Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı.
Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin malik olduğu yaşıl enerji potensialı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycanın bu ilin noyabr ayında COP 29-a ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, bərpaolunan enerji sahəsində malik olduğu təcrübənin, imkanların təqdimatıdır. COP29 bu sahədə əməkdaşlığa geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev Slovakiyanın Baş naziri ilə mətbuata birgə bəyanatında da diqqəti bu sahəyə yönəldərək bildirdi ki, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaq. Bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.