Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,316
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06İyn

    Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılış mərasimində çıxış edib. Ölkə başçısı çıxışında həm qlobal, həm də daxili ekoloji durumla bağlı vacib nüanslara toxundu. Artıq bir müddətdir ki, ekoloji problemlər, iqlim dəyişikliyi öz nəticələrini ölkəmizdə də göstərir. Cəmiyyəti son zamanlar narahat edən əsas məqamlardan biri də Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlıdır.

    Dövlətimizin başçısı çıxışı zamanı, həmçinin iqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü xüsusi vurğuladı, kiçik ada dövlətləri ilə bağlı fikirlər səsləndirdi.

    Belə ki, dünyada iqlim dəyişikliyinin əsas baiskarı hesab olunan iri sənaye dövlətləri hazırda bu qədər məsuliyyətli çıxışlar etmir, vəziyyətin bir sıra ada dövlətləri üçün necə təhlükəli olduğunu ictimaiyyətə çatdırmırlar. Azərbaycan Prezidentinin isə vacib məsələyə diqqət çəkməsi dünya ictimaiyyətinin də nəzərində olacaq.

    Məhz bu səbəbdəndir ki, Azərbaycanın son zamanlar mövzu ətrafında aktivliyi və göstərdiyi səylər ABŞ Prezidenti Co Baydenin də diqqətindədir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik ünvanlayıb. Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərində problemlərin mövcudluğuna işarə edənlərə ciddi cavab xarakteri daşıyan addım kimi də qəbul oluna bilər. ABŞ bundan sonra da Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını indiki kimi qorumağa davam edərsə, Bakı-Vaşinqton əlaqələri də eyni şəkildə pozitiv xarakter alacaq.
    Azərbaycan Prezidenti çıxışında daha sonra enerji sahəsinin inkişafı, yenilənən enerji istiqamətləri, sürətli inkişafın təmin edilməsi və Azərbaycanın energetika potensialı kimi əsas məqamlara da diqqət çəkib. Danılmaz faktdır ki, dünyada baş verən ekoloji problemlərin, bir sıra fəlakətlərin təməli iqlim dəyişikliyi ilə bağlıdır. Daha əvvəl də dəfələrlə həyəcan təbili çalınmasına rəğmən qlobal sferada hazırkı siyasi status ekoloji problemləri prioritet məsələ kimi ikinci plana atıb. Bu səbəbdən Azərbaycanın belə önəmli məsələyə ciddi diqqət ayırması təqdirəlayiq hadisədir. Bakı Enerji Həftəsində neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislər görüş keçirir, Bakı Enerji Forumu isə enerji siyasətinin bütün seqmentlərini əhatə edir.

    Prezident İlham Əliyev çıxışı zamanı işğaldan azad olunmuş ərazilər barəsində də fikirlər səsləndirib. O, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara verib. Qısa müddət ərzində bu rəqəm 500 meqavata çatdırılacaq.

    Xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda hazırda enerji sahəsində “yaşıl enerji”nin inkişafına ciddi diqqət ayrılır. Bu barədə bir sıra dövlət qurumlarının saytlarında da lazımi məlumatlar öz əksini tapır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılması, Günəş və külək elektrik stansiyalarının qurulması, dənizdə külək və “yaşıl hidrogen” istehsalı layihələri, Batareya Enerji Saxlama Sistemi və külək-elektrik stansiyalarının inşası kimi addımlar bu istiqamətdə atılır. Həmçinin Azərbaycanın bərpaolunan enerji potensialı da genişdir. Ölkəmiz Günəş və külək elektrik stansiyaları ilə ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”ni inkişaf etdirir. Bu addımlar enerji sahəsində “yaşıl enerji”nin geniş yayılmasına və sürətləndirilməsinə kömək məqsədi daşıyır.

     

    Müəllif: Redaktor, 13:49

İsmarıclar bağlıdır.