Yeni Azərbaycan Partiyası veteranı
Yenə də ön cərgələrdəyik
2024-cü il həyatımıza mühüm hadisələrlə daxil oldu. Bunlardan ən önəmlisi 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi idi. Bu seçkilərdə ölkəmizin bütün vətəndaşları, o çümlədən yaşlı nəslin nümayəndələri böyük fəallıqla iştirak etdilər və gənclərə nümunə oldular.
Prezident seçkilərində cənab İlham Əliyevə ürəkdən gələn inam və sevgi ilə səs verən xanımlardan biri də Xatirə Məmmədovadır.
Xatirə xanım 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Uzun illər komsomol, partiya işində çalışıb. YAP Tərtər rayon Təşkilatının Qadınlar Şurasının sədri olub. Həmişə fəallığı, işgüzarlığı ilə seçilən Xatirə xanımın pozitiv enerjisi ətrafdakılara da təsir edib. Onun rəhbərliyi altında həmişə ən çətin işlər uğurla yerinə yetirilib, nəticə ürəkaçan olub.
Xatirə xanım rayonumuzun fəal qadınları ilə birlikdə Azərbaycan Qadınlarının bir neçə qurultayında qəhrəman Tərtərimizi təmsil edib. Bu barədə o, belə deyir:
–Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı qələbə və bundan sonrakı antiterror əməliyyatı nəticəsində doğma Vətənimizin torpaqları azaddır və çox şükürlər ki, indi suveren, qüdrətli bir ölkənin vətəndaşlarıyıq. Ancaq mənim mənsub olduğum nəslin qadınları heç də həmişə belə rahat yaşamayıblar. Müstəqilliyimizin ilk illərində Tərtərdə də vəziyyət çox çətin idi. Mən deyərdim ki, bu çətinliklərin çox böyük hissəsini qadınlar öz çiyinlərində daşıyırdılar. Bir tərəfdən müharibə, atəşkəs illərində ermənilərin törətdikləri vəhşiliklər, digər tərəfdən məişət problemləri, işsizlik…
Xatirə xanım deyir ki, Ulu Öndər Heydər Əlitev ikinci dəfə hakimiyyətə gələndə sanki həyatımıza günəş doğdu. Hər şey yaxşıya doğru dəyişməyə başladı. Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə isə Tərtərin problemləri bir-birinin ardınca həll olunmağa başladı. İndi şükürlər olsun, qadınlarımız işlədikləri sahələrdə də, məişətdə də rahatdırlar. Əbəttə, ən böyük taixi nailiyyətimiz isə 30 illik işğalın başa çatması, ana və bacılarımızın rahat nəfəs alma-sıdır.
Hazırda Xatirə Məmmədova Goranboy rayon “Region AQRO” MMC-nin direktorudur. Çətin və məsuliyyətli işdir. O isə çətinliklərdən qorxmur, ona görə bu gün də həyatda inamla addımlayır.
İki oğlu, üç nəvəsi ilə fəxr edir Xatirə xanım. Gözəl hissdir. Şəhriyyar Əzizbəyli Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyətində işləyir, Atabəy isə Müdafiə Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədr müavinidir.
Sonda Xatirə xanım dedi:
– Andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev ölkəmizin qarşısında duran yeni vəzifələr barədə ətraflı danışdı. Həmişə olduğu kimi, yenə də qadınlarımız bu vəzifələrin yerinə yetirilməsində ön cərgədə olacaq, övladlarımıza, cəmiyyətin bütün təbəqələrinə nümunə göstərəcəyik.