Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq

    1976-cı il. 22 iyun! Mən ilk dəfə doğma diyarımız olan Kəlbəcərə–Uca Tanrının bizlərə bəxş elədiyi möcüzənin–misilsiz müalicə ocağı – İstisuyun görüşünə gedirdim. Günəş şəfəqlərini yaymağa başlayanda mən artıq Ağdərəni keçmişdim. Heyranlıqla sağa-sola baxa-baxa təbiətin mənzərələrini seyr edirdim. Heyrətdən yanaşı əyləşdiyim yol yoldaşımla tanış olub ünsiyyət qurmağı da unutmuşdum. Maraqlı mənzərələr bir-birini əvəz edirdi. Sərsəng yolu, günəş işığına “tamarzı” dərələr, yaşıllığıyla göz oxşayan meşələr, axını ipə-sapa yatmayan Tərtər çayı… təbii ki, bu yerləri ilk dəfə görən hər kəs heyrətlənməyə bilməz. Avtobus irəlilədikcə daha maraqlı mənzərələrin şahidi olurdum, sıldırım qayaların vahiməli duruşunu gördükcə sanki indicə uçacağını zənn edirdim. Nəhayət, günorta olar-olmaz mənzilə çatmışdım. İstisuyun xoş təsir bağışlayan təbiətindən, saya gəlməz qədər əhalinin məmnunluğundan, qeyri millətlərin də bu ocağı tanıyıb istirahət və istifadə etmələrindən qürurlanmışdım.
    Qısaca olaraq ürəyimdən bu misralar gəlib keçmişdi:

    İstisu–yurdumun gözəl neməti,
    Məğrur Dəlidağın səfasısan sən.
    Bir yol qonaq olan unutmaz qəti,
    Çünki milyonların şəfasısan sən.
    * * *

    Növbəti dəfə 1984-cü ilin 25 avqust tarixində yaddaşımda silinməz izlər qoymuş, qəlbimdə xoş xatirələrlə qalmış qocaman ulu dağların görüşünə gedirdim. Səfər çantamda iyirmiyə yaxın şeir kitabı aparırdım. Darıxmayım deyə mənimlə gedən “dostlarımın” sırasında şeirlərini sevə-sevə oxuduğum Sabir Rüstəmxanlının “Xəbər gözləyirəm”, “Gəncə qapısı” və “Sağ ol, ana dilim” kitabları da var idi.
    Görüşə təxminən bir saatdan artıq vaxt qalsa da, xəyalım artıq Dəlidağın zirvələrini dolaşırdı. Mənzilə çatmağa səbri çatmayan həvəskar qələmim bəzi təsvirləri nəzmə düzməyə başlamışdı:

    Səyyah fikir yel qanadlı çapardı,
    Çapıb yaddaşımda tufan qopardı.
    Alıb məni o illərə apardı,
    Xəyalımda xatirələr çözləndi,
    Ulu dağlar, yenə yolum sizdəndi.
    Seyr eləyib qoca Tərtər boyunca,
    Can atıram, həmdəm olaq doyunca.
    Qoşa kəklik hənirimi duyunca
    Sal qayada daşa sindi, gizləndi.
    Ulu dağlar, yenə yolum sizdəndi.
    Yanılmayıb piranilər deyəndə
    Cənnət olur dağlar əlvan geyəndə.
    Loğman bulaqlarda əmlik yeyəndə,
    Sizdə gün firavan, ömür yüzdəndi,
    Ulu dağlar, yenə yolum sizdəndi 
    Arzu qanadında yol gələ-gələ,
    Qədəmim torpağa dəyməmiş hələ
    Pişvaza dayanan çiçəyə, gülə
    İlk salamım, ilk opüşüm gözdəndi,
    Ulu dağlar, yenə yolum sizdəndi.
    Yollar həmən, yaylaq həmən, çöl həmən,
    Göy ormanı yırğalayan yel həmən.
    Elə bil heç dəyişməyib, il həmən,
    Baldırğan qurşaqda, lalə dizdəndi,
    Ulu dağlar, yenə yolum sizdəndi.
    Bir kitabsız Şəmşir düzən sahmana,
    Sədam çatsın Sücaətə, Bəhmana,
    Talıb gəlir, süfrə açın mehmana,
    Ac ruhumun təmənnası sözdəndi,
    Ulu dağlar, yenə yolum sizdəndi.

     * * *
    Bu dəfə də sağ-salamat gəlib mənzilə yetişdim, amma çox şeyləri təsəvvürümdəki kimi görə bilmədim. Məşhur kurortun Azərbaycanımızı tanıtmaq hüququnu hansısa səbəbdən əlindən almışdılar. Yalnız bu deyil, heç ictimai intizama da diqqət əvvəlki deyildi. Nə etməli, başqaları kimi müalicəmlə məşğul olmaq tələbiylə baş-başa idim. Nigaranlığımı biruzə vermək mənasız idi. Odur ki, axına qarışıb səhəri-axşam, axşamı-səhər edirdim.
    Amma ilk günlərdən bir “üçlük” diqqətimi çəkmişdi. Bu, Məmməd Aslan, Sücaət və Sabir Rüstəmxanlı üçlüyü idi. Şairlərlə şəxsən görüşüb həmsöhbət olmasam da, hər gün yaxın məsafədən onların söhbətlərini dinləməklə məşğul idim.
    Bir gün qəsəbənin bir neçə yerində afişalar göründü: Sanatoriyanın böyük klubunda şair Sabir Rüstəmxanlı ilə görüş vəd edirdi bu afişalar. Ürəyimcə olan bu görüşü hədsiz maraqla izləyib məmnun olmuşdum.
    Şair yüzlərlə pərəstişkarı qarşısında çox şeirlər oxudu, çox nöqsanlı məqamlara toxundu.
    Onun ürək yanğısıyla mənəviyyatımıza vurulan zərbələrdən, buna biganəlikdən, gözyummalardan bəhs edən təndiqi iradlarından biri xüsusilə yaddaşımda ilişib qalmaqdadır.
    Şair soruşurdu: Belə əzəmətli, uca dağların arasına, hikmət sərrafların, ustad ozanların diyarına, sazın-sözün beşiyi olan Kəlbəcərə bunca bayağı musiqilər, mənasız, xəcalətverici nəğmələr necə yol tapa bilib. “Çoban və əzrail”i nə qədər eşitmək olar? Köşklərin qarşısından keçmək mümkün deyil, səs-ucaldıcıların əlindən qulaqlarını əlilə tutmağa məcbur olur adam.
    Beləliklə cəmi 24 saat ömrü olan günlər ayrılıq məqamının hökmünü vermişdi. Müvəqqəti müalicə üçün gələn şair qısa müddətdə xeyli insanın diqqətini cəlb edib onların qəlbində rəğbət hissi ucaltmış və Kəlbəcər elində də silinməz izlər qoyub ayrılırdı. Mən də Sabir müəllimin necə təntənəylə yola salınmağının iştirakçısı olmuşdum.
    İllər ötdü, zərurətdən yaranan Meydan hərəkatı belə odlu çıxışların, kəskin şeirlərin, tənqidi yanaşmaların hansısa təmənnadan, populizm iddiasından deyil, qeyrətdən, vicdanın tələbindən, vətənpərvərlikdən qaynaqlandığını isbat elədi.
    Tarixçi şair, ziyalı vətəndaş Sabir Rüstəmxanlı əqidəcə hələ ilk şeirlərini yazarkən xalqın şairi idi.
    Rüstəmxanlı şeiriyyətindən bəhrələnən, deyim tərzindən zövq alan, öz duyumu müqabilində məna kəsb eləyən bir oxucu kimi mən belə deyərdim!

    Talıb Məmmədli,
    İrəvanlı kəndi

    Müəllif: Redaktor, 10:01

İsmarıclar bağlıdır.