Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Mar

    Talış kəndi

    Azərbaycanda XVIII əsrin 40-cı illərində Qarabağda 5 məliklik – Vərəndə, Dizaq, Gülüstan(Talış), Xaçın və Cəraberd məliklikləri var idi. Bu məlikliklər Qarabağ xanlığının xanına tabe idilər.
    Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin (Talış məlikliyinin) mərkəzi olub. Tarixdən bildiyimiz 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsi toponomik cəhətdən sözügedən məlikliyin adından götürülmüşdür.
    Gülüstan məlikliyi (Talış məlikliyi) – mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiyaya ilhaq olunub. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi (Talış məlikliyi) olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abbassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur. Müsəlman türkləri arasında “Qara Yüzbaşı”, xristian türkləri, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
    1822-ci ildən sonra kəndin adı Talış kəndi adlandırılmışdır.
    Talış kəndi Ağdərə rayon mərkəzindən 28 km şimalda, 600 metr yüksəklikdə yerləşir. Talış kəndinin ən hündür zirvələrindən biri Qəhrlər zirvəsidir. Ərazisi 6400 hektardır. Əhali əsasən bağçılıq, maldarlıq və əkinçilik təsərrüfatları ilə məşğuldurlar. Kəndin ərazisində orta məktəb və tibb məntəqəsi mövcuddur. Talış kəndinin yaxınlığındakı Örük vəngi (monastırı) qalmaqdadır. Tərtər rayonunun tarixi abidələr və arxeoloji qazıntılarla məşhur (36 metr uzunluğunda türk qəbilə qəbri) Borsunlu kəndi ilə həmsərhəddir. Talış kəndi Qarabağda 5 əsas məliklikdən biri Ergi məliyin yaşadığı kənd olmuşdur. Talış kəndinin özü və ətrafındakı Çaylı kəndi 1828-ci Türkmənçay sülh müqaviləsindən sonra İran ərazisindən köçürülmüş ermənilərdən ibarət idi. 1905-ci ilə qədər Talış kəndinin ətrafında Pirxudu, Dəmirlər, Çıraqlı sırf azərbaycanlı əhalidən ibarət kəndləri olmuşdur ki, 1905-1907-ci il hadisələri zamanı oktyabr-noyabr aylarında (1905) tamamilə yandırılmışdır. Çıraqlı kəndinin əhalisi Ağdərə rayonunun ətrafına köçmüş, bir müddət orada yaşamış, sonradan kəndin adı dəyişdirilərək Qasapet qoyulmuşdur.
    Talış kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı kənd erməni işğalçılarından azad edilib. 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar.
    Erməni mənbələrinin verdiyi məlumata görə, kənddə 2005-ci ildə 581 nəfər yaşayırdı.
    Talış kəndi döyüş bölgəsinə yaxın məsafədə yerləşirdi və Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında idi. 2-5 aprel 2016-cı il tarixində o istiqamətdə gedən döyüşlərdə sözügedən kəndin bir neçə yüksəkliyi ordumuz tərəfindən nəzarətə götürülmüşdür.
    44 günlük Vətən müharibəsi zamanı Talış kəndi işğaldan azad edilmişdi. Hazırda bu torpaqların sahibləri öz kəndlərinə qayıdaraq, burada rahat yaşayırlar. Ötən il Prezident İlham Əliyev bayram tonqalını məhz Talışda alovlandırıb. Cari ildə isə kəndin sakinləri böyük fəallıq şəraitində Prezident seçkilərində iştirak ediblər.
    Kənddə məktəb, uşaq bağçası fəaliyyət göstərir, müasir infrastruktur yaradılıb.

    Türkan QASIMOVA,
    BDU-nun dissertantı

     

    Müəllif: Redaktor, 14:11

İsmarıclar bağlıdır.