Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl

    Məlum hadisələrlə əlaqədar olaraq, erməni qəsbkarları tərəfindən izi silinməyə məruz qalmış tarixi irsimizdən, özündə böyük bir yaşanılmış əbədi xatirələri ehtiva edən, əsrarəngiz təbiəti ilə göz oxşayan yurdlarımızdan biri də başı təlatümlü İmarət Qərvəndimizdir. İmarət Qərvənd yurdu Ağdərə rayonunun ən gözəl kəndlərindən biridir. Bu kənd Murovdağ silsiləsinin ətəyində, Ağdaban çayının sahilində yerləşir. Kəndi Qarabağda yaşamış “qərvənd” tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti “imarət” (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyni adlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır [“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007].
    Tarixçi alim, dosent Qorxmaz Mustafayevin (yerli sakin) dəyərli araşdırmalarına əsasən vaxtı ilə Qarabağ xanlığının Kolanı elinə, sonra Cavanşir qəzasına tabe olan kəndlərimiz, elimiz İmarət-Qərvənd, Kərəmli, Umudlu, Sırxavənd, Papravənd, Şıxavənd, Almədətli, Baş Güneypəyə, Manik, Narınclar, Qalayçılar, Çərəkdar, Bağlıpəyə və s. olmuşdur. XIX yüzilliyin əvvəllərində Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarının şimal hissəsi işğal olundu və xalqımız, torpaqlarımız iki hissəyə parçalandı. Rusiya işğalı görünməmiş faciələr gətirdi. İşğala bərabər faciələrdən biri də XVIII əsrdə ermənilərin torpaqlarımıza köçürülməsi oldu.
    1823-cü il sənədlərində Kolanı mahalına aid Gərravənd kəndində 61 ailə qeyd edilib. Kənd Allahveys bəyə məxsus olub, Allahveys bəy Mehdiqulu xanla Murov-Göyçə yolu ilə Qacar (İran) dövlətinə-İrəvana qaçdığı üçün onun kəndini, obasını Salman bəylə Ağa bəyə verirlər. Kolanı mahalında, Gərravənddə isə 25 ailə yaşayırdı. 1843-1848-ci illərdə I Gərravənddə 73 ailə, II Gərravənddə 15 ailə, III Gərravənddə isə 11 ailə vergi verirdi, bunlardan əlavə vergi verməyənlər də var idi ki, təəssüf ki, onlar qeyd edilməyib.
    Əhalinin sayı artdıqca və obalar sabitləşdikcə yeni kənd icmaları yaradılırdı. 1886-cı ildə Gərravənd kənd icmasına aid I (birinci) İmarət-Gərravənddə 70 ailə, III (üçüncü) Umudlu-Gərravənddə 45 ailə, Kərəmlidə 28 ailə qeydə alınmışdır. Bu kəndlər artıq Tərtərin sol sahilində, keçmiş Kolanı mahalında qalan kəndlər idi. Digər bir Gərravənd isə “Çıraxlı” ic-ması altında qeydə alınmışdır. Tərtərdən təxminən 10-15 km yuxarıda Çıraxlı icmasına aid I (bi-rinci) Gərravənddə (Hacı-Gərravənd) 91 ailə, Çıraxlıda (Gərravənd) isə 86 ailə qeydə alınmışdır. 1887-ci ildə I Gərravənd-də 121 ailə, II Gərravənddə (Çıraxlı) 48 ailə, III Gərravənddə (Umudlu) 22 ailə, Kərəmlidə 16 ailə yaşayırdı.
    Mənbələrdən göründüyü kimi, I Gərravənd iki yerə bölünmüş, bir hissəsi İmarət-Gərravənd, digər hissəsi Hacı (Acı)-Gərravənd kimi bir-birlərindən fərqləndirilmişdir. II Gərravənd “Çıraxlı” kimi, III Gərravənd “Umudlu” adı altında getmişdir. XIX yüzilliyin ikinci ortalarından Xan-Gərravəndin adı da (Xan-Qərvənd) digər Gərravəndlərlə (Qərvənd/ Qarıvənd/Qaravənd) birlikdə çəkilir.
    Qayıdaq İmarət-Qərvəndə. I Qərvəndə “İmarət” sözü dağılmış Qərvəndləri fərqləndirmək üçün, xanın (İbrahimxəlil xan, Mehdiqulu xan) Tərtər çayının sahilində (Kütüzün düzündə-Qozlu Körpüdən Kəlbəcərə tərəf gedəndə) olan imarətinin adı ilə verilib. 1905-ci ildə İmarət-Qərvənd kənd icması 11 kənddən ibarət idi (indiki Kərəmli, Umudlu, Çərəkdar da ora daxil idi). Kəndlərimiz “çinovnik ağalarına” (Rusiya im-periyasına) arxalanan ermənilər tərəfindən 1905-1907, 1917-1918-ci illərdə də yandırıldı.
    1905-ci il erməni-müsəlman davası başlamazdan əvvəl 3-cü polis sahəsinə aid (Dağlıq ərazi) İmarət-Qərvənd (İmarət-Gərravənd) kənd icmasına 11 kənd daxil olmuşdur.
    İmarət-Gərravənd kənd icmasına aid olan kənd və obalar: İmarət-Gərravənd, Umudlu, Çərəkdar, Kərəmli, Çıraxlı, Ərikli, Kabalar (Qaralar?), Qarabulaq, Qaragözlü (camaat arasında Qaröyüzdü də deyilir), Qayapəyə, Məşədi-Mailli idi. Burada cəmi 986 nəfər tatar (türk, azərbaycanlı) qeydə alınıb.
    Bunlarla bərabər, 1904-cü il xəritəsində “Alıbəyli” kəndi də qeyd edilib, təxminən Qozlu Körpünün yerində və o bölgənin əhalisi üçün maraqlı ola biləcək faktlardan biri də odur ki, təxminən Qozlu istiqamətindən axan suyun (balaca çay) adı “Umudlu çayı”dır.
    1920-ci illərdə isə geri qayıdan nəsillər Kərəmli kəndinin yerində məskunlaşdılar, ona görə də kənd qeyri-rəsmi Kərəmli kimi, rəsmi şəkildə isə İmarət-Gərravənd kimi tanındı.
    1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərəmli. Bundan sonra, Azərbaycan SSR-in 1961-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq, İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur.
    Kənd yandırıldığı günə qədər (24 sentyabr 1991-ci il) keçmiş Ağdərə rayonuna aid idi və rəsmi sənədlərdə əvvəlcə İmarət-Gərravənd, 1988-ci ildən isə İmarət-Qərvənd yazılırdı, ancaq Kəlbəcər çamaatı “Kərəmli” kimi tanıyırdı.
    İndi rəsmi sənədlərdə İmarət-Qərvənd adlı kənd yoxdur, “Çardax(q)lı” və “Kərəmli” adlı kəndlər var.
    Kəndin ətrafı köhnə yurd yerləri və çoxlu qəbiristanlıqlarla dolu idi. Ermənilər bu qəbiristanlıqları adlarına çıxmaq üçün son illər, gizli olaraq, bəzi qəbir daşlarını xaçlı daşlarla əvəz edirdilər.
    İmarət-Gərravənd kənd icmasına bugünkü Sərsəng Su Anbarı ilə Ağdaban kəndi arasında yerləşən Umudlu, Qayapəyə, Zərifli, Seyidlər, Çıraqlı, Qaragözlü, Kərəmli, Qazıxanlı, Rəsilli, Almədədli, Alıbəyli, Ərikli, Bəylik oba və kəndləri daxil olmuşdur.
    Mədət (Madat) Babayanın Qozlukörpü və Çaparda fəaliyyət göstərən erməni terrorçularının içində olması əsas verir ki, onun 1991-ci il sentyabrın 18-də İmarət-Qərvənd kənd sakini 96 yaşlı Zeynəb qarının (Alıyeva) evində yandırılmasında iştirakını iddia edək. Həmçinin sentyabrın 17-dən 24-ə qədər İmarət-Qərvənd (Kərəmli) kəndini yandıran dəstənin içində olması araşdırılmalıdır.
    1991-ci il sentyabrın 17-dən 24-ə qədər gedən qeyri-bərabər döyüşdə İmarət -Qərvənd kəndi yandırıldı. Kənddə sovet ordusunun batalyonu olmasına baxmayaraq, kənd işğal olundu. Hətta iki BMP-ni (PDM) də ermənilərə verdilər, yaxud onlar tərəfindən bizə atəş açmağa başladılar. Bəzi evlər salamat qalmışdı, onlar da elə həmin il dekabrın 23-də tamam yandırıldı və Sovet hökuməti və sovet ordusu “missiyası”nı yerinə yetirdi və tamam yandırılmış kənddən çıxdılar. Artıq Sovet hökuməti də dağılmışdı, onun varisi Rusiya Federasiyası oldu.
    İmarət Qərvənd kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati əra-zisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək, ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. İmarət Qərvənd kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Hazırda Ağdərə rayonunun statusu bərpa edi-lib və bu kənd da Ağdərə rayonunun tabeliyindədir. İmarət Qərvənd kəndi Qarabağ müharibəsi zamanı 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il də 44 günlük Vətən müharibəsində erməni ordusu layiq olduğu cavabla susdurulub və zərərsizləşdirilmişdir. 2023-cü ilin antiterror əməliyyatından sonra isə bütün Qarabağ torpaqlarından terrorçular çıxarılıb.

    Türkan Qasımova,
    BDU-nun dissertantı

    (Davamı növbəti sayımızda)

     

    Müəllif: Redaktor, 10:24

İsmarıclar bağlıdır.