işə göndərildim 30 il ərzində bankda baş mütəxəssis, sonra isə vergi müfəttişi kimi fəaliyyət göstərdim. Daim insanlarla işlədiyimə görə, hər kəslə dil tapmağı öyrəndim. Ən böyük mükafatım isə onların hörməti oldu.
İndi Sofiya xanım həm də nümunəvi ailənin ağbirçəyidir. Özünün dediyi kimi, işi heç vaxt onun ailə qayğılarına, ailə qayğıları işinin öhdəsindən gəlməyə mane olmayıb. Bunlarla yanaşı, ictimai işlərə də vaxt tapıb. Bu fəaliyyətinə görə bir çox Fəxri Fərmanla təltif olunub.
Rayonumuzda həm də Sofiya xanımı rayon Ağsaqqallar Şurasındakı işinə görə ta-nıyırlar.
O, 3 övlad anası, 6 nəvənin nənəsidir. İşinin çoxluğuna baxmayaraq, övladlarının tərbiyəsi və təhsili həyatda onun üçün ən böyük önəm daşıyan məsələlərdən olub. İndi bunun bəhrəsini görür. Zəhmətin bəhrəsi isə həmişə şirin olur. Böyük oğlu Rəfael rayonumuzdakı musiqi məktəbinin direktor müavinidir, Asif polis mayorudur, Bakıda yaşayır və işləyir, qızı Natəvan isə Rusiyadadır.
Sofiya xanımdan həyatda həmişə pozitiv olmasının sirrini soruşdum. Dedi:
– Cavanlığımda, sonrakı illərdə həyat yoldaşıma arxalanıb həmişə güclü olmuşam, çətinliklərdən qorxmamışam. İndi o, həyatda yoxdur. Ancaq övladlarım məndən öz qayğılarını əsirgəmirlər. Gəlinlərimdən də razıyam. Hər gələn bahar, açılan səhər mənə sevinc gətirir. Balalarımdan, nəvələrimdən razıyam. Yaşamağa dəyər…