Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Məlum Qarabağ zəfərimizdən sonra Ali Baş Komandan, məğrur liderimiz, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq öz tarixi statusunun bərpasına nail olan Ağdərə rayonunun nadir və qədim tarixini özündə, hər qarışında yaşadan incilərindən biri də Baş Güney kəndidir. Nəzərinizə çatdıraq ki, ümumiyyətlə məlum səbəblərə görə Qarabağın Ağdərəsinin tarixini araşdırmaq, yazmaq kifayət qədər məsuliyyətli və bir o qədər də çətindir. Bu kəndin tarixinin araş-dırılması da mühüm məsələlərdən biridir. Sözügedən məsələni geniş təfərrüatlı araşdıran dəyərli tədqiqatçı Daşqın Güneylidir. Oxucuların nəzərinə çatdırılan məsələlər Daşqın Güneylinin 2013-cü ildə qələmə aldığı “Kəmərin qan yaddaşı” əsərindən bir parçadır ki, bu da qarşıda qoyulan missiyamıza xüsusi bir təkandır.
    Əlavə olaraq, qeyd edə bilərəm ki, Baş Güney kəndinin tarixi haqqında daha bir dəyərli fakt XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan “Qanlı illər” adlı əsəridir. Həmin əsər uzun illərin siyasi təbəddülatlarından keçmiş tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Bu tarixi mənbədə kəndin adı Göynəpay deyə qeyd olunmuşdur. Sözügedən hissəni mənbənin 63-cü səhifəsində qeyd olunduğu kimi diqqətinizə çatdırırıq: “3-cü sahə isə Dağbasar köylərindən ibarət olub əksəriyyətdə varlı və sərvət sahibi olan ermənilərin əlində idi. Bu sahədə islam köyləri fəqət Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət Qərvənd, Xaçın çayı boyunca Şaxavənd, Köynəpay, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi sair dağlıq köylərdən ibarətdir ki, Kolanılar adlandırılmışdır”
    Daşqın müəllimin araşdırmasına görə Baş Güney kəndinin ən yaşlı sakini, dövrün canlı tarixi şahidi Mirzə Hüseyn oğlu Ələkbərovdur. Doğum haqqında şəhadətnaməsində 1905-ci il qeyd olunsa da, onun rəsmi qeydiyyatı hərbi xidmətə çağrılan vaxt əmisinin dəqiq olmayan verdiyi xəyali tarix əsasında yazılıb. Mirzə baba öz böyüklərindən eşitdiyini danışarkən bildirib ki, ailəlikcə yayda yaylaq, qışda isə aran ərazisinə köç etdikləri üçün, Ağdərənin bütün bölgələrini gəziblər. Ona görə də bu rayon ərazisində olan yaşayış məntəqələrinin hamısını yaxşı tanıyır. Onun dediyinə görə, bir zamanlar Ağdərənin böyüklü – kiçikli 83 azərbaycanlı kəndi olub ki, onlardan bir neçəsi çar Rusiyası dövründə tamamilə məhv edilib. Müasir dövrümüzə qədər azərbaycanlıların yaşadıqları kəndlər isə əhali yaylaqda olduğu müddət ərzində ermənilər tərəfindən zəbt edilib. Tarixdə bir neçə dəfə Baş Güney kəndində ermənilər tərəfindən müəyyən faciələr törədilib. Bunlardan biri də 31 Mart-Dünya Azərbaycanlılarının Soyqırımı Günü (1918) ərəfəsinə təsadüf edir. 1988-ci ildən başlayaraq, Qarabağda ermənilərin fəallaşması daha bir faciəyə –Baş Güney faciə-sinə yol açıb. Belə ki, 12 mart 1992-ci il tarixində erməni daşnak terror qrupu Ağdərənin Baş Güney kəndinə basqın edib. Bir neçə kənd sakini amansızcasına qətlə yetirilib. Məlumat üçün bildirək ki, bu kənd uzun illər unudulsa da, 1992-ci ilin mart ayının 12-də mühasirə şəraitinidə 21 nəfər itki verməklə 14 saat ermənilərə müqavimət göstərməklə yaddaşlarda qalıb.
    Sözügedən faciənin şahidi Camal Məmmədov “Report”a açıqlamasında bildirib ki, Baş Güneypəyə kəndinin sakinləri heç bir günahları olmadığı halda bu cür təzyiqlərə məruz qoyulublar.
    Onun sözlərinə görə, 80ci illərin sonundan ermənilərlə azərbaycanlılar arasında bir sıra problemlər daha geniş vüsət almağa başlayıb və ədavət daha da qızışıb: “İş o yerə gəldi ki, Ağdərə rayonunun Baş Güney kəndində özünümüdafiə dəstələri yaratmaq məcburiyyətində qaldıq. Çünki ermənilər artıq odlu silahdan istifadə etməkdən də çəkinmir, azərbaycanlıların yolunu kəsərək qətlə yetirirdilər. Beləliklə, 1988-ci illərdən başlayan hadisələr 1992-ci ilə qədər gəlib çatdı. Həmin ilin mart ayında Baş Güney kəndinə hücumlar daha da intensivləşdi. Özü də kəndə hücum edən ermənilərin çoxu vaxtilə yaxşı münasibətlərimiz olan, ailəliklə tanıdığımız adamlar idi”. (Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində törədilən və haqqında danışılmayan Baş Güneypəyə faciəsi).
    Daşqın Güneyli öz araşdırmalarında yazır ki, əldə edilən tarixi faktlardan da məlum olur ki, erməni qadınlarının işvəsi qarşısında “əriyən” çar Rusiyasının ordu komandirləri, Ağdərə ərazisində olan azərbaycanlı ailələri sıxışdıraraq, həmin kəndlərdən çıxarıblar. Hətta, bəzi hallarda ermənilərin rahat yerləşdirilməsi üçün evlərindən zorla sürüklənərək çıxarılan ailələr belə olub. Onlardan bəziləri, evlərinə ermənilərin yerləşdirilməsi üçün müqavimət göstərdiyi zaman bütün ailə üzvlərilə birgə qətlə yetiriliblər. Ermənilərin rahat yaşamaqlarını təmin etmək üçün bəzi yaxın olan kəndləri isə tamamilə dağıdaraq məhv ediblər. Sonralar dağıdılaraq məhv edilən kəndləri xatırlamaq məqsədi ilə, yerli əhali həmin yerləri “YURDLAR” və ya “YURD YERİ” kimi adlandırıblar.
    1992-ci il 12 mart tarixində ermənilərin kəndi işğal etməsindən sonra, kənd camaatı respublikanın 10-dan çox rayonunda məskunlaşıb.
    Baş Güney sözünün toponimi necə yaranıb, kəndin adındakı “pəyə” sözü hansı anlamda verilib?
    Zaman ötdükcə Baş Güney kəndi müxtəlif adlarla təqdim edilib. Hazırda “Azərbaycan toponimləri” kitabında da kəndin adının düzgün verilməməsinin də şahidi oluruq. Bu barədə bir az sonra ətraflı söz açacağıq.
    Yaşlı nəsil nümayəndələrinin dediyinə görə, kəndin yerləşdiyi yer əvvəllər “Boz Güney” və ya “Ağ Güney” olaraq adlandırılıb. Bu da belə izah edilir ki, yerin bu cür adlandırılması burada olan dağlıq ərazidəki qayaların rənginin ağ və boz rəngli olması ilə əlaqədar olub. Deyilənə görə, yamaclarda olan qayaların üzərində hər zaman ağ mamır olardı. Havanın nəmişlik olduğu zamanlarda isə islanan mamırlar boz rəngdə görünərdi. Bu fikirlər hər nə qədər şifahi olsa da, günümüzdə də ağ mamırlı qayaları və dəyişkən havalarda rəngin dəyişməsinin şahidi olduğumuz üçün, yuxarıda verilən adların doğru versiya olduğuna əmin olmaq olar.
    Bəzi tarixi mənbələrdə kəndin adı “Baş Göyəpay”, “Baş Göyünəpay” kimi də keçib. Təhlillər göstərir ki, kəndin adının bu cür səslənməsi müəyyən bir kökə söykənir. Belə ki, ərazidə yaşayan sakinlər o dövrlərdə öz danışıq ifadələrilə də seçilib ki, bunlardan biri də kürəkənə deyilən “GÖY” ifadəsi olub. Hazırda bu ifadə Borçalı, Qazax, Tovuz və Gədəbəy zonasında daha çox işlədilir. El arasında gəzən fərziyyəyə görə, bir vaxtlar burada yaşayan imkanlı bəylərdən biri bu yeri öz kürəkəninə pay verib. Elə bunun üçün də məkanın adı sonralar “Baş Göyə pay”, və ya “Baş Göyünə pay” kimi səsləndirilib”. Mənası isə “Baş yeznəyə pay” anlamı daşıyır. Bundan da belə qənaətə gəlmək olur ki, Baş Güney kəndinin adının bu versiyası daha doğru variantdır.
    Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra, kəndin adı təhrif olunmağa məruz qalır. Əraziyə gələn ruslar kəndin Baş Göynəpay adını “Baş Güneyfaya” kimi tələffüz edirlər. Bundan sonra o zamankı yerli hakimiyyət kəndin adını rusların tələffüzünə uyğunlaşdıraraq, “Faya” sözünü “PƏYƏ” ifadəsinə uyğun qeyd edirlər. Məhz bundan sonra kəndin adı uzun illər BAŞ GÜNEY PƏYƏ kimi təqdim edilir. Elə yaxın keçmişimizdə də kənd oxşar adlarla təhrif olunaraq təqdim edilib. Ötən əsrin sonlarında –1990-1991-ci illərdə kəndin adı “BAŞ GÜNEY TƏPƏ” kimi təqdim edilsə də, 1992- ci il mart ayının 12-də ermənilər tərəfindən işğal edildikdən sonra, “BAŞ GÜNEY” olaraq, rəsmiləşdirilir.
    Qayıdaq Azərbaycan toponimləri kitabında Baş Güney kəndi barədə verilən məlumata. Yuxarıda qeyd etdiyimiz araşdırmalardan sonra “Azərbaycan toponimləri” kitabında da kəndin adının düzgün verilməməsinin şahidi oluruq. Belə ki, “(Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, “yuxarıda yerləşən Güneypəyə kəndi” mənasındadır [Baş Güneypəyə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.]”
    Gördüyünüz kimi, kəndin adında verilən “pəyə” ifadəsi yaşayış yeri kimi təqdim edilir. Halbuki, Azərbaycan dilində yaşayış yeri “ev”,”koma”, “daxal”, “daxma” kimi sözlərlə ifadə edilir.
    (Ardı var)

    Türkan QASIMOVA,
    BDU-nun dissertantı

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.