Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq

    “Ömrümdə bu qədər sevindiyim, kədərləndiyim və qürurlandığım olmamışdı”

    Mehriban və bağışlayan Allahın adı ilə. Mənim 14 yaşım olarkən, gözəl Şuşamız dövrün hakimiyyət hərc-mərcliyinə görə və vahid Ordu komandanlığının olmaması səbəbi ilə mənfur ermənilər və havadarları vasitəsilə zəbt edildi. Və ardınca da digər uzun illər düşmən tapdağı altında qalmış ərazilərimiz əlimizdən çıxdı. Azərbaycanımızın Xocalı yarası almış ürəyinə bir də belə dağlar çəkildi. Düz 28 il o müqəddəs, o gözəl yurdumuza həsrətimiz başladı. 1994-cü ilin may ayından imzalanan atəşkəs razılaşmasından sonra bir sakitlik dövrü başladı. Əslində isə millətimizin yaxın zamanlarda azadlıq niyyətli bir hazırlıq institutu formalaşırdı. Bu illər ərzində neçə-neçə oğullarımız cəbhə xəttində mənfur düşmənlərin açdığı atəşlə şəhid edildilər. Nəinki hərbi qulluqçular, habelə örüşdə heyvan otaran insanlar, tarlasında çalışan dinc sakinlər və hətta azyaşlı uşaqlarımız o vəhşilərin gülləsinin qurbanı oldular. Ən təəssüflüsü də bu idi ki, özlərini dünyaya sülhsevər, demokratik, insanpərvər kimi tanıdan Avropa, ATƏT və s. gözləri önündə olurdu bütün bunlar. Dəfələrlə silahlı qarşıdurmalar oldu. 2014-2016-cı illərdə hər iki tərəfin itkisi ilə nəticələnən, hətta ağır artilleriyadan da istifadə edilən qısa müddətli döyüşlər baş verdi. Artıq ermənilər özlərinə necə arxayın idilərsə, əlimizdən yeni-yeni bölgələrimizi alacaqları ilə bağlı sərsəm ifadələr işlədirdilər. Artıq onlara hədlərini bildirməyin vaxtı çatmışdı. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən azadlığı mücadiləsi başlandı. Ali səviyyədə aparılan xarici siyasət, ordunun yüksək əhval-ruhiyyədə olması, xalqın bir yumruq kimi birləşməsi zəbtdə olan torpaqla-rımızın 44 günə azad edilməsi ilə nəticələndi.
    * * *
    Bu gün isə o gözəl Vətən torpaqlarına artıq gedə bilirik. Şükür Allahın bu gününə. Bu yaxınlarda bizə də qismət oldu belə bir səfər. O gözəl diyara getmək üçün 4 yoldaş yol hazırlığımızı görüb yola düşdük. Səfərimiz Şuşaya idi. Allah deyib 4 yol ayrıcından Ağdama istiqamət aldıq. Təzəkənd kəndinə yaxınla-şanda məni bir həyəcan bürüdü. Əvvəllər burada bir post vardı. O qədər həsrətini çəkmişdim ki, kaş o postu keçib, o tərəfə – düşmən əlində olan Vətənimə gedə biləydim. İndi budur, artıq o postu keçdik (ləğv edilib təbii ki). Ağdamdan – işğaldan əvvəlki o gözəl, barlı-bərəkətli şəhərdən və kəndlərindən geriyə qalan yalnız dağılmış evlər, sönmüş ocaqlar qalıb. İnsanın ürəyi param-parça olur. Özündən asılı olmayaraq göz yaşlarına sahib ola bilmirsən. Axı kimə, nəyə lazımdır bu mənasız müharibələr?! Çox gözəl yaşadıqları yerdə, ən gözəl, səfalı ərazilərimizdə özlərinə əla şərait qurub, necə deyərlər, səfalı ömür sürdükləri bir vaxtda bu gözəl diyarın sahiblərinə qarşı nankorluq etmək yalnız və yalnız ermənilərə xas olan bir xislətdir! Ağdamdan sonra Əsgərana, oradan da Şəhid Xocalıya keçdik. Sanki gözlərini yumsan ən dəhşətli qırğın gecəsini, kişili-qadınlı, uşaqlı-böyüklü bütöv bir şəhərin və yaxın ərazilərdə yaşayan dinc, silahsız insanların dəhşətli bir şəkildə qətliam olmalarını görürsən! Xocalı soyqırımı Azərbaycanın heç bir vaxt sağalmayan yarası oldu! Nəhayət, gəlib Şuşa yoluna çıxdıq. Sağ olsun sürücümüz Ziyəddin qardaş.
    Çox rahat bir şəkildə qala şəhərə çatdıq. Tərtərdən Şuşaya 2 saata yaxın bir yol imiş. Düz 28 il bu qədər qısa yolu gəlməyə həsrət qalmışdıq. Şəhər sanki sevinir, sanki gülür. Ömrümdə bu qədər sevindiyim, kədərləndiyim və qürurlandığım yadıma gəlmir. 3 hissin bir arada olması bir ayrı şeydir. Bələdçimiz Zahid bizi şəhərlə tanış etməyə başladı (bundan əvvəl nə Ziyəddin qardaş, nə seyid Kamil, nə də usta Ceyhun və nə də mən Şuşada olmamışdıq) İsa bulağı, Daşaltı kəndi, Cıdır düzü və Cıdır düzünün kənarında yerləşən qəbiristanlıqda uyuyan gözəl ədib, rəssam və ictimai xadim Mir Möhsün Nəvvabın qəbri ziyarət olundu. Əlbəttə, hər birinin öz mənəvi ləzzətti var. Ordan qayıdıb Molla Pənah Vaqifin əzəmətli məqbərəsini də ziyarət etdik. Yuxarı Gövhərağa məscidində namazımızı əda etdik. Bir gecə Şuşada qalıb, sabahı Laçına yola düşdük. Maşaalah, çox füsunkar təbiəti var Laçınımızın. Meşələri, dağları, dərələri, hələ Həkəri çayı. Nə gözəlsən Laçın, səni bizdən heç bir qüvvə qopara bilməz! Hərəkət etdikcə meşələrdən, dağlardan axan neçə-neçə bulaqların buz kimi suları da bizi bir ayrı heyran etdi. Laçından geri qayıdıb, Xankəndi şəhərinə endik. Doğrudan da Xanın kəndi, xanın bölgəsidir bura. Qarabağın bütün bölgələri gözəldir. Torpaqlarımızın, ərazi bütövlüyümüzün azadlığı uğrunda Şəhid olan igid oğullarımıza Rəbbimizdən rəhmət və qazilərimizə isə şəfa tapmalarını diləyirik. Allah Vətəni-mizi qorusun İlahi Amin.

    Saleh Ədilov

     

    Müəllif: Redaktor, 10:17

İsmarıclar bağlıdır.