Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyn

    Suqovuşanın adı çəkiləndə hər birmiz həm sonsuz qürur hissi keçirir, həm də bu torpaq uğrunda qan tökən, şəhid olan oğullarımızı xatırlayırıq. Hər qarışı igidlərimizin qanına boyanan Suqovuşan kəndi 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk ərazilərimizdəndir.
    3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
    Bu gün Suqovuşana yeni həyat qayıdıb. Öz doğma sakinlərinə qucaq açan kənd yenidən tikilib, abadlaşıb. Burada idman yarışları keçirilir, həmçinin Suqovuşan Su Anbarının suyundan ətraf rayonların kənd təsərrüfatı əkinlərinin suvarılmasında istifadə olunur.

    Suqovuşan (işğal dövründə Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşən kənddir. Etimologiyaya görə Tərtər və Torağayçay çaylarının birləşdiyi ərazi olduğu üçün adı Suqovuşandır.
    1943-cü ildə Suqovuşan kəndinə şəhər tipli qəsəbə statusu verilmişdir. 1949-cu ildə qəsəbə ərazisində mebel fabriki, əhəng istehsalı sexi fəaliyyət göstərirdi. 1953-cü ildə orta məktəb açılmışdır. 1970-ci ildə şəhər tipli qəsəbədə 271 nəfər yaşayırdı.
    Sözügedən ərazidə Qarı körpüsü deyilən qədim körpü var. Ermənilər isə bu körpüləri Paravi (tərcümədə qoca qarı) adlandırırdılar. Nəzərinizə çatdırım ki, Ağdərə rayonunda 3 Qarı körpüsü mövcud olmuşdur (Cavid Bağırzadə. Ağdərə IV-XIII əsrlərdə. Bakı 2014. 126 s. s.46). Birinci Qarı körpüsü Sərsəng dərəsində indiki su bəndinin qurulduğu yerdə qalıb. Maraqlı burasındadır ki, əsatir və əfsanələrdə varlı qarının öz şəxsi hesabına inşa etdirdiyi və bəndin altında qalmış o körpü elə etibarlı yerdə tikilib ki, 70-ci illərdə bənd tikilərkən məhz Qarı körpüsünün yerində inşa olunması planlaşdırılıb. Çünki həmin hissədə və ərazidə Tərtər çayının sağ və sol sahili sərt qayalardan və gələcəkdə yol çəkilə biləcək əlverişli coğrafi mühitdən ibarətdir. Bənddən bir qədər cənuba isə Torağay çayının Tərtər çayı ilə birləşdiyi yerdə qədim alban kilsəsi – XII–XIII əsrə aid Yegeş-Arakul məbədi (indiki adı Yerik Manquk (Yerikmatskavank) mövcuddur ki, çar Rusiyası hakimiyyəti dövründə həmin kilsədən 6-cı kalon deyilən həbsxana kimi istifadə edilmişdir. 1980-ci illərin axırlarında, I Qarabağ müharibəsi başlayarkən, Ermənistandan Azərbaycana gələn “saqqallılar” (ermənilər onlara “мstiteli” dəstəsi adını vermişdilər) həmin kilsədən qərargah kimi istifadə etmişdilər. Sərsəng gölünün sağ sahilində Umudlu (I Qarabağ müharibəsindən sonra kəndin adı ermənilər tərəfindən Akanaberd adlandırılmışdır) kəndi ilə üzbəüz Alışan yaşayış məntəqəsi yaradılmışdır ki, həmin məntəqədə əksəriyyəti petensiar müəssisələrində islah olunan və bəndin tikintisində işləyən dustaqlar yaşayırdı.
    İkinci körpü isə Pələng qayası ilə üzbəüz “Cındırlı bulaq” deyilən hidronimin tuşunda mövcud olub, lakin təəssüflər olsun ki, Sərsəng gölünün altında qalıb.
    Üçüncü Qarı Körpüsü isə hal-hazırda Suqovuşan kəndində yerləşir, yaxşı vəziyyətdədir və istifadə olunur.
    Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan 1 su elektrik stansiyası yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri (2016) zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər.
    Suqovuşan su anbarı (işğal dövrü: Suqovuşan su anbarı) —Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su elektrik stansiyası isə 3 mqvt gücə malik-dir. Erməni işğalı dövründə bu stansiyalar “Artsax SES” QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.
    Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Suqovuşan su anbarı yerləşir. Onunla yanaşı olan HES Sovet dönəmində inşa edilib və hə-min dövrdə su anbarı kənd təsərrüfatında suvarma məqsə-dilə də istifadə edilib. 2012-ci ildə “Suqovuşan -1” və “Su-qovuşan -2” kiçik hidroelektrik stansiyaları istismara ve-rilib. Məlumata görə, Suqovuşan su anbarının ümumi tutumu 5 mln m3 təşkil edir.
    Suqovuşan kəndi ərazisində tarix-memarlıq abidəsi qeydiyyata alınmışdır:
    Müqəddəs Yelisey məbədi (4035) – XII əsrə aid Alban məbədi.
    Müqəddəs Yelisey məbədi – Azərbaycanın keçmiş Ağdərə (Mardakert) rayonunun Suqovuşan kəndi ərazisində məbəd kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, iri baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastır kompleksində dəfələrlə yeni-dənqurma və inşaat işləri aparılmışdır.Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olub, sonradan ermənilər tərəfindən dağıdılıb, başqa yerlərə aparılımışdır. (Qarabağın tarixi abidələri – qədim memarlıq).
    Erkən orta əsr tarixçilərinin məlumatlarına görə, Albaniya hökmdarı Mömin III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə bağlıdır. Müqəddəs Yelisey monastır kompleksi bu tikililər arasında xüsusi yer tutur. Həmin kompleksin əsas binası bazilika tipinə aiddir. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında xristianlığı ilk dəfə təbliğ etmiş Müqəddəs Yeliseyin şərəfinə tikilmişdir.
    Kompleksin hal-hazırda mövcud olan qalıqları (baş kilsə, yeddi zəng qülləsi, bir sıra yaşayış və təsərrüfat binaları, habelə güclü müdafiə divarları) daha sonrakı tarixi dövrün tikililəridir. Abidədəki yazılar bunu təsdiq edir. Lakin yazılar arasında elələri də vardır ki, burada qədim tikililərin mövcud olması fikrinin xeyrinə dəlillər verir. Baş kilsənin divarında həkk olunmuş yazıda deyilir: “Mən, arxidyakon Serob bu müqəddəs guşədə əvvəlki özül üzərində müqəddəs apostolun[kilsəsini] tikdirdim”.
    Bu ilkin tikilinin tədqiqi məqsədilə baş kilsənin Şərq divarı yanında arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar nəticəsində xeyli qədim tikinti qalıqları və məişət əşyaları aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Müqəddəs Yelisey məbədi də 8,7 metr uzunluğunda olmuş üçnefli bazilika idi. Məbədin şərq tərəfi nalşəkilli səcdəgah absidası ilə başa çatırdı. Bazilikanın yan neflərinin sonlarında keşiş cübbələrinin saxlandığı yerlər vardır. Məbəd IX – X əsrlərdə dağıdılmışdır.
    ( Azərbaycan tarixi VII cilddə, Bakı, 2007, II cild)
    Müqəddəs Yelisey məbədinin biri də Şəki rayonunun Kiş kəndində yerləşməkdədir. Digər adı da Kiş kilsəsidir. Daha biri isə Oğuz rayonunda yerləşir.

    Türkan Qasımova,
    BDU nun dissertantı

    Müəllif: Redaktor, 10:17

İsmarıclar bağlıdır.