Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    BİZİM BAYRAMIMIZ

    Milli mətbuatın yaranmasının 149-cu ildönümünü qeyd edirik. Builki bayram xüsusilə önəmlidir. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edilməsi ilə bağlı arzularımız gerçəkləşib. Bu da həqiqətdir ki, 30 ildən artıq davam edən mübarizədə media nümayəndələri əsgər kimi ən qaynar nöqtələrdə olub, qələbəmizin yaxınlaşmasına öz töhfələrini veriblər.
    Qəzetimizin 90 illik yubileyi ilə bağlı cari ilin may ayında rayonumuzda keçirilən geniş tədbirdə də bu barədə səmimi söhbət getmişdi. Əslində bu tədbir yalnız “Yeni Tərtər”in deyil, bütövlükdə bölgə mətbuatının bayramı idi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun dəvəti ilə gələn hörmətli qonaqlar bir qəzetin 90 il ərzində fəaliyyət göstərməsini yüksək qiymətləndirmiş, xüsusən də cəbhə bölgəsində çalışan jurnalistlərin əməyini fədakarlıq adlandırmışlar.
    Bütövlükdə götürəndə isə, jurnalist olmağın özü elə fədakarlıqdır, istər müharibə dövründə, istərsə də indiki dinc şəraitdə. Xüsusən sosial şəbəkələr, elektron media geniş yayıldığı bir zamanda, çap mediasını yaşatmaq getdikcə çətinləşir.
    Biz bunu “Yeni Tərtər”in timsalında da görürük. Maddi çətinliklər bir növ digər məsələləri üstələyir. Bununla belə, mətbuatın dəyərini bilən, onu yaşatmağa çalışan insanlar da az deyil. Biz hər bir abunəçimizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk.
    Son illər mədəniyyətimizin, təhsilimizin rayon qəzetindən ayrı düşməsi ciddi narahatçılıq və təəssüf doğurur. Axı, rayon qəzeti elə mədəniyyətin özüdür, təhsilimizin güzgüsüdür. “Yeni Tərtər”in öz səhifələrində işıqlandırdığı materialların 70-80 faizi mədəniyyətimizə və təhsilimizə aiddir. Deyə bilərlər ki, sosial mediada da bu mövzuda xəbərlər yer alır. Ancaq, hörmətli mədəniyyət və təhsil işçiləri əmindirlərmi ki, yaxın bir neçə ildən sonra həmin yazılara rast gələ biləcəklər?. Rayonumuzun mədəni həyatının tarixini qoruyub saxlayacaqlar?
    Qəzet isə yaşayır və yaşadır. Maraqlısı budur ki, cari ilin ikinci yarısı üçün indiyə kimi nə bir müəllim, nə də mədəniyyət sahəsində çalışan insan abunə yazılmayıb. Yəni onların qəlbində mətbuata maraq, həvəs yoxdur. Halbuki tariximizin 90 ilində biz daim bunun əksini görmüşdük. Qəzetimizin ətrafında olanlar məhz ziyalılarımız idi. Rayon qəzeti onların tribunasıydı və bu güclü vasitədən böyüməkdə olan gənc nəslin tərbiyəsində bacarıqla istifadə olunurdu. Yalnız müəllimlər deyil, şagirdlər də qəzetlə əlaqə saxlayır, məqalələr göndərir və zaman-zaman püxtələşir, ya-zıları ilə bərabər böyüyürdülər.
    Vaxtilə bu qəzetdə məqalələri dərc olunan insanları xatırlayanda indi qürur hissi keçirir, onlarla fəxr edirik. Məsələn, bu yaxınlarda Çilinin ən gənc professoru Şəhriyar Nəsirov haqqında sosail şəbəkədə dərc olunan materialı oxudum. Şəhriyar Tərtərdə məskunlaşan keçmiş məcburi köçkün ailəsində böyüyüb. Məktəb illərindən qəzetimizə böyük marağı olub, sonradan Çilidə yaşayıb, oxuyub. Elə tələbəikən də ilk uğurlarını “Yeni Tərtər”in oxucuları ilə bölüşüb, arzularından danışıb. Bizim qəzet onun üçün doğmadır. Çünki geniş auditoriya qarşısında fikirlərinin açıqlanması məsuliyyətini artırıb, bugünkü həyatına bir növ körpü olub.
    Bu sırada folklorşünas alim Tahir Orucovun, tarixçi Kəma-lə Nəcəfovanın, jurnalist həmkarlarımız Səbuhi Rəhimlinin, Təbriz Vəfalının və onlarca başqasının adlarını çəkə bilərik.
    Bəs indinin uşaqları hansı mənəvi qida ilə böyüyürlər? Sosial şəbəkələrdə nümayiş etdirilən dəhşətli əxlaqsızlıq, cinayətlərin təbliğ edilməsi, insan şüurunun qavraya bilmədiyi meyarlar əsasındamı? Bunların nələrə gətirəcəyini gələcək göstərəcək.
    Biz isə mətbuatımıza, jurnalistlərə doğma münasibət göstərən ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Bu qayğının parlaq təzahürü cari ildə mənim – sadə bir bölgə jurnalistinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin “100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunmağımdır. O medalın mənə təqdim edildiyi anlar həyatımın unudulmaz və xoşbəxt anları idi. Qəzetimizin 90 illik yubileyini unudulmaz tarixə çevirən Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədova və həmin gün kolektivimizlə birgə olan dəyərli qonaqlara, qəhrəman tərtərlilərə sevgimizi çatdırır və inanırıq ki, çətinliklərə baxmayaraq, “Yeni Tərtər” həm Tərtərimizin, həm də bir zamanlar düşmən tapdağı altında olan torpaqlarımızın xoş günlərindən hələ çox yazacaq.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:50

İsmarıclar bağlıdır.