Haradan başlanır Vətən? Belə bir mahnının olduğunu da bilirəm. Öncə bu suala cavab vermək istəyirəm.
Vətən anadan başlayır. Onun dilindən başlayır. Vətən atadan başlayır. Onun nəsihətlərindən, öyüdlərindən başlayır.Vətən anlayışı bu qoşa qanadda təşəkkül tapır.
Bəs vətənpərvərlik? Vətənpərvərlik doğulduğum evdən başlayır. Bu evdən cığırlar ayrılır və sən o cığırlara düşüb böyük yola doğru addımlayırsan. Bəs bu cığırlarda nə var? Burda anamın üzümə toxunan nəfəsi var. Mənə laylay deyən dili var, nəvazişi, şəfqəti, mərhəməti var. Bu şəfqət, mərhəmət, xeyirxahlıq mənim yol yoldaşım olacaq.
Mənim insanlara münasibətim bu dəyərlərlə ölçüləcək. İnsana mərhəmət, torpağa, dilə sevgi. Canlı nə varsa, şəfqətimlə diriliş tapacaq.
Atamın öyüdləri, anamın şirin sözləri mənimlə olacaq və Vətənpərvər kimi yetişəcəm.
Vətənpərvərlik vətənə aid şeirləri əzbərləməklə bitmir. Pafosla vətən sevilmir.Vətən torpağına bir ağac əkməmisənsə və ya əkiləni qorumamısansa, becərməmisənsə, necə deyə bilərsən ki, mən bu ölkənin vətəndaşıyam, mən vətənpərvərəm. Tez-tez özünə sual ver. Mən bu Vətən üçün neyləmişəm, ya da nə etməliyəm sualını…..
Vətən mənə oğul desə. Məncə, vətənin sənə oğul deməyini gözləmə, sən daima hazır olmalısan. Vətənin dar günündə də, şad günündə də yanında olmalısan.
Mən bir neçə cığırla irəlilədim. Uşaqlara qoşulub bağçaya getdim, körpəliyimi yaşadım. Daha sonra orta məktəb illəri və artıq zirvəyə–böyük yola çatdım. Universitet məni kamilləşdirdi, kamil vətəndaş ola bildim…. daha sonra magistratura, Vətənə xidmət, özümü vətənpərvər hesab edib iki kəlmə vətənpərvərlikdən danışmağa üzüm olsun deyə.
Biz gənclərin vətənpərvər kimi böyüməyimiz üçün o qədər örnəklər var ki!
Mənim atam qazidir. Birinci Qarabağ savaşının iştirakçısıdır. Bədənində hələ də yara izləri gəzdirir, elə bil o izlər vətənpərvərliyin imzasıdır. Ona görə də mən vətənpərvərliyi ilk addımlarımdan evimdən, atamın bədənindəki izlərindən öyrənmişəm. Bizim vətənpərvər kimi yetişməyimizdə atamın böyük rolu var. O, sanki vətənpərlik kitabıdır və mən o kitabı hələ də oxuyuram.
Biz vətənpərvərliyimizi isbat etdik. İgidlərimiz oddan-alovdan keçdilər, alınmaz qalaları aldılar, canlarını düşmən güllələrinə sipər etdilər.
Biz sizdən öyrəndik qəhrəmanlığı. Biz sizdən öyrəndik vətənsevərliyi, vətənpərvərliyi.
Vətən mənə oğul deyə bilər.
Əsmər Yusifli