Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq

    Məktəb vaxtı inşa yazardıq: Haradan başlanır Vətən?
    Hər kəs sərbəst mövzuda yazdığı inşasına bir cür başlardı: Kimi ana qucağından deyərdi, kimi ata ocağından, kimi doğulduğu şəhərdən, kənddən.
    Onda hələ torpaqlarımız işğal olunmamış, oğullarımız Qarabağ torpaqları uğrunda şəhid olmamışdı.
    İndi məktəbli olsam, Vətən mənimçün şəhid qanı ilə suvarılmış Qarabağ torpaqlarından başlayır, deyərəm. O torpaqlardan ki, 44 günlük Vətən müharibəsində bu yerləri azad etməklə Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə igid oğullarımız 30 ildən sonra qələbə sevincini bizə yaşatdılar…
    Çoxdan idi ki, işğaldan azad edilmiş torpaqlarımızı ziyarət etmək istəyirdim. Ailəlikcə yolumuza Ağdamdan–vaxtı ilə çal-çagırli, bağbağatlı, qaynar həyatlı, insanları qoçaq, necə deyərlər, “daşdan pul çıxaran” Ağdamdan başladıq. Sonuncu dəfə bu şəhərdə hardasa 28 yaşımda olmuşdum. Yaddaşımda gözəl, çox gözəl bir şəhər kimi qalmışdı, məsçidini ziyarət etmişdim, çörək muzeyində olmuşdum, Pioner evinə (o vaxt pioner evinin direktoru tanınmış musiqiçi, bəstəkar, Qarabağdan çıxmış neçə-neçə sənətkarın ustadı olmuş Murad Rzayev idi) müsabiqəyə uşaq aparmışdıq. Mən də Tərtərdə eyni məkanda kütləvi işçi işləyirdim.
    Əvvələn deyim ki, bu yerlərə çox kövrək hisslərlə qədəm basdım, torpağında, hər daşında Azərbaycan əsgərinin ayaq səsini, atəş səslərini eşitdim, müharibənin ətrafa yaydığı ölümü, fəlakəti, əlilliyi yada saldım. Dağılan yurd yerləri, şəhid məzarlarının üstündə dalğalanan bayraqlarımız çox kövrəltdi məni. Ancaq aparılan tikinti-abadlıq işlərini gördükcə bir daha Prezidetimizlə – Ali Baş Komandanımızla qürur duydum. İnanıram ki, Ağdam insan əlləri ilə yenidən qurulacaq, yenidən əvvəlkindən də gözəl, yaraşıqlı bir şəhərə çevriləcək.
    Haşiyə: Əziz oxucular, ürəyi həmişə Ağdamla döyünən sevimli yazıçımız Aqil Abbasdan sonra Ağdam barədə söz demək çox çətindir və bu, mənə düşməz. Ona görə də Ağdam haqqında təəssüratımı burada saxlayıram.
                                                                         Bu da Əsgəran qalası, Əsgəran şəhəri
    Bu şəhərdə dağıntı çox deyil, ziyarətə gələnlər çoxdur, təşnə, vətən həsrətlilər çoxdur. İnsanlar da, şəhər də çox darıxır doğma sakinləri üçün.
                                                                                      Qalanın tarixi haqqında

    Bildiyimiz kimi ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbaycan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.
    Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir çox abidələr kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib…
    Əsgəran sözünün mənşəyinə gəldikdə isə “Azərbaycan toponimləri. Ensiklopedik lüğət”də toponim XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın (digər məlumata görə Mehrəli xanın) tikdirdiyi Əsgəran qalasının adı ilə əlaqələndirilir. Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir. Qiyasəddin Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki əski – “qədim”, “köhnə” sözündən və Arran etnonimindən ibarət olduğunu yazır. “Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş “Əsgəran” qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran ad-lanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi”.
    Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Meh-rəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və Ibrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərində müəllif qeyd edir: “Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir. (Əslində Əsgəran qalaları 1783–1784-cü illərdə tikilmişdir — qeyd Nazim Axundovdandır.). Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdir. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından ehtiyat üçün böyük oğlu Ibrahim xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə vardır. Düşmən oradan keçib qalaya gələ bilməz.
    Burada da tikinti abadlıq, təmir işləri aparılır. Qaladan baxanda təbiət də, şəhər də, bütünlükdə doğma Qarabağımız gözəl görünür.
                                                                                                          Xocalı şəhəri

    1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya hücumundan sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirdilər.
    28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi – sahə cəsədlərlə dolu idi. Helikopterin vəzifəsi dağlıq zonada enmək və əhalinin kütləvi qətlə yetirildiyi yerlərdən cəsədləri toplamaq idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və təhqir edilmişdir.
    Xocalı soyqırımı erməni vəhşiliyinin kulminasiya nöqtəsi idi.
    Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin dediyi kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu, bu da yaralının öldürüldüyünü sübut edirdi…”.
    Britaniyalı jurnalist Tomas de Vaal baş verən bu dəhşətli hadisəyə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyini yazırdı. O, “Black Qarden” kitabında Serj Sarkisyandan aldığı müsahibəni dərc etməklə bu faktı təsdiqləmişdi. S.Sarkisyan Tomas de Vaala verdiyi müsahibəsində deyib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdi ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ bildik.”
    Beyrutdan olan – soyqırımının iştirakçılarından biri, erməni – David Xeyriyan sonradan çap etdirdiyi “Xaç naminə” kitabında yazırdı: “Martın 2-də meyitlərin yandırılması işini həyata keçirən “Qaflan” adlı erməni qrupu yüzdən çox azərbaycanlı meyiti toplamışdı. Həmin meyitləri Xocalıdan təxminən 1 kilometr aralıda yandırdılar… Bir anlıq yanan meyitlərin içindən birinin çığırdığını eşidər kimi oldum, sanki biri yardım və mərhəmət diləyirdi… Mən bunlardan sonra daha irəli gedə bilmədim, geri döndüm. Digərləri isə xaç naminə savaşlarına davam etdilər.”
    Bəli, bu şəhərdə qulağıma igid oğulların qəhrəmanlığını, əsir düşən qız-gəlinlərin, güllələnən, diri-diri yandırılan, dərisi soyulan, insanlığa sığmayan işgəncələrə məruz qalan, milli mənsubiyyətinə görə öldürülən insanların fəryadı gəldi.
    Haşiyə: Orta məktəbdə oxuyanda müharibənin nə olduğunu Böyük Vətən Müharibəsi iştirakçılarının xatirələrindən, oxuduğumuz kitablardan bilirdik. O zaman hələ məktəbdə oxuyurdum, ”Azərbaycan” jurnalında müharibə ilə bağlı bir yazı dərc olunmuşdu. Yazıda alman faşisti tərəfindən zorlanmış bir qadının bətnində gəzdirdiyi düşməndən olan uşaqla bağlı hissləri, analıq və düşmənə nifrət hisslərinin mübarizəsi verilmişdir. Onun dünyaya gətirəcəyi ilk övladı düşməndən olacaqdı. Bu yazı məni çox sarsıtmışdı.
    Nə bilərdim ki, illər sonra bu faciə bizim azərbaycanlı qızlarının başına gələcək, onlar bu facəni yaşamamaq üçün özlərini qayadan atacaq, saçları ilə özlərini asacaq, olmazın işgəncələrini görəcəklər…
    Hələ torpaqlarımız işğaldan azad olunmadan xeyli öncə bir məqalə yazmışdım, orada belə bir fikir işlətmişdim: “Xocalı faciəsi azərbaycanlı kişilərinin namusunda bir qara ləkədir. Xocalıların qisası alınmayınca, torpaqlar azad olunmayınca bu qara ləkə təmizlənməyəcək.” O vaxt bu fikir bir az ağır səsləndiyi üçün redaktorumuz bu fikri bir az redaktə etmişdi.
    Bu gün isə deyirəm: Çox şükür ki, qisas qiyamətə qalmadı. Ata vəsiyyətini yerinə yetirən Prezidentimizin komandanlığı ilə düşmən üzərində qələbə qazandıq. Bu gün hər bir azərbaycanlı bu qələbə sevincini doya-doya yaşayır.
                                                                                     Mədəniyyət paytaxtımız—Şuşa
    Mənim hər iki nənəm şuşalıdır. Amma nə yazıq ki, mən Şuşanı görməmişdim. Nənəmgil 20 –ci əsrin əvvəllərində erməni-müsəlman davasında Suşadan gəlib Tərtərdə məskunlaşıblar. Nənəmin dayıları isə Şuşanın adlı-sanlı bəylərindən olub. Sarı bəy, Qubad bəy və Hüseyn bəy. Onlar sovet hökuməti qurulana qədər Qalada yaşayıblar, sonra isə qaçaq düşüblər. Nə isə… Bu başqa bir mövzudur.
    Nənəmgilin Şuşada olan evi uzun müddət bağlı qaldığı üçün o vaxt uşaq bagçasına veriblər. Bununla bağlı atam sonralar maraqlananda demişdilər. Bunları yazmaqda məqsədim odur ki, mən Şuşanı görməsəm də, orada yaşamasam da, bu şəhəri şuşa-lılar qədər sevirəm və mənə əzizdir. Nənəm bizə İsa bulağı, Cıdır düzü, Molla Pənah Vaqif, oranın xanəndə-ləri, ermənilərin xəyanəti haqqında o qədər xatirələr danışardı ki…
    Bu da Şuşa şəhəri, Qədim Qala… Neçə-neçə korifey sənətkarın çıxdığı məkan, Pənahəli xanın Vətəni, Azərbaycanımızın musiqi beşiyi… Xarı bülbülün bitdiyi torpaq.
    Əvvəlcə Gövhərağa məscidini, Vaqifin məqbərəsini ziyarət edirik, Xan qızı Natəvanı yada salırıq, Bülbülün ev muzeyindən, Xan Şuşinskidən, Se-yid Şuşinskidən danışırıq.Tarixi abidələrin bərpası istiqamətində aparılan işləri alqışlayırıq.
    Sonra üz tuturuq Cıdır düzünə. İlahi, bu nə gözəllik, bu nə əsrarəngizlik. Bu yerləri qayalara dırmana-raq, əlbəyaxa döyüşlərə çıxaraq, qan tökərək alan Şuşa fatehlərinə eşq olsun!
    Sonra İsa bulağına gəlirik. Yenə nənəm yadıma düşür: Xəstələnəndə həmişə “Nənə, ürəyin nə istəyir ?” – deyəndə, “bir stəkan İsa bulağının suyundan içsəm, tez sağalaram,” – deyərdi. İndi bu bulaqdan nənəmin məzarına tökmək üçün su götürürəm. Artıq gec də olsa, bu mənim özümə bir təskinlikdir.
                                                                                                         Xankəndi şəhəri

    Şəhərin adı onun tarixindən xəbər verir. Qonaq bilib yuxarı başa keçirdiyimiz üzdəniraq qonşularımızı görün harada yaşatmışıq. Azərbaycan Xanının saldığı məkanda, layiq olmadıqları yerlərdə. Onlar da bu gözəl havanı udub, suyu içib, nemətləri yeyib harınlayıb, bizə yersiz torpaq iddiaları qaldırıblar, torpaqlarımızı işğal edib, yersiz gəldi, yerli qaç, deyiblər. Gec də olsa səhvimizi düzəltdik, onlara da, onların himayədarlarına, düşmən dəyirmanına su tökənlərə də yerlərini tanıtdıq.
    Mərkəzi parkı gəzdik. Mən pianoda ifa edə bilməsəm də, ən azından “Azərbaycan” mahnısını çala bildi-yim üçün əyləşdim və nədənsə bunu özümə borc bildim. Bu mahnını mənə uşaq vaxtı çalmağı öyrədən xalama rəhmət oxudum.
    Sonra şəhərin görməli yerləri ilə tanış olaraq, Qarabağ Universitetinə də baş çəkdik. Burada təmir işləri gedirdi.
    Xanın məkanı ilə vidalaşıb üz tutduq Laçına.
                                                                                             Laçınım, Laçınım, Laçınım mənim
    Ruhun şad olsun, Məhəbbət Kazımov. Kaş bu yerlərin azad olunmasını görəydin, o yanıqlı səsinlə Laçında zəngulə vuraydın, Turş suyu dadaydın, Həkəri çayının coşub, axmasına baxaydın.
    Laçını da sevdim. Ulu Öndərin bir-bir rayonlarımızın, şəhərlərimizin adını çəkərək işğal altında olan ərazilərimizə qayıdaçağımızı deməyini xatırladım. Möhtərəm cənab prezidentimiz haqqında ;” Mən ona özüm kimi inanıram”, – deməsi yadıma düşdü.
    Gün bu gündür. Biz də Azərbay-canın milli-mənəvi dəyərlərinə ehtiramla yanaşan, ata vəsiyyətini yerinə yetirən Prezidentimizə qəlbən inanırıq.
    P.S. Geriyə dönəndə yolboyu qulağımda Akif İslamzadənin ifa etdiyi “Bura Vətəndir” mahnısı səslənirdi.
    Bəli, bura Vətəndir, səsim çatandır, ünüm yetəndir.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
    Sizə minnətdarıq, Ali Baş Komandan, doğma yerlərə qayıdışımız üçün.

    Svetlana Əzizova,
    Tərtər-Ağdam-Əsgəran-Xocalı-Şuşa- Laçın

    Müəllif: Redaktor, 11:11

İsmarıclar bağlıdır.