Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    90 il… Bir əsrdən 10 il az, bir igidin ömründən nə qədər çox… İllər keçdikcə qədrin, qiymətin azalmadı, mənim doğma qəzetim. Oxucu kütlən, dəyərini bilən dəyərli insanların köməti yaşatdı səni.

    Şükürlər olsun ki, bu gün də bu qayğı, bu diqqət azalmır və bu qədər informasiya bolluğunda sənin öz yerin, öz dəyərin var. Bu, ömrünün 25 ilini sənə həsr edən, “qəzet mənim həyatımdır”, – deyən, səni bütün varlığı ilə sevən bir doğmanın fikridir. İndi qəzetdə işləməsəm də səni yenə eyni məhəbbət, eyni sevgi ilə sevirəm.  Bu sevgi sönməz, bu sevgi dönməzdir. Ürəkdən səni sevən, sənə bağlı olan əməkdaşın təbrik edir səni 90 illik yubileyin münasibəti ilə. Başda qəzetin baş redaktoru Svetlana Bağırova olmaqla bütün kollektivi ürəkdən təbrik edir, hər birinizə yeni-yeni qatı açılmamış mövzulardan bəhs etməyi, kəpənək ömrü yaşayan yazılarınızın maraqlı, oxunaqlı olmasını diləyirəm.  İstəyirəm bir az xatirələrə baş vuraq, kollektivin sayını, tirajın 8000,10 min olan vaxtlarını, qonorar alan vaxtları yada salaq. Qonorar dedim yadıma məktəb vaxtı yazdığım yazılarım qonorarını hesablamağım düşdü. Svetlana Bağırova ilə qonşu idik. Ondan qonorarın necə hesablandığını öyrənmişdim, yazını yazan kimi oturub alacağım pulu hesablayır, qəpikləri manat edərdim. Bu, bir uşaq sevinci, öz qazancına məhəbbət idi…

    Qəzetin yükünü çiyinlərində daşıyan, yazıların nöqtə, vergülü üstündə əsən redaktorlar çox olub. amma mənə elə gəlir ki, Təvəkkül Nəcəfov kimi olanı olmazdı. “Letuçka”ya necə həyəcanla girərdik…

    Yadıma ömrünü şam kimi əridən, həyatdan çox vaxtsız köçən Əmiraslan Şəmsi düşür. Həmişə də fikirləşirəm ki, o, qəzetin çıxmamasına dözə bilmədi, özünü qəzetdən başqa ayrı işdə görə bilmədiyi üçün qəfil, ehtiyac içində köçdü dünyadan.

    Yadıma Yəhya İbrahimov düşür.  Özünəməxsus davranış tərzi olan, bir az təkəbbürlü, faktların araşdırılmasını çox dəqiqliklə aparan, inadcıl, dediyini eləyən bir ziyalı.  Hətta bəzən onun redaktor olduğunu güman edirdilər. Bir dəfə redaksiyaya bir kişi gəlmişdi, dəhlizdə rəhmətlik Təvəkkül müəllimlə qarşılaşır, Təbəkkül müəllim bununla görüşüb, otağa dəvət edir, kişi buna deyir ki, ay bala gəlmirəm, mənim dərdimə ancaq qəzetin redaktoru Yəhya müəllim əlac edə bilər. İşcilər nə qədər desələr də, kişi inanmır ki, Təvəkkül müəllim redaktordu…

    Yadıma Hilal Bayramov düşür. Heç kəsin xətrinə dəyməyən, hərəni bir dillə yola verən, gözəl hekayələr, şeirlər yazan, yumşaq təbiətli insan.

    Ondan sonra gələn redaktorumuz od-alov, çılğın təbiətli, bir dəqiqədə hər şeyi alt-üst edən, sonra yenə  heç nə olmamış kimi davranan şair Tofiq Yusif.  Hərdən zarafatca ”səndə bütün xəstəliklərin olmasına inanıram, tək şəkərdən savayı”, –deyərdim. Bəlkə övladlarının çox gənc həyatla vidalaşmağı onu belə etmişdi. Şəkər xəstəliyindən də vəfat etdi…

    Elfuzə Vəliyeva-gəncliyində uzun müddət qəzetdə korrektor işləmiş, ahıl çağında yenə də qəzetə dönmüş, əməkdaş kimi fəaliyyət göstərirdi. Və gəncliyində necə yazırdısa, indi də o ürəklə, o ilhamla yazılara müəlliflik edir, hamının xeyrinə-şərinə yarayır, hər kəsə öz imkanı daxilində mənəvi cəhətdən kömək olmağa çalışırdı.

    Allah dünyasını dəyişən bütün həmkarlarımıza rəhmət eləsin. Onların xatirəsi həmişə bizimçün əzizdir. Rəhmətlik Əvəz Nəsirov.  Qəzetə çox gənc yaşlarından gəlib, “işdən çıxsam öləcəm”,– deyirdi. Bütün ömrünü qəzetə həsr etdi, yaşlı vaxtı işdən ayrıldı və az sonra rəhmətə getdi. Ondan danışanda həmişə üzümüzdə bir gülüş yaranır, dadlı-duzlu misalları, yaxşı şeir deməyi var idi.

    Daha kimlərin yolu keçdi “Yeni Tərtər”dən? Əfsər Hacıyev. Qəzetimizin foto müxbiri idi.  İşi çox çətin idi, ən gərgin anlarda zarafatla çıxarardı hamını vəziyyətdən. İndi Bakıda yaşayır.

    Elbrus Məmmədov – Bərdədən idi. ilk iş yeri  bizim qəzet olub. O, işini 1987-ci ildə dəyişəndə mən onun yerinə Kənd təsərrüfatı şöbəsinə müdir gəlmişəm. Sonralar Bərdədə rayon qəzetinin redaktoru işlədi.

    Lazım Quliyev- hamının indi də özünə doğması, əzizi bildiyi insan, hazırda “Azərbaycan” qəzetində bölgə müxbiri işləyir.

    Vəli ilyasov–onunla bir otaqda oturmuşuq, mən şöbə müdiri, o isə ədəbi işçi işləyib, qələminə söz ola bilməz. Hazırda “İki sahil”də işləyir.

    Və nə qədər adını çəkmədiyim, iş fəaliyyətinə qəzetdən başlayan gənclər. Həcər Əsgərova, Şəlalə Abdullayeva, Səbuhi Kərimov, Dəyanət Pünhan, Loğman Məmmədov, İlkin Hüseynov, Kənan Hüseynzadə, Yusif  Hüseynov və sair. Onların içərisində mənim yaddaşımda seçilmişlər siyahısına düşən çox maraqlı xarakterə malik olan, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, çox gözəl yazıları olan Şəlalaə xanım və heç kəsin, heç dayısının da sözünü götürməyən, gözəl şeir və qəzəllər müəllifi Dəyanət Pünhan unudulmazdır. Hər ikisi qəzetə işə gəldi, az işlədi, çıxdılar nə qədər elədik qəzetdə saxlaya bilmədik, Şəlalə dedi ki,  mən qışqıran redaktorla işləyə bilmərəm. Rəhmətlik Tofiq müəllim dedi ki, söz verirəm,  sənin üstünə qışqırmayacağam,  dedi yox, siznən işləyə bilmərəm. Elə Dəyanətin də getməyinin səbəbi təxminən elə oldu. Ancaq özlərinə məxsus davranışları, hörmətləri ilə yaddaşımıza yazıldılar. Nə isə…

    Və Kənan Hüseynzadə– hazırda foto-müxbir işləyir. Hamının “bizim Kənan”, –dediyi, foto müxbirliklə yanaşı redaksiyanın bütün texniki yükünü çiyinlərində daşıyan, hamının işinə yarayan Kənan. Qəzetdə özünəməxsus yeri olan insan.

    Xeyli insanları yada salıb, xatirələrimi çözələdim. Svetlana Bağırovanı axıra saxladım, mənim ilk yazılarımı işləyən, uğurlarıma sevinən adaşım, həmkarım və qonşum. “Yeni Tərtər”in hazırkı redaktoru. Sakit təbiətli, danışmaqdan xoşu gəlməyən, ancaq yazmağı xoşlayan, qələmi ilə sözünü deməyi bacaran, Tərtərin ilk qadın jurnalisti. Təbrik edirəm, bütün kollektivinizi, özümü Sizdən ayırmıram, mən həmişə sizinləyəm.

    P.S. Hərdən fikirləşirəm ki,  mən jurnalist olmasaydım, hansı peşəni seçərdim? Cavab tapa bilmirəm, çünki özümü yalnız yazılarımda tapıram.

    Svetlana Əzizova,

    özünü yazılarında tapan yazar,

    “Qızıl Qələm” mükafatı laureatı      

    Müəllif: Redaktor, 15:29

İsmarıclar bağlıdır.