Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Mar

    Sağlam nəsil yetişdirmək dövlətimizin qarşısında duran önəmli vəzifələrdəndir

    Müstəqillik qazandığımız hazırkı şəraitdə yetişən nəslin fiziki tərbiyəsini günün tələbləri səviyyəsində inkişaf etdirərək formalaşdırılması bu gün mühüm aktuallıq kəsb edir. Əlbəttə ki, bu aktual problemin daha da inkişaf etdirilərək formalaşdırılması və modernləşdirilməsi bu sahədə çalışan mütəxəssislərin qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələrin məktəblərimizdə də beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi zəruri sayılır. Bu gün bütün təhsil müəssisələrində, məktəbdənkənar təhsil müəssisələrində gələcək nəslin fiziki cəhətdən sağlam olmaları və potensial qabiliyyətlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq-gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyası və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nı təsdiq etmişdir. Strategiyada göstərilir ki, gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər məsələlərlə bağlı dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Hətta xüsusi qayğıya ehtiyacı olan gənclərin idmanla məşğul olması üçün güzəştli şərait yaratmaq tələbi inkişaf strategiyasında xüsusi yer tutur. Bu tələblər əsasında yanaşsaq görərik ki, uşaq-gənclərin fiziki tərbiyəsi dövlət üçün önəmli məsələlərdəndir. Məktəb, ailə və ictimaiyyətin də məqsədi sağlam nəsil yetişdirməkdir. Bu sahədə hər kəsin öz funksiyası var. Həmin məqsədin reallaşdırılmasına xidmət göstərən sahələrdən biri də uşaqların psixoloji problemlərinin aradan qaldırılmasında müstəsna rolu olan fiziki tərbiyədir.
    Həyatın heç bir dönəmində fiziki tərbiyə 6 yaşa qədər olan dövrdəki kimi önəmli olmur. Məktəbəqədər yaş dövrü uşağın şəxsiyyətinin formalaşdığı dövrdür. Ən sadə hərəkətlər belə uşaq fantaziyasını qidalandırır, şəxsiyyətin strukturunda ən vacib komponentlərdən olan yaradıcılığı formalaşdırır. Bu yaşda uşaqlarda özünəqiymət duyğusu formalaşmağa başlayır. Görkəmli pedaqoq V.A.Suxomlinski qeyd edirdi ki, uşaqların daxili aləmlərinin, dünyagörüşlərinin, zehni qabiliyyətlərinin və özünə inamlarının inkişafı birbaşa onların sağlamlıqlarından asılıdır. Son illər psixi-emosional pozuntuları olan uşaqlara daha çox rast gəlinir. Bu cür pozuntulara emosional davamsızlıq, aqressivlik, həyəcanlılıq, müxtəlif qorxuların olmasını aid etmək olar. Bu kimi neqativ halların başlıca səbəblərindən biri uşaqların təlim-tədris yükünə fiziki cəhətdən hazırlıqsız olmalarıdır. Öz fiziki sağlamlığının və fiziki bacarıqlarının fərqində olan uşaqlarda daxili komfort hissi yaranır. Fiziki tərbiyə uşaqlarda güclü əhval-ruhiyyə, psixi tarazlığın düzənləyicisi kimi çıxış edir. Bu olmadıqda psixi proseslərdə də müəyyən neqativ hallar özünü göstərir.
    Müasir psixoloqlar fiziki məşğələlərin yardımı ilə uşaq psixologiyasının idarə edilməsi yollarını nəzərdən keçirirlər. Hər növ nəfəsli təmrinlər, su prosedurları, musiqinin müşaiyəti ilə yerinə yetirilən təmrinlər uşaqlarda xoş əhvalruhiyyə yaradır. Bu, həmçinin aqressiv davranışa malik uşaqlarda korreksiya işləri aparmağa da yardım edir.
    Hərəkət insanın fizioloji tələbatıdır, bu onun genetik proqramındadır. Müəyyən hərəkət formaları bir sıra psixi hallar yaratmaq, emosional gərginliyi aradan qaldırmaq, zehni iş qabiliyyətini artırmaq gücünə malikdir. Fiziki tərbiyə və idman məktəbəqədər yaşlı uşaqların psixi və zehni inkişafına geniş şərait yaradır. Fizioloq V. L. Fedorovanın fikrinə görə, hərəki fəaliyyətin öyrədilməsinin əsas məqsədi beynin inkişaf etdirilməsidir. “Fiziki tərbiyə bir tərəfdən əqli fəaliyyətin, intellektin inkişafı üçün münbit şərait yaradır, digər tərəfdən də əqli inkişaf fiziki tərbiyə prosesinə daha dərindən yanaşmağa vadar edir”.
    Rus tədqiqatçıları J.K. Xolodov və V.S.Kuznetsov qeyd edirlər ki, fiziki və əqli tərbiyə qarşılıqlı əlaqəlidirlər və fiziki tərbiyə zamanı əqli tərbiyənin mövcudluğunu iki yerə ayırmaq olar: öyrədici və tərbiyəedici. Öyrədici hissə müəyyən fiziki biliklərin verilməsini tələb edir. Bu zaman əqli fəaliyyət iki istiqamətdə: reproduktiv və yaradıcı istiqamətdə inkişaf edir. Tərbiyəedici hissədə isə uşaqlarda düşüncəlilik, fikrini cəmləmə, zehnin itiliyi kimi intellektual keyfiyyətlər inkişaf edir.
    Bütün bunlardan belə qənaətə gəlmək olar ki, düzgün fiziki inkişaf uşağın ruhuna təsir edərək, onların psixi cəhətdən dayanıqlı, aydın təfəkkürə sahib bir şəxsiyyət kimi formalaşma-sına yardım edir. Buna görə də uşaqlara fiziki tərbiyə ilə məşğul olmaq həvəsini hələ kiçik yaşlardan aşılamaq la-zımdır. Bunun üçün də onlara valideynlər və tərbiyəçilər layiqli nümunə olmalıdırlar. Tərbiyəçi pedaqoqların və valideynlərin üzərinə düşən bu işin nəticəsi sağlam, möhkəm və ağıllı uşaqlar olduğundan, ona ciddi fikir verilməlidir.
    Hərəkətsizlik, fiziki işdən uzaqlıq orqanizmin inkişafına, əsasən sinir sisteminin inkişafına mənfi təsir göstərir. Fiziki hərəkətlər təkcə ayrı-ayrı orqanların anatomik inkişafına deyil, eyni zamanda zehni qabiliyyətin inkişafına kömək edir. Bu o deməkdir ki, həyat üçün zəruri olan vərdişlər, ancaq hərəkət vasitəsilə tərbiyə olunur. Aparılan tədqiqat və müşahidələr bunu deməyə əsas verir ki, onlar kiçik oyuncaqlardan böyüyünə, qeyri-dəqiq hərəkətlərdən daha dəqiqinə doğru inkişaf etməyə başlayır. Hər bir valideyn öz övladının sağlam və gümrah böyüməsini istəyir. Ata və analar kiçik yaşdan uşaqlarının sağlamlığına fikir verməlidirlər. Bunun üçün, ilk növbədə, gigiyenik qaydaları gözləmək, körpə yaşlarından uşağın orqanizmini möhkəmləndirmək lazımdır. Düzgün rejim və vaxtında qidalandırmaq da mühüm əhəmiyyət daşıyır. Hər bir uşağın günü səhər gimnastikasından başlamalıdır. Gimnastika uşağın bədəncə ahəngdar inkişafına, onda öz hərəkətlərini idarə etmək bacarığının yaradılmasına, qamətin formalaşmasına imkan verir. Məsələn, bel əzələlərini möhkəmlətməklə, uşağın belinin büküklüyünü aradan qaldırmaq olar. Bəzi ata və analar səhər gimnasitkasının faydalılığını bildiyi halda, nə özləri gimnastika ilə məşğul olur, nə də uşaqlarını bu işə sövq edirlər. Məsələ ondadır ki, uşağı buna alışdırdıqdan sonra, bu onda vərdiş halını alacaq və səhər gimnastikasına tələbat duyacaqdır. Valideynlər uşağın orqanizmini möhkəmləndirmək üçün, həm də onlara öz bədənlərini yaş dəsmalla silməyi, su altına girməyi öyrətməli, üzgüçülüyə həvəsləndirməlidirlər. Oyun kiçik yaşlı uşaqların əsas məşğələsidir. Onlar məhz oyun vasitəsilə ətraf aləmi qavrayırlar. Fiziki inkişaf üçün oyun olduqca xeyirlidir. Yaşından asılı olmayaraq, bütün uşaqlar hərəkət etməyi, atılıb-düşməyi, nəsə bir oyunla, əyləncə ilə məşğul olmağı xoşlayırlar. Uşaq nə qədər çox hərəkətdə olsa, daha tez inkişaf edər və boy atar. Yeniyetmələrdə mütəhərrik oyunlara meyl idmanla əvəz olunur. Onlar futbol, voleybol, həndbol, tennis və s. məşğul olmağı sevirlər.

    (Ardı var)
    Əsmər Yusifli

    Müəllif: Redaktor, 13:32

İsmarıclar bağlıdır.