Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə rayonun tibb işçilərinin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Bu münasibətlə rayon rəhbəri bütün tibb işçilərinə uzun ömür, cansağlığı və şərəfli peşələrində müvəffəqiyyətlər arzu edib.
Sonra YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Sərxan Cəlahani, xəstəxananın baş həkimi Bəkir Nağıyev və Fizioterapiya kabinetində kabinet müdiri Zəhra Hüseynova çıxış ediblər.
Tədbirdə bir qrup tibb işçisi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.